Məhkəmə qərarları › İş №2(5-141)-68/2026

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(5-141)-68/2026

23.01.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(5-141)-68/2026 23.01.2026 QUSAR RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Səfərli Günel Adil qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qanunsuz zəbt edilməsi, kadastr qeydiyyatının qanunsuz aparılması və hüquqlarının bərpası” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq məhkəmə, Müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İşin halları: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qanunsuz zəbt edilməsi, kadastr qeydiyyatının qanunsuz aparılması və hüquqlarının bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bildirmişdir ki, 17 noyabr 2004-cü il tarixli bələdiyyə qərarı və icarə müqaviləsi əsasında Qusar rayonu İmamqulukənd kənd ərazisində yerləşən 1 hektar torpaq sahəsi ailəmizə 15 il müddətinə icarəyə verilmişdir. Torpaq sahəsinin əvvəlki icarəçisi vəfat etdikdən sonra mən qanuni varisi olmuşam. 07 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının qəbul edildiyi vaxtda qeyd olunan torpaq sahəsi üzrə qüvvədə olan icarə hüququ mövcud idi. 2016-cı il kadastr qeydiyyatından əvvəl, Cavabdeh məxsus torpaq sahəsi Dövlət aktına əsasən mənim icarəyə götürdüyüm torpaq sahəsindən şimal istiqamətində yerləşmişdir. Lakin cavabdeh mənim icarəmdə olan torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş və faktiki olaraq özününküləşdirmişdir. Qonşumuz Cavabdeh bizim qanuni icarəmizdə olan torpağın bir hissəsini zəbt etdiyi üçün biz məhkəməyə müraciət etdik. Qusar rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli (İ, N 2(029)- 155/2018) qətnaməsi ilə Cavabdeh haqsız olduğu təsdiq edildi və zəbt olunmuş torpağın bizə qaytarılması barədə qəti qərar verildi Buna baxmayaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən 07 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasan aparılmış kadastr qeydiyyatı zamanı mövcud icarə müqaviləsı, torpaq sahəsinin hüquqi statusu, cavabdehın torpaq sahəsinı zəbt etməsi faktı nəzərə alınmamış, nəticədə mənə məxsus torpaq sahəsinin koordinatları səhvən cavabdehin adına rəsmiləşdirilmişdir və 2023 cü ildə Çıxarış almışdır. Bu hal Prezidentin 07 mart 2016-cı il tarixli Fərmanımın tələblərinın kobud şəkildə pozulmasıdır. Ona görə də məhkəmədən cavabdeh tərəfindən torpaq sahəsinın zəbt edilməsi faktının tanınmasını, qanunsuz aparılmış kadastr qeydiyyatının etibarsız sayılmasını, Torpaq sahəsi üzrə hüquqlarımın bərpa edilməsini, üçüncü şəxs olan kadastr orqanının məsuliyyətinə hüquqı qiymət verilməsini xahiş edir. Qeyd edir ki, əlavə sənədlər sübut kimi təqdim ediləcəkdir. ƏSASLANDİRMA HİSSƏSİ: Tətbiq edilən hüquq: “Azərbaycan Respublikasının MPM-in 149.2-ci maddəsi: İddia ərizəsində aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin149.3-cü maddəsi :İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 150.1-ci maddəsi: İddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir: Həmin Məcəllənin 152.1.1-ci maddəsi: iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 150.3-cü maddəsi:iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Həmin Məcəllənin 307.1-ci maddəsi: məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsi: Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsi: Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmənin mövqeyi: Mülki Prosessual Məcəlləsinin tələblərindən də görünür ki, iddiaçı iddia ərizəsində 17 noyabr 2004-cü il tarixli bələdiyyə qərarı və icarə müqaviləsi əsasında Qusar rayonu İmamqulukənd kənd ərazisində yerləşən 1 hektar torpaq sahəsi ailəmizə 15 il müddətinə icarəyə verildiyini, həmin torpaq sahəsinin varisi olduğunu bildirsə də, bu faktları-h’min torpağın iddiaçının istifadəsində, sahibliyində, mülkiyyətində olmasını və s. təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, ondan asılı olmayan səbəblərə görə də təqdim edə bilmədiyini iddia ərizəsində göstərməmişdir. İddia ərizəsinə tələbin məhz hansı torpaq sahəsinin olması, torpaq sahəsinin iddiaçıya aid olmasını təsdiq edən, iddiaçı ilə bağlılığını təsdiq edən heç bir sənəd, sübut əlavə edilməmişdir. Həmçinin onu da qeyd edim ki, iddiaçı qeyd edir ki, cavabdeh mənim icarəmdə olan torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş və faktiki olaraq özününküləşdirmişdir. Bu halı təsdiq edən, həmnin torpaq sahəsinin məhz iddiaçıya məxsus olan torpaq sahəsi olmasına dəlalət edən sübut, sənəd də iddia ərizəsinə əlavə edilməmişdir. Bundan başqa Qusar rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli (İ, N 2(029)- 155/2018) qətnaməsi ilə Cavabdeh haqsız olduğu təsdiq edilmiş və zəbt olunmuş torpağın bizə qaytarılmışdır. Qətnamənin əsli və ya təsdiq edilmiş surəti, o cümlədən həmin qətnamənin icra olunması ilə bağlı sənədlər də iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmənin müvafiq tələb üzrə i.ə baxması hazırki vəziyyətdə mümkün deyil. Bundan başqa həmçinin iddiaçı iddia ərizəsində bildirir ki, cavabdehın torpaq sahəsinı zəbt etməsi faktı nəzərə alınmamış, nəticədə mənə məxsus torpaq sahəsinin koordinatları səhvən cavabdehin adına rəsmiləşdirilmişdir və 2023 cü ildə Çıxarış almışdır. Qeyd edək ki, bu barədə müvafiq inzibati orqana müraciət olunması, iddiaçının dediyi “səhvən rəsmiləşdirilən” həmin çıxarış barədə, həmin çıxarışın verilməsinə əsas olmuş sənədlər, həmin torpaq sahəsinin məhz iddiaçıya məxsus olan torpaq sahəsi olması barədə də heç bir sənəd sübut iş materiallarında yoxdur. Bundan başqa həmçinin iddia ərizəsinin” xahiş etdim” hissəsində iddiaçının tələb etdiyi “zəbt edilmə faktının tanınması “tələbi məhkəmənin “iddia icraatı” qaydasında baxa biləcəyi işlər sırasına daxil deyildir. Hər hansısa faktın müəyyən edilməsi “ərizə icraatı qaydasında” Mülki Prosessual Məcəllənin 307-311-ci maddələrinin tələblərinə uyğun olaraq baxılır. Həmçinin iddia ərizəsinin verilməsi üçün tələb edilən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd də iddia ərizəsinə əlavə edilməmişdir. NƏTİCƏVİ HİSSƏ: Odur ki, Məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, iddiaçı tərəfindən verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülik Prosessual Məcəllənin 149-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı izah edilsin ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edilə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Günel Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar