Məhkəmə qərarları › İş №2(5-133)-7/2026

Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №2(5-133)-7/2026

06.01.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(5-133)-7/2026 06.01.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Mən, Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlu, İddiaçı Cavabdeh qarşı “Övladı ilə birlikdə xüsusi təyinatlı yaşayış sahəsinə ümumi istifadə hüququnun tanınması və həmin yaşayış sahəsinə köçürülmə tələbinə dair” iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri Kəlbəcər Rayon Məhkəməsinin binasında məhkəmə iclasından kənar nəzərdən keçirib, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, onun və övladı-04 oktyabr 2023-cü ildə doğulmuş X1 Gəncə şəhəri Yeni qəsəbə- 1500, 10 saylı binanın 36 saylı mənzilinə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin sonunda iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısı belə göstərilmişdir: 1) iddia ərizəsi, iki nüsxədə; 2) şəxsiyyət vəsiqəsinin surəti; 3) uşağın doğum şəhadətnaməsinin surəti; 4) uşağın atalığının müəyyən edilməsinə dair şəhadətnamənin surəti; 5) dövlət rüsumu barədə qəbz; 6) alimentə dair qətnamənin surəti. İş materiallarından görünür ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən: 2) iddiaçının şəxsiyyət vəsiqəsinin surəti- 01 vərəq; 3) uşağın doğum şəhadətnaməsinin surəti- 01 vərəq; 4) uşağın atalığının müəyyən edilməsinə dair şəhadətnamənin surəti- 01 vərəq- təsdiqlənməmiş fotosurətlərdir. Həmçinin, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə əlavə edilən 04 dekabr 2025-ci il tarixli 4977 nömrəli ödəniş qəbzi araşdırılarkən “Elektron məhkəmə” informasiya sistemində dövlət rüsumunun ödənilməsi ilə bağlı məlumat aşkar olunmamışdır. Belə olan halda İddiaçı “övladı ilə birlikdə xüsusi təyinatlı yaşayış sahəsinə ümumi istifadə hüququnun tanınması və həmin yaşayış sahəsinə köçürülmə tələbinə dair” hazırki iddia ərizəsi üçün dövlət rüsumu ödənilməmiş hesab edilir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 149-cu maddəsi ilə müəyyən olunmuş məzmununa riayət edilmədiyindən və müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin: -149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir; o, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır; -149.2-ci maddəsinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat;149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. -149.4-cü maddəsinə əsasən, ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. -150.1-ci maddəsinə əsasən, iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 150.1.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); 150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); 150.1.7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd. -150.3-cü maddəsinə əsasən, iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra: Mülki Prosessual Məcəllə) 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından görünür ki, iddia ərizəsi Mülki Prosessual Məcəllənin 149-cu maddəsinin tələblərinə əməl edilmədən təqdim edilmişdir. Məhkəmə (hakim) iddia ərizəsinə əlavə edilməli olan sənədlərin Mülki Prosessual Məcəllənin 10-1.3 (“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir) və 89.3-cü (yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir) maddələrinin tələblərinə əməl edilmədən əlavə edilməsini məhkəmə icraatının lüzumsuz uzadılmasına səbəb olacağını hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 168.1-ci maddəsinə əsasən, hakim iddia ərizəsini icraata götürdükdən sonra 5 (beş) gün müddətində iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin işdə iştirak edən şəxslərə göndərilməsini və ya rəsmi qaydada verilməsini təmin edir. Belə olan halda Mülki Prosessual Məcəllənin 10-1.3 və 89.3-cü maddələrinin tələblərinə uyğun olmayan sənədləri işdə iştirak edən şəxslərə təqdim edə bilməz. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə (hakim) hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Mülki Prosessual Məcəllənin 152.1.1-ci və 152.1.5-ci maddələrinə əsasən geri qaytarılmalı və göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı “övladı ilə birlikdə xüsusi təyinatlı yaşayış sahəsinə ümumi istifadə hüququnun tanınması və həmin yaşayış sahəsinə köçürülmə tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci və 152.1.5-ci maddələrinə əsasən geri qaytarılsın. İddiaçıya izah edilir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar