Məhkəmə qərarları › İş №2(5-165)-25/2026

Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(5-165)-25/2026

13.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(5-165)-25/2026 13.01.2026 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Yardımlı rayon Mərkəzi Xəstəxanasına qarşı «əmək hüquqlarının pozulması» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əmək hüquqlarının pozulması faktının tanınması, artıq iş saatlarına görə ödənilməmiş əməkhaqlarının hesablanaraq ona ödənilməsi, COVİD-19 dövrünə aid əlavə ödənişlərin ödənilməsi, İİ qrup əlilliklə bağlı əməkhaqqı əlavələrinin geriyə dönük hesablanaraq ona ödənilməsi, ezamiyyə xərcləri üzrə yaranmış bütün fərqlərin hesablanaraq ona ödənilməsi və qanun pozuntularına yol vermiş vəzifəli şəxslər barəsində hüquqi tədbirlərin görülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri öyrənib belə nəticəyə gəlirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 24-cü maddəsinin 5-ci hissəsində qeyd olunur ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.8-ci maddəsində göstərilmişdir ki, «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. MPM-nin 149.2.2-ci maddəsində qeyd olunur ki, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İddia ərizəsindən görünür ki, ərizədə iddiaçının özünün şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və eyniləşdirm nömrəsi (fin kodu), həmçinin cavabdeh hüquqi şəxsin eynilşdirmə nömrəsi (VÖEN) qeyd olunmamışdır. Beləliklə, göründüyü kimi iddia ərizəsi MPM-nin tələblərinə uyğun şəkildə tərtib olunmamışdır. MPM-nin: 152.1.6-1-ci maddəsinə görə «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, iddiaçı hazırki ərizəsində ilkin mediasiya sessiyasında iştirakı ilə bağlı sənədini əlavə etmədiyindən, həmçinin ərizənin qanunla müəyyən edilmiş forma və məzmununa riayət edilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı geri qaytarılmalıdır. Eyni zamanda İddiaçı izah edilməlidir ki, MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur, yəni iddiaçı məhkəmənin hazırki qərardadında göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-nin 152.2 və 152.3-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 152.1, 152.1.7, 152.2, 152.3, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Yardımlı rayon Mərkəzi Xəstəxanasına qarşı «əmək hüquqlarının pozulması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı iddia ərizəsinin geri qaytarılmasına səbəb olan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar