Məhkəmə qərarları › İş №2(5-134)-32/2026

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(5-134)-32/2026

09.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(5-134)-32/2026 09.01.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlu, Ərizəçi “vərəsə qismində tanınması, mirasın qəbul edilməsi müddətinin bərpası” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi “vərəsə qismində tanınması, mirasın qəbul edilməsi müddətinin bərpası” tələbi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2013-cü ildə vəfat etmiş X2 vərəsəsi qismində xx.xx.2014-cü il təvəllüdlü X1 tanınması və mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəçi tərəfindən irəli sürülmüş tələblər hüquqi mahiyyətinə görə müxtəlif icraat qaydalarına aiddir. “Vərəsə qismində tanınma” tələbi xüsusi icraat, “mirasın qəbul edilməsi müddətinin bərpası” isə iddia icraatı qaydasında baxılmalı olduğu halda, ərizəçi hər iki tələbi xüsusi icraat qaydasında təqdim etmişdir. Bu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152.1.1, 305–307 və 310-cu maddələrinin tələblərinin pozulmasıdır. Bundan əlavə, tələb olunan torpaq sahəsi artıq üçüncü şəxsə satılmışdır və hazırda iddiaçı həmin əmlak üzərində mülkiyyət hüququnu bərpa edə bilməz. Təqdim edilmiş sənədlərdən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)- 1000/2024 saylı qətnaməsi ilə iddiaçı Ərizəçi cavabdehlər X5 və X4 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi təmin edilmişdir. Lakin cavabdeh X3 apellyasiya şikayəti əsasında Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-1664/2024 saylı qərarı ilə Kürdəmir Rayon Məhkəməsinin həmin qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir. Beləliklə, hazırda ərizəçi həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu bərpa edə bilmədiyindən ərizə həm prosedur baxımından, həm də mahiyyətcə təmin olunması mümkün olmayan tələbdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 305-307-ci və 310-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Ərizəçi “vərəsə qismində tanınması, mirasın qəbul edilməsi müddətinin bərpası” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar