Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(5-137)-193/2026 23.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçı cavabdeh Milli Arxiv İdarəsinə qarşı “əmlak hüquqlarının bərpa olunması” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Milli Arxiv İdarəsinə və qeyrilərinə qarşı “əmlak hüquqlarının bərpa olunması” tələbi barədə iddia qaldıraraq valideynlərindən miras qalmış torpaq sahələri, yaşayış evləri, o cümlədən onların övladları barədə arxiv məlumatlarının təqdim edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “Milli Arxiv fondu haqqında” AR Qanunun 16-cı maddəsinə əsasən Azərbaycan Respublikasının bütün hüquqi və fiziki şəxsləri dövlət arxiv fondu sənədlərindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə Milli arxiv fondu sənədlərindən istifadə edilməsinə məhdudiyyət yalnız dövlət, peşə, kommersiya, şəxsi və ailə sirrinin qorunması məqsədilə və ya şəxsi mülkiyyətdə olan arxiv sənədlərinin mülkiyyətçisinin qərarına əsasən tətbiq edilir. AR NK-nin xx.xx.2023-cü il tarixli 47 nömrəli Qərarı ilə təsdiq olunmuş “Milli Arxiv fondu sənədlərindən istifadə” Qaydalarının 3.1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslərin öz fəaliyyətlərinin icrası, habelə hüquqi və qanuni maraqlarının qorunması ilə bağlı arxiv məlumatının verilməsinə dair müraciətlərində tələb olunan məsələ, mövzu, hadisə, fakt qeyd olunur. Hüquqi şəxslərə müvafiq məsələ, mövzu, hadisə, fakt barədə toplanmış arxiv materialları əsasında hazırlanmış məlumat məktubu, sənədlərin siyahıları, onların surətləri, çıxarışları, fiziki şəxslərə müraciətin mətninə uyğun olaraq arxiv arayışı, arxiv sənədinin çıxarışı və ya surətləri verilir. Qaydaların 3.3-cü bəndinə əsasən fiziki şəxslərin müraciətləri məzmuna görə sosialhüquq, mövzu və genealoji sorğulara bölünür. Sosial-hüquq xarakterli sorğular vətəndaşın hüquqi və qanuni mənafeyinin qorunması məqsədilə ona və ya vərəsəsinə verilən fərdi arxiv məlumatlarının (doğum, ölüm, təhsil, əmək stajı, əməkhaqqı, təltif, hərbi xidmət, məhkəmə işləri və sair barədə) məcmusudur. Mövzu üzrə sorğularda konkret tələb olunan məsələyə dair arxiv məlumatları, məlumat sənədi verilir. Genealoji sorğu iki və daha artıq şəxsin qohumluq əlaqələrinin, ailənin, nəslin tarixinin öyrənilməsi ilə bağlı edilən müraciətdir və arxiv arayışı, genealoji siyahı, genealoji cədvəl verilməklə icra edilir. AR MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 153.2.1.-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyilsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə hesab edir ki, qanunvericiliyə əsasən İddiaçı tələb etdiyi sənədlərin (valideynlərindən miras qalmış torpaq sahələri, yaşayış evləri, o cümlədən onların övladları barədə) mövcud olub olmadığını müəyyən etməkdən ötrü məhkəməyə yox, Milli Arxiv İdarəsinə müraciət etməlidir. “Dövlət rüsumu haqqında” AR Qanunun 8.1.3-cü maddəsinə əsasən iddianın qiyməti 10.000,0 manatdan 100.000,0 manatadək olduqda 120,0 manat və üstəlik 10.000,0 manatdan yuxarı olan məbləğin 0,03 faizi məbləğində dövlət rüsumu ödənilir. AR MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından və qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd əlavə edilmədiyindən İddiaçı cavabdeh Milli Arxiv İdarəsinə və qeyrilərinə qarşı “əmlak hüquqlarının bərpa olunması” tələbi barədə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı cavabdeh Milli Arxiv İdarəsinə qarşı “əmlak hüquqlarının bərpa olunması” tələbi barədə ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı valideynlərinə məxsus olan torpaq sahələri, yaşayış evləri, o cümlədən onların övladları barədə sənədləri əldə etməkdən ötrü Milli Arxiv İdarəsinə sorğu vermək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(5-137)-193/2026
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(5-137)-193/2026
23.02.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver