Məhkəmə qərarları › İş №2(5-160)-30/2026

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(5-160)-30/2026

04.03.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(5-160)-30/2026 04.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasova Nərmin Bəxtiyar qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 ASC “X5 Şəbəkəsi” MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 ASC “X5 Şəbəkəsi” MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh2 ASC “X5 Şəbəkəsi” MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC "X5 Şəbəkəsi" MMC-nin onunla bağlanmış 11 dekabr 2023-cü il tarixli, 73-20/KŞ nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə 11 dekabr 2025-ci il tarixli, 133-20/KŞ nömrəli əmrinin ləğv edilərək onun öz əvvəlki işinə, yaxud ona bərabər tutulan digər işə (vəzifəyə) bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, təxminən 2 il əvvəl - 2023-cü ilin sonlarında özünə münasib bir iş axtararkən Cavabdeh2 ASC “X8 Şəbəkəsi" MMC-də uygun iş olduğunu öyrənib oraya gedərək Şəbəkədə işə durmaq üçün rəsmi müraciət etmiş və həmin MMC-nin direktoru cənab Vüsal Qubadovun 73-20/KŞ nömrəli, 11 dekabr 2023-cü il tarixli “İşə qəbul edilmə barədə” əmrinə əsasən, həmin tarixdən 2 ay sınaq müddəti ilə YSAİ VƏ TX-nin 10/35/6 kv-luq Salyan yarımstansiyasına İV dərəcəli aylıq vəzifə maaşı 660 manat olmaqla növbətçi elektrik montyoru vəzifəsinə qəbul edilmişdir. Bu barədə həm də onunla 11 maddədən ibarət müddətli Əmək Müqaviləsi (kontraktı) da bağlanılmışdır. O, 2 ay sınaq müddətini keçəndən və əvvəlcə Şirvanda, sonra isə Bakıda Tədris müəssisəsində təkrarən verdiyi imtahanlardan sonra çox yüksək nəticə və bal topladığı üçün Baş İdarənin bir neçə tədris kurslarında da iştirakından sonra işə başlamışdır. Həmçinin, o, bütün xidmət illəri ərzində son günədək həmişə qəza məşğələlərində və təlim kurslarında da fəal iştirak etmişdir. Əmrlə verilmiş sınaq müddətində isə TX-nin 110/35/6 kv-luq Salyan yarımstansiyasında İV dərəcəli növbətçi elektrik montyoru kimi işə çıxmışdır. Beləliklə də o, tam 1 il 7 ay müddətində həmin xidməti vəzifəsində can-başla çalışaraq öz nümunəvi və vicdanlı əməyi və fəaliyyəti ilə müdiriyyətin və iş yoldaşlarının etibarını və etimadını qazanmaqla, heç bir nə xidməti, nə də fərdi elementar qüsura belə yol vermədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan əmək müqaviləsi üzrə işçidən tələb olunan bütün əsas vəzifələrini layiqincə yerinə yetirməklə əmək qanunvericiliyinin tələblərinə də sözsüz əməl etmişdir. 2025-ci il iyun ayının 11-də isə nə qədər qəribə və paradoksal olsa da, ona əvvəlcədən heç bir məlumat və xəbərdarlıq edilmədən "xxxx" 11 iyun 2025-ci il tarixli, 60-20/KŞ nömrəli müvafiq əmrinə əsasən, təxminən il yarım əvvəl onunla bağlanan məlum əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən, həmin tarixdən xitam verilmişdir. (Əmrlərin surətləri əlavə olunur). Doğrusu, o, gözləmədiyi bu qəfil əmrdən sanki şoka düşüb çox çətin bir zamanda ailəsinin çıxılmaz vəziyyətini, saysız-hesabsız problemlərini dəfələrlə rəhbərləyin nəzərinə çatdırsa da, bunun heç bir əhəmiyyəti olmamışdır. Nə qədər gülünc və qəribə görünsə də, ona cavablarında cənab direktor və kadrlar şöbəsi bildirmişlər ki, onun işdən çıxarılmağı üçün göstərişi şəxsən cənab Natiq Abbasov vermişdir - “Azərenerji" ASC-nin İnsan Resursları və Xidmət Departamentinin rəisi. Səbəbini isə ona deməmişlər. Belə olan halda o, naəlac qalıb 27 iyun tarixində Respublika Rəhbərliyinə, “Azərenerji" ASC-nin prezidenti cənab B.Rzayevə və Respublika X6 Xidmətinə şikayət ərizəsi ilə müraciət etmişdir. X6 Xidməti müraciətinə Regional Şöbədə baxaraq onun işdən çıxarılmağı prosedurunda sözügedən MMC-nin bir sıra əmək qanunvericliyinin pozulması hallarını aşkar etmişdir. O cümlədən, məsələn, onunla ilk dəfə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci ildə xitam verilərkən, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuş və qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdarlıq bildirişi bu və ya digər formada ona təqdim edilməmişdir. Daha sonra Xidmətə təqdim edilmiş sənədlərdən (tabel və əmək haqqı cədvəlləri) müəyyən olunmuşdur ki, o, razılığı olmadan iş vaxtından artıq işlərə cəlb olunmuşdur. Belə ki, 2025-ci il üçün iş vaxtı normasının və istehsalat təqviminin təsdiq edilməsi haqqında Nazirliyin Kollegiyasının müvafiq tarixli və nömrəli Qərarına uyğun olaraq işlədiyi aylar üzrə iş vaxtı normasının uçotu düzgün aparılmamışdır və s. Məhz bu səbəbdən də göstərilən ciddi qanun pozuntularına yol verdiklərinə görə işəgötürən barəsində Azərbaycan Respublikası İXM-nin müvafiq maddələrinə uyğun olaraq inzibati xəta haqqında tərtib edilmiş protokol əsasında iş üzrə icraat başlanılmış və həmin inzibati xəta haqqında işə xx.xx.2025-ci il tarixdə baxılaraq, cavabdeh - işəgötürən barəsində inzibati cərimənin tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. (DƏMX-nin Regional Şöbəsinin, ərizəyə əlavə etdiyi ona verilən cavab məktubunda bunlar ətraflı şərh və izah edilmişdir). Bütün bunların nəticəsi olaraq o, 2025-ci ilin sentyabr ayında yenidən X7 tərəfindən (təbii ki, həm də Azərbaycan Respublikası DƏMX-nin X2 onun işi əlaqədar qəbul etdiyi müvafiq qərarına əsasən) əvvəlki iş yerinə çağırılmış və yenidən "xxxx" MMCnin direktorunun növbəti xx.xx.2025-ci il tarixli, 104-20/KŞ saylı əmrinə əsasən, öz əvvəlki işinə bərpa edilmişdir. Elə həmin gündən də işə çıxıb əvvəlki templə və qaydada normal iş fəaliyyətinə davam etmişdir. Lakin bu dəfə növbəli iş rejiminə keçmişdir. Hamı kimi artıq o da növbəli iş rejimində idi. Amma bütün bunlara baxmayaraq ona müəyyən yerlərdən siqnallar çatdırırdılar ki, gec-tez onu işdən çıxaracaqlar. Çünki mövcud qanunların tələblərinə əsasən, onun etdiyi şikayətlərə görə öz işinə qaytarılmağı, təbii ki, rəhbərliyə xoş gəlməmişdir. Və nəhayət, necə deyərlər, həmin "qara gün" gəlib çatmışdır. Ünvanına göndərilmiş 25 noyabr 2025-ci il tarixli xəbərdarlıqla ona bildirilmişdir ki, onunla bağlanmış müddətli əmək müqaviləsinin müddəti bitdiyi üçün əmək müqaviləsinə xitam veriləcəkdir. Xəbərdarlıqdan düz 16 gün keçmiş cənab direktorun onunla bağlı növbəti, həm də sonuncu 133-20/KŞ - saylı, 11 dekabr 2025-ci il tarixli əmrinə əsasən, onunla xx.xx.2023cü il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən, 11 dekabr 2025-ci il tarixindən xitam verilmişdir. O, hələ məlum xəbərdarlığı aldıqdan 3 gün sonra hərtərəfli çıxılmaz vəziyyətdə qaldığını görüb ASC-nin prezidenti cənab Balababa Rzayevə rəsmi qaydada teleqram vuraraq ona düşdüyü vəziyyəti və ona qarşı olan bu haqsızlıq və qərəzliliyi ətraflı bildirməklə barəsindəki əmrdən şikayət də etmişdir. O, bu dəfə də birinci dəfə işdən sonra etdiyi qaydada, yenə də Şəbəkə rəhbərliyinə nə baş verməsi və niyə, nə səbəbə işdən çıxarılması ilə əlaqədar sorğu edərkən, yenə də ona cavablarında bildirmişlər ki, onun işdən çıxarılması üçün əmri 6 ay əvvəlkitək Cavabdeh2 ASC-nin İnsan Resursları və Xidmət Departamentinin rəisi Natiq Abbasov vermişdir. Rəhbərlik bu dəfə də məlum olayın səbəblərini ona bildirməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Mülki iş üzrə tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək yuxarıda göstərilən məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onun işlədiyi vəzifə müəsissənin daimi ştat vahididir. İş mövsümi layihə və ya müvəqqəti xarakter daşımamışdır. Müəsissənin fəaliyyəti davamlıdır və o, fasiləsiz şəkildə eyni vəzifədə çalışmışdır. Buna baxmayaraq, onunla müddətli əmək müqaviləsi bağlanılmışdır. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə əsasən daimi xarakterli işlər üçün əmək müqaviləsi müddətsiz bağlanılmalıdır. Müqavilə bir neçə dəfə (24 ay) uzadılmış, əmək münasibətləri fasiləsiz davam etmişdir. Bu isə onu göstərir ki, əmək münasibətləri faktiki olaraq müddətsiz xarakter daşımışdır. Onunla bağlanılmış müqaviləyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin müddətin bitməsi əsası ilə xitam verilməsi hüquqa uyğun deyil. Çünki müddət formal xarakter daşımış, iş isə daimi olmuşdur. Məhkəmə təcrübəsində də göstərilir ki, daimi xarakterli iş üzrə formal olaraq müddətli müqavilə bağlanılması onun hüquqi mahiyyətini dəyişmir. Faktiki vəziyyət göstərir ki, onunla bağlanılmış ardıcıl müddətli müqavilələr müddətsiz əmək münasibətləri yaradır. Buna görə də Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə işdən azad edilməsi qanunsuzdur. Əgər iş daimi ştat vahididirsə və müəssisənin fəaliyyəti davamlıdırsa, bu halda müddətli müqavilənin hansı obyektiv əsası olmuşdur? Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC “X5 Şəbəkəsi” MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddia tələbi tam əsassızdır. Belə ki, ilkin olaraq, İddiaçı onunla bağlanmış müddətli əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixdə bitdiyi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyi barədə işəgötürən tərəfindən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu ünvanlanmışdır. Həmin məktub şəxsən xx.xx.2025-ci il tarixdə İddiaçı tərəfindən imza edilərək qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73cü maddənin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Daha sonra "xxxx" MMC-nin 133-20/KŞ saylı, xx.xx.2025-ci il tarixli əmri ilə İddiaçı ilə xx.xx.2023-cü il tarixdə bağlanmış müddətli əmək müqaviləsinin müddətinin bitdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, müddətli əmək müqaviləsinə xitam verilərək işəgötürən tərəfindən Əmək Məcəlləsinin tələblərinə riayət edilmiş və işçinin heç bir hüququ pozulmamışdır. İkincisi, işəgötürənin Əmək Məcəlləsi ilə müəyyən edilmiş hüquqları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11ci maddəsinin 1-hissəsinin “b” bəndinə əsasən işəgötürənin hüquqlarından biri kimi Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrinə xitam vermək nəzərdə tutulmuşdur. Hazırki iş üzrə cavabdeh “X5 Şəbəkəsi” MMC işəgötürən kimi əmək qanunverciliyində nəzərdə tutulmuş hüquqlarından istifadə edərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermiş və bu zaman əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmuşdur. Bu hal hüquqdan sui-istifadə hesab edilmir və işəgötürənin qanunvericilikdə müəyyən edilmiş əsas hüquqlarından istifadə kimi qiymətləndirilməlidir. Üçüncüsü, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.4-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, onun işinin daimi xarakterdə olduğu qabaqcadan bəlli olduğuna görə işəgötürən tərfindən onunla müddətsiz əmək müqaviləsi bağlanılmalı idi. Lakin əgər iddiaçı işə qəbul üçün müraciət edən zaman onun işinin daimi xarakterə malik olduğunu hesab edirdisə, onda o, həmin vaxt işəgötürəndən onunla əmək müqaviləsinin müddətsiz bağlanılmasını tələb edə, hətta öz işə qəbul olunma barədə ərizəsində bu halı xüsusilə vurğulaya bilərdi. Halbuki, iş materiallarına əlavə edilmiş iddiaçının "xxxx" MMMC-nin direktoruna ünvanladığı xx.xx.2023-cü il tarixli işə qəbul ərizəsindən görünür ki, iddiaçının belə bir istəyi və ya tələbi olmamışdır. Hətta, müəssisədə işlədiyi 2 ildən çox müddət ərzində iddiaçı bu barədə işəgötürənə hər hansı yazılı müraciət etməmişdir. Bu hal müddətin bitməsinə görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi faktı ortaya çıxdıqdan sonra iddiaçı tərəfindən hüquqdan açıq-aşkar sui-istifadə edilməsi kimi qiymətləndirilməlidir. Digər tərəfdən, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndindəki “bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla” qeydi bir daha onu deməyə əsas verir ki, hətta işçinin yerinə yetirdiyi iş daima xarakterə malik olsa belə, müqavilə bağlanarkən tərəflərin qarşılıqlı razılığına (ƏM-nin 47-ci maddəsinin “f” bəndi) əsaslanan iradə ifadəsi qanunla heç bir halda məhdudlaşdırılmamışdır. Məhz buna görə də tərəflərindən iddiaçı ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi rəhbər tutulmaqla bağlanılmışdır və bu barədə qeyd tərəflərin imzaladığı əmək müqaviləsinin 2.2-ci bəndində də göstərilmişdir. Azərbaycan Respublikası Konustitusiya Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı Qərarda qeyd olunmuşdur ki: “İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olubolmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.” Məhkəmənin nəzərinə onu da çatdırmaq istəyirlər ki, cavabdeh "xxxx" MMC-nin fəaliyyətinin spesifikliyi nəzərə alınaraq, MMC ilə bütün işçilər arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Yəni iddiaçının ərizəsində qeyd etdiyi kimi ona qarşı hər hansı ayrı-seçkilik və ya qərəzli münasibətin olduğu həqiqəti əks etdirmir. Göründüyü kimi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət olunmuş, işçiyə qabaqcadan bildiriş verilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi onun nəzərinə çatdırılmış, müqavilənin müddəti bitdikdə isə müqaviləyə xitam verilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC “X5 Şəbəkəsi” MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, İddiaçı iki ay sınaq müddəti olmaqla, xx.xx.2023-cü il tarixdən Cavabdeh2 ASC “X5 Şəbəkəsi” MMCdə növbətçi elektrik montyoru vəzifəsinə qəbul edilmişdir. Qeyd olunan müqavilə digər işçilərlə olduğu kimi 3 aylıq müddətə bağlanmışdır. Belə ki, müəssisədə işçilərlə bağlanılan müddətli əmək müqavilələri 5 ilədək hər üç aydan bir yenilənir, 5 ildən sonra isə müddətsiz əmək müqaviləsinə keçir. Hazırda iddiaçı işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar işdən azad olunmuşdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Cavabdeh2 ASC “X5 Şəbəkəsi” MMC-nin 73-20/KŞ nömrəli, xx.xx.2023-cü il tarixli “işə qəbul edilmə barədə” əmrindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən 2 (iki) ay sınaq müddəti ilə YSAİ və TX-nin 110/35/6 kv-luq Salyan yarımstansiyasına İV(dörd) dərəcəli (aylıq vəzifə maaşı 660,00 manat) növbətçi elektrik montyoru vəzifəsinə qəbul edilmişdir.

8. Cavabdeh2 ASC “X5 Şəbəkəsi” MMC-nin 60-20/KŞ nömrəli, xx.xx.2025-ci il tarixli "xxxx" əmrdən görünür ki, İddiaçı MMC-nin YSAİ və TX-nin 110/35/6 kv-luq Salyan yarımstansiyasının növbətçi elektrik montyorunun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2025-ci il tarixdən xitam verilmişdir.

9. Cavabdeh2 ASC “X5 Şəbəkəsi” MMC-nin 104-20/KŞ nömrəli, xx.xx.2025-ci il tarixli “işə bərpa edilmə barədə” əmrindən görünür ki, İddiaçı YSAİ va TX-nin 110/35/6 kv-lıq Salyan yarımstansiyasında İV(dörd) dərəcəli növbətçi elektrik montyoru vəzifəsinə bərpa edilmiş və ona xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək "Əmək və məşğulluq” altsisteminden xitam əmri etibarsız hesab edilən dövrə qədər məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi və xx.xx.2025-ci il tarixdə işdə hesab edilməsi əmr edilmişdir.

10. Cavabdeh2 ASC “X5 Şəbəkəsi” MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı onunla bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdə bitdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdar edilmişdir.

11. Poçt göndərişinin verilməsi barədə xəbərnamədən görünür ki, X5 Şəbəki MMCnin xx.xx.2025-ci il tarixli xəbərdalığı İddiaçı xx.xx.2025-ci il tarixdə çatdırılmışdır.

12. Cavabdeh2 ASC “X5 Şəbəkəsi” MMC-nin 133-20/KŞ nömrəli, xx.xx.2025-ci il tarixli “Əmək müqaviləsinə xitam verilməsi harədə” əmrindən görünür ki: 1. "X5 Şəbəkəsi" MMC-nin X1 və Təmiri xidmətinin 110/35/6 kv-uq Salyan yarımstansiyasının növbətçi elektrik montyoru vəzifəsində çalışan İddiaçı ilə 11 dekabr 2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə həmin müqavilənin 9.1-ci bəndinə və Azərbaycan Respublikasının Əmək Məcəllasinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən 11 dekabr 2025-ci il tarixindən xitam verilməsi; 2.Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə müvafiq olaraq xx.xx.2024-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər olan dövr üçün istifadə edilməmiş 8 (səkkiz) təqvim günü əmək məzuniyyətinin əvəzinə pul kompensasiyası hesablanaraq işçinin son haqqhesabının aparılması; 3.İşçinin əmək kitabçası və bu əmrin surətinin işçiyə təqdim edilməsi; 4.Kadrlar üzrə mütəxəssis Z.Məmmədov və baş mühasib əvəzi S.Həsənova bu əmrin icrası ilə əlaqədar zəruri işlərin görülməsinin təmin edilməsi əmr edilmişdir.

13. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı ilə Cavabdeh2 ASC “X5 Şəbəkəsi” MMC arasında əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 3 ay müddətinə müddətli bağlanmışdır.

14. Cavabdeh2 ASC “X5 Şəbəkəsi” MMC-nin müəssisədə elektrik montyoru vəzifəsinə qəbul edilən digər işçilərlə bağladığı müqavilələrdən görünür ki, həmin müqavilələr 3 aylıq müddətə bağlanmaqla müddətli müqavilələr olmuşdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 3 aylıq müddətə müddətli əmək müqaviləsi bağlanmış, iddiaçı Cavabdeh2 ASC “X5 Şəbəkəsi” MMC-də İV(dörd) dərəcəli növbətçi elektrik montyoru vəzifəsinə təyin olunmuşdur. xx.xx.2025-ci il tarixdə iddiaçı onunla bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdə bitdiyi üçün əmək müqaviləsinə xitam veriləcəyi barədə işəgötürən tərəfindən xəbərdar edilmişdir. Bundan sonra Cavabdeh2 ASC “X5 Şəbəkəsi” MMC-nin xx.xx.2025-ci il tarixli əmrinə əsasən iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə 11 dekabr 2025-ci il tarixindən əmək müqaviləsinin müddətinin qurtarması ilə tutduğu vəzifədən azad edilmişdir. Hazırda iddiaçı həmin əmri qanunsuz sayaraq onun ləğv olunması üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edir.

c)Mülki iş üzrə tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 3. Hissə 5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Maddə 11-ci maddə. Hissə İ, b) bəndi. Əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Maddə 45. Hissə İ. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45. Hissə İ. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Maddə 45. Hissə İV. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 45. Hissə V. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 47, f) bəndi. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Maddə 68. Hissə İİ, b) bəndi. Əmək müqaviləsinin müddətinin qurtarması Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Maddə 73. Hissə İ. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli qərarında hüquqi mövqe belə olmuşdur ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4-cü maddə. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

d) Məhkəmənin mövqeyi:

19. Məhkəmə qeyd edir ki, tərəflərin qarşılıqlı razılığı əsasında aralarında xx.xx.2023cü il tarixdə müddətli əmək müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsaslanaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam vermişdir. İddiaçı hazırki iddia tələbini əsaslandırarkən iki hala istinad etmişdir – 1) işin daimi xarakteri ilə əlaqədar onunla müddətli əmək müqaviləsinin bağlanmasının qanunsuz olması və 2) onunla bağlanmış əmək müqaviləsinə qərəzli olaraq xitam verilməsi.

20. Məhkəmə ilkin olaraq qeyd edir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi, qanunverici bu halda Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən halları istisna etmişdir. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə görə, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Normaların məzmunundan göründüyü kimi, əgər tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı varsa, işin və ya göstərilən xidmətin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda belə əmək müqaviləsinin müəyyən müddətə bağlanması mümkündür.

21. Digər tərəfdən, hazırkı işdə, Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndində göstərilən qarşılıqlı razılığın iddiaçının iradəsini ifadə etmədiyini özündə ehtiva edən heç bir sübut yoxdur. Əksinə, işdən görünür ki, tərəflər arasında əvvəldən qarşılıqlı razılığa əsasən müddətsiz deyil, müddətli əmək müqaviləsi bağlanmış və iddiaçı, həmin müqaviləyə əsasən 11 dekabr 2025-ci il tarixədək cavabdeh təşkilatda işləmiş və ötən müddət ərzində onunla bağlanmış müddətli əmək müqaviləsini mübahisələndirməmişdir. Yalnız əmək müqaviləsinin müddəti bitdikdən və bu əsasla işəgötürən onunla bağlanmış əmək müqaviləsinə xitam verdikdən sonra hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir.

22. Beləliklə, iş materiallarından görünür ki, iddiaçı, cavabdeh təşkilatda fasiləsiz olaraq 5 ildən artıq müddətə işləmiş və əmək müqaviləsi müddətsiz hesab edilən işçi deyil. Tərəflər arasında bağlanmış əmək müqaviləsi işçinin və işəgötürənin razılığı əsasında ilkin iki ayı sınaq müddəti olmaqla üç ay müddətinə bağlanmış, sonradan da eyni müddətə uzadılmışdır. xx.xx.2025-ci il tarixdə isə iddiaçı onunla bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdə bitdiyi üçün əmək müqaviləsinə xitam veriləcəyi barədə işəgötürən tərəfindən qanunamüvafiq qaydada xəbərdar edilmiş və xx.xx.2025-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə tutduğu vəzifədən azad edilmişdir. Göründüyü kimi, iddiaçının əmək müqaviləsi üzrə cəmi 2 il fasiləsiz əmək stajı olmuş və o, əmək müqaviləsinin müddətsiz hesab edilməsi üçün zəruri fasiləsiz 5 ildən artıq əmək stajına malik olmamışdır. Beləliklə, tərəflərin qarşılıqlı razılığına əsasən müddətli əmək müqaviləsinin bağlanması qanunvericiliyin tələblərinə uyğun olduğundan, müddətin bitməsi ilə əlaqədar bu əmək müqaviləsinə xitam verilməsi də qanuni hesab edilməlidir.

23. Məhkəmə, həmçinin, bildirir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər.

24. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı onun əmək müqaviləsinə qərəzli olaraq xitam verildiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə, sübutetmə yükü üzərinə düşən iddiaçının iddia tələbinin müdafiəsi ilə bağlı gətirdiyi bu arqumentini də əsaslı hesab etmir.

24. Məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi hissəsində əsassız hesab olunduğu üçün prosessual qənaət prinsipini nəzərə alaraq əlavə araşdırma aparmadan digər tələblər – işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının verilməsi barədə tələblər də əsassızdır və təmin edilməməlidir.

Nəticə hissə:

25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ :

İddiaçı Cavabdeh2 ASC “X5 Şəbəkəsi” MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Nərmin Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar