Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(5-155)-510/2026 29.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hаkimi Şirəliyeva Vəfa Zavrulla qızı, Ərizəçi “soyadın dəyişdirilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il təvəllüdlü qızı X2 doğum qeydində dəyişiklik edilərək soyadının “Rüstəmova”dan “Bəhram”a dəyişdirilməsi və buna əsasən yeni doğum haqqında şəhadətnamənin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Ərizəçi ərizə ilə 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət edərək övladı X1 dəyişdirilməsini xahiş etmiş, lakin həmin orqanının 01 dekabr 2025-ci il tarixli, 3- 16-5/8-15-1790/2025 saylı məktubu ilə ərizəçinin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Göründüyü kimi hazırda ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək və 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsini maraqlı şəxs qismində qoyaraq övladının soyadının dəyişdirilməsi öhdəliyinin həmin orqanın üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Halbuki prosessual qanunvericilikdə inzibati orqanların hərkətlərindən və ya hərəkətsizliyindən şikayətlərə mülki məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Belə ki, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan olaraq göstərilmişdir. Hazırki işdə də ərizəçi inzibati orqanın onun ərizəsinin təmin edilməsindən imtinasından narazı qalaraq ərizə ilə məhkəməyə müraciət etmişdir ki, bu növ ərizələrə mülki məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarına əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina olunmalı, ərizə və əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılmalıdır. İddiaçıya izah olunsun ki, soyadın dəyişdirilməsi ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyinə dair iddia ilə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı : Ərizəçi “soyadın dəyişdirilməsi” tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina olunsun, ərizə və əlavə edilmiş sənədlər ərizəçiyə rəsmi qaydada təqdim olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №2(5-155)-510/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(5-155)-510/2026
29.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver