Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(5-160)-178/2026 30.01.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin naturada bölünməsi, naturada bölünməsi mümkün olmadıqda, mənzilin dəyərinin payına uyğun hissədə nağd şəkildə ödənilməsi, bu mümkün olmadıqda paylarının dəyərinin digər mülkiyyətçilərdən alınıb ona verilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “mənzilin naturada bölünməsi, naturada bölünməsi mümkün olmadıqda, mənzilin dəyərinin payına uyğun hissədə nağd şəkildə ödənilməsi, bu mümkün olmadıqda paylarının dəyərinin digər mülkiyyətçilərdən alınıb ona verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan Rusiya Federasiyası, Komi Respublikası, Sıktıvkar şəhəri Salvı küçəsi 29 saylı evin 8 saylı mənzilinə olan onun və uşaqlarının paylarının naturada ayrılıb verilməsi, əgər payların naturada ayrılıb verilməsi mümkün olmadıqda paylarının dəyərinin digər mülkiyyətçilərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı MPM-in 35.1-ci maddəsini əsas götürərək Cavabdeh qeydiyyatda olduğu yer üzrə Şirvan Şəhər Məhkəməsinə müraciət etmişdir. MPM-in 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi paylı mülkiyyətdə olan Rusiya Federasiyası, Komi Respublikası, Sıktıvkar şəhəri Salvı küçəsi 29 saylı evin 8 saylı mənzilinin naturada bölünməsi, naturada bölünməsi mümkün olmadıqda, mənzilin dəyərinin payına uyğun hissədə nağd şəkildə ödənilməsi, bu mümkün olmadıqda paylarının dəyərinin digər mülkiyyətçilərdən alınıb ona verilməsindən barədədir ki, bu iddia da MPM-in 39.1-ci maddəsi üzrə müstəsna aidiyyətin təsiri altına düşür və daşınmaz əşyanın olduğu yerə görə verilməlidir Buna görə də, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya ərazi aidiyyəti üzrə Rusiya Federasiyasının qanunvericiliklə müəyyən olunmuş qaydada səlahiyyətli məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarına əsasən müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; MPM-in 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Qeyd olunan prosessual normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilin naturada bölünməsi, naturada bölünməsi mümkün olmadıqda, mənzilin dəyərinin payına uyğun hissədə nağd şəkildə ödənilməsi, bu mümkün olmadıqda paylarının dəyərinin digər mülkiyyətçilərdən alınıb ona verilməsi ” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya ərazi aidiyyəti üzrə Rusiya Federasiyasının qanunvericiliklə müəyyən olunmuş qaydada səlahiyyətli məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsasən və MPM-in 151-152, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “mənzilin naturada bölünməsi, naturada bölünməsi mümkün olmadıqda, mənzilin dəyərinin payına uyğun hissədə nağd şəkildə ödənilməsi, bu mümkün olmadıqda paylarının dəyərinin digər mülkiyyətçilərdən alınıb ona verilməsi ” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı ərazi aidiyyəti üzrə Rusiya Federasiyasının qanunvericiliklə müəyyən olunmuş qaydada səlahiyyətli məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(5-160)-178/2026
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(5-160)-178/2026
30.01.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver