Məhkəmə qərarları › İş №2(5-129)-29/2026

Xocalı Rayon Məhkəməsi Qərardad — İş №2(5-129)-29/2026

12.02.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 2(5-129)-29/2026 12.02.2026 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma, evin boşaldılaraq ona təhvil verilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh öz ailə üzvləri ilə birlikdə 19 dekabr 2025-ci il tarixdə Bakı şəhərində yerləşən Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin inzibati binasında, komissiyanın iştirak ilə açıq püşkatma yolu ilə keçirilən püşkatma nəticəsində ona düşmüş və həmin əsasla ona verilmiş, Xocalı rayonunun Şuşakənd kəndində yerləşən ******* nömrəli evdən çıxarılması, evin tam boşaldılması və ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, o, Laçın rayonunun Güləbird kəndindən məcburi köçkündür. Erməni işğalçılarının torpaqları işğal etməsi nəticəsində 1992-ci ildə Laçın rayonunun Güləbird kəndindən didərgin düşmüş və məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşmışdır. Ölkə rəhbərinin xalqın, xüsusən də məcburi köçkünlərin sosial həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı qəbul etdiyi qərar və sərəncamlarını əldə rəhbər tutaraq, o da mənzillə təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Orada onu evlə təmin ediləcək adamların siyahısına yazmışlar. Bir müddətdən sonra ona bildirilmişdir ki, Xocalı rayonunun Şuşakənd kəndində evsiz məcburi köçkün ailələrinə ev verilir. O, bildirmişdir ki, əgər ona həmin kənddən ev verilərsə, ailəsi ilə birlikdə köçüb orda yaşayar. Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsindən ona deyilmişdir ki, evlər xüsusi komissiyanın iştirakı ilə püşkatma yolu ilə verilir, vaxtı çatanda onu püşkatmaya dəvət edəcəklər. 19 dekabr 2025-ci il tarixdə o, Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə dəvət olunmuşdur. Orada komissiyanın iştirakı ilə açıq şəkildə püşkatma keçirilmişdir. O da püşkatmada iştirak etmiş və püşkatma zamanı ******* nömrəli, 3 otaqdan ibarət ev püşkatma yolu ilə ona düşmüşdür. Püşkatmada çoxlu adam iştirak etmişdir. Sonda komissiyanın sədri nəticələri elan etmiş və bildirmişdir ki, kimə hansı ev düşübsə, o ev həmin şəxsindir, həmin evi ev sahibi olan şəxsin razılığı olmadan heç kim dəyişə bilməz. Sonra da bildirilmişdir ki, evə köçmə vaxtını onlar deyəcəklər. Onu da demişlər ki, bütün köçmə prosesi dövlət hesabına həyata keçiriləcəkdir. Yəni köçmə və həmin evə yerləşmə xərcini dövlət qarşılayacaqdır. Təxminən 23 dekabr 2025-ci il tarixdə ona zəng edib bildirmişlər ki, köçmək üçün əşyalarını toplasın və dövlət tərəfindən ayrılmış maşın təyin edilmiş vaxtda gəlib onun köçünü püşkatma yolu ilə ona verilmiş evə aparacaqdır. 24 dekabr 2025-ci il tarixdə onun köçməyi üçün maşın gəlmiş və onun köç yükünü yığıb aparmışdır. Yolda heç bir səbəb olmadan onun yükünü aparan maşını bir müddət ləngitmiş, lakin sonradan hərəkət etməyinə icazə vermişlər. Şuşakəndə çatanda ona bəlli olmuşdur ki, tanımadığı bir şəxs öz ev əşyalarını ona verilmiş evin zirzəmisinə yığmışdır. Sonradan həmin şəxs gəlmiş və o, səbəbini soruşanda bildirmişdir ki, Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi bu evi ona verib. O, öz etirazını bildirmiş və Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Xankəndi şəhərində yerləşən nümayəndəliyinə gedərək hadisəni danışmışdır. Orada olan nümayəndə demişdir ki, belə bir iş ola bilməz, püşkatma yolu ilə ev kimə düşübsə, ev həmin şəxsə məxsusdur, onun razılığı olmadan ev əlindən alınıb başqasına verilə bilməz. Həmin nümayəndə Bakı ilə danışmışdır. O, danışıb qurtarandan sonra üzünü ona tutaraq demişdir ki, görürsən günahkar onları çıxardırlar və ona deyirlər ki, sən belə etmisən. Ən nəhayət ona demişlər ki, o, getsin, gəlib məsələni yerində həll edəcəklər. Daha sonra o, Şuşakəndə qayıtmışdır. Günortadan sonra Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin həmin nümayəndəsi bir neçə adamla Şuşakəndə gəlmiş və ona demişlər ki, həmin evi o ailəyə o, vermişdir. Həmin ev ona verilməyəcəkdir. Ona özünə başqa ev tapması bildirilmişdir. O da ev əşyaları maşında qalmasın deyə məcburiyyət qarşısında qalıb püşkatma yolu ilə ona düşmüş evinə özbaşına yığılmış Yaşar adlı adamın adına püşkatma yolu ilə düşən ******* nömrəli evə əşyalarını yığmışdır. Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin nümayəndəsi ona demişdir ki, “istəyirsən həmin evi götür, istəmirsənsə başqa ev yoxdur”. Bir sözlə ona demişlər ki, həmin evi ona verməyəcəklər. O, öz etirazını bildirmiş, demişdir ki, bu ev ona qanuni yolla, yəni püşkatma yolu ilə verilib, o, öz evini istəyir. Lakin buna əhəmiyyət verən olmamışdır. Nümayəndə ona demişdir ki, püşkatma yolu ilə Cavabdeh düşən evi ona verirlər, həmin evə yığışa bilər. Yuxarıda qeyd etdiyi kimi o, əşyaları maşında qalmasın deyə həmin evə yığışmışdır. Həmin vaxt ona məlum olmuşdur ki, qanunsuz yolla onun evinə yığışmış Cavabdeh 11 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin inzibati binasında keçirilən püşkatmada iştirak etmiş və Xocalı rayonunun Şuşakənd kəndində yerləşən ******* nömrəli ev püşkatma yolu ilə ona düşmüşdür. Cavabdeh gəlib evə baxmış, lakin xoşuna gəlməmişdir. 19 dekabr 2025-ci il tarixdə isə o, püşkatmada iştirak etmiş, ******* nömrəli ev ona düşmüşdür. Həmin evə dair qaz sayğacı ilə əlaqədar bağlanmış X375/25 saylı, 25 dekabr 2025-ci il tarixli müqavilə və ******* saylı, 25 dekabr 2025-ci il tarixli aktı iddia ərizəsinə əlavə etmişdir. 20 dekabr 2025-ci il tarixdə Xocalı rayonunun Şuşakənd kəndində yerləşən və ona verilmiş həmin evə gedib baxmışdır. Evdə təmir işləri görülmüşdür və orada heç kim yaşamırdı. Bu barədə videogörüntü də çəkmişdir. Püşkatma yolu ilə Yaşar adlı şəxsə düşən ev xoşuna gəlməmiş, müxtəlif kanallar vasitəsi ilə yol tapmış və onun evi xoşuna gəldiyi üçün həmin evə yığışmaq barədə razılıq almışdır. Onun hərəkətləri və ona bu imkanı verən hökumət əməkdaşlarının hərəkətləri tam qanunsuzdur və açıqca insanların hüquqlarının pozulmasıdır. Püşk yolu ilə ona düşmüş evə dair kodu əks etdirən sənəd ondadır və həmin evə dair kod birbaşa bazada onun adınadır. Bu qanunsuzluqlar barədə hara müraciət edirsə də, heç bir müsbət nəticəsi olmur. Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin nümayəndəsi deyir ki, hara gedirsən get həmin ev ona verilməyəcəkdir. İşin mahiyyəti ondan ibarətdir ki, onun evinə qanunsuz yolla yığışmış həmin şəxs püşkatmada iştirak edir, lakin püşk yolu ilə ona düşən evi bəyənmir. Püşk yolu ilə ona düşən ev xoşuna gəlir və özbaşına onun evinə yığışır. Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin əməkdaşları da onun barəsində heç bir tədbir görmürlər. Bu tamamilə özbaşınalıq və qanunsuzluqdan başqa bir şey deyildir. Həmin şəxs hal-hazırda əlində heç bir qanuni sənəd olmadan ona verilmiş evə yığışmışdır. O, həmin şəxsə bildirmişdir ki, yığışdığı ev qanuni əsaslarla ona məxsusdur və ev boşaldılaraq ona təhvil verilməlidir. Lakin o, xahişlərə heç bir əhəmiyyət vermir. Odur ki, belə bir qanunsuzluğun aradan qaldırılması məqsədi ilə məhkəməyə müraciət etməyi məqsədəuyğun hesab edir. Həmin şəxsə verilmiş evdə yaşaması qanunsuzdur və onun hüquqlarının birbaşa pozulması deməkdir. İddia ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizənin məzmunundan göründüyü kimi iddiaçı faktiki olaraq işğaldan azad olunmuş ərazilərdə məcburi köçkün olmuş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin hərəkətlərindən narazıdır. Yəni iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan püşkatma nəticəsində ona düşmüş evin adıçəkilən Komitə tərəfindən başqa şəxsə verilməsindən şikayət edir və bu evin başqa şəxsə - hazırki iş üzrə Cavabdeh verilməsini iddia etməklə sonuncunun həmin evdən çıxarılmasını, evin ona təhvil verilməsini xahiş edir. İddia ərizəsinin məzmunundan da göründüyü kimi Cavabdeh həmin evə özbaşına daxil olmamış, sözügedən mənzil Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən təhvil verilmişdir. Beləliklə, nəzərə alınmalıdır ki, hazırki məsələ inzibati hüquq münasibətləri ilə bağlı mübahisədir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli, 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır; 3.20-ci bəndinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi qaçqınların və məcburi köçkünlərin əvvəlki daimi yaşayış yerlərinə qayıtması problemləri ilə məşğul olur, işğaldan azad edilmiş yaşayış məntəqələrinin, qəsəbə və kəndlərin bərpası, kommunikasiya xətlərinin, avtomobil yollarının, elektrik xətlərinin, su və qaz kəmərlərinin, istehsal sahələrinin, sosial obyektlərin normal vəziyyətə salınması sahəsində işləri müvafiq icra hakimiyyəti orqanları, beynəlxalq, yerli qeyri-hökumət təşkilatları və maliyyə qurumları ilə qarşılıqlı əlaqədə həyata keçirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunda inzibati orqanların fiziki və ya hüquqi şəxslərlə münasibətlərindəki fəaliyyət formaları, eləcə də inzibati orqanların inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı fəaliyyəti həyata keçirərkən nəzərə almalı olduqları ümumi və prosedur prinsiplər, həmçinin inzibati orqanların qanunun tələblərinə ciddi şəkildə bağlı olduqları öz əksini tapmışdır. Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Bundan başqa, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir. Həmin Qanunun 72-ci maddəsinin müddəalarına əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun başqa10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının: 2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir; 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 25-ci bəndinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi inzibati orqandır. MPM-in: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, hesab edirəm ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı, həmçinin iddiaçı tərəfindən Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə rəsmi qaydada müraciət olunması ilə bağlı müvafiq sənədin iş materiallarına əlavə edilməməsi nəzərə alınmaqla iddiaçıya həmin Komitəyə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 153, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddianın yolverilməzliyinə görə İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma, evin boşaldılaraq ona təhvil verilməsi” barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçıya Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xocalı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar