Məhkəmə qərarları › İş №2(5-88)-220/2026

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(5-88)-220/2026

17.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(5-88)-220/2026 17.03.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi, ərizəçinin vəkili və nümayəndəsi X1 və Maraqlı şəxs1 iştirakları ilə, Ərizəçi miras əmlakın qəbulu faktının müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, mərhum atası X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.092 kv.metr torpaq sahəsi və üzərində yerləşən 84.4 kv.metr fərdi yaşayış evinin miras əmlak olaraq özü tərəfindən faktiki qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki-Prosessual Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Mülki-Prosessual Məcəllənin 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Məhkəmə tərəfindən maraqlı şəxs Dünyamalıyeva (Baxşəliyeva) Fatimə Mislim qızına 17 mart 2026-cı il tarixə təyin edilmiş mülki iş üzrə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə hazırlıq iclasında iştirak etməmiş, lakin 16 mart 2026-cı il tarixdə məhkəməyə ərizə göndərərək üzrlü səbəbdən 17 mart 2026-cı il tarixdə, saat 12:45-də baş tutacaq hazırlıq iclasında iştirak edə bilmədiyini, mövqeyi ilə bağlı mülahizəsini məhkəmə sisteminə əlavə etdiyini, hazırlıq iclasına özünün iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə maraqlı şəxs Dünyamalıyeva (Baxşəliyeva) Fatimə Mislim qızı tərəfindən məhkəməyə göndərilən ərizəni nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq maraqlı şəxs Dünyamalıyeva (Baxşəliyeva) Fatimə Mislim qızının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Maraqlı şəxs Dünyamalıyeva (Baxşəliyeva) Fatimə Mislim qızı 16 mart 2026-cı il tarixdə məhkəməyə mülahizə göndərərək qeyd etmişdir ki, o, Maraqlı şəxs2 Mislim qızı, xx xxxxx 1978-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. Uşaqlıq və gənclik illərini Naxçıvan şəhəri, Atatürk küçəsi, ev 36 ünvanında yerləşən ata evində keçirmişdir. 11 avqust 2000-ci il tarixində ailə həyatı quraraq Bakı şəhərinə köçmüş və həmin tarixdən etibarən ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. ünvan 2 ünvanında yerləşən 0,092 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 84,4 kv.m sahəsi olan fərdi yaşayış evi atası X2 mülkiyyətində olmuşdur. 13 noyabr 2003-cü il tarixində atası X6, 14 dekabr 2023-cü il tarixində isə anası X7 vəfat etmişdir. Atasının vəfatından sonra nə anası X7, nə də övladları tərəfindən qeyd olunan daşınmaz əmlakın mülkiyyət hüququnun rəsmiləşdirilməsi ilə bağlı hər hansı hüquqi addım atılmamışdır. Bakı şəhərində yaşamağına baxmayaraq, hər il yay aylarında müəyyən müddət ərzində ata evinə gələrək övladlarının istirahəti üçün həmin evdə qalmışlar. Bundan əlavə, anasının xəstəliyi dövründə vəfatından əvvəl bir aydan artıq müddətdə onun yanında olmuş, həkimlərin çağırılmasını təşkil etmiş və ona şəxsən qulluq etmişdir. Anası vəfat etdikdən sonra isə yas mərasiminin təşkilində bilavasitə iştirak etmiş, yas mərasimi ilə bağlı xərclərin əhəmiyyətli hissəsini özü qarşılamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edildiyi kimi, vərəsəlik hüququ miras qoyanın ölümü ilə yaranır və vəsiyyətnamə olmadığı hallarda qanunla müəyyən edilmiş vərəsələrə məxsus olur. Anasının vəfatından sonra qeyd olunan torpaq sahəsi və fərdi yaşayış evinə münasibətdə özünün qanun üzrə vərəsəlik hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi-nin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, arvadı (əri) və valideynləri bərabər pay hüquqlu vərəsələr sayılır. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul etmiş vərəsələrin razılaşması üzrə, onların hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Eyni zamanda, Mülki Məcəllənin 1301.1 və 1301.2-ci maddələrinə əsasən vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etmədikdə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barədə ona bildiriş göndərməlidirlər. Belə bildiriş təqdim edildikdən sonra üç ay ərzində həmin vərəsə əmlakın bölgüsü barədə razılaşmada iştirak etmək niyyətini bildirmədikdə, digər vərəsələr qarşılıqlı razılaşma əsasında mirası bölüşdürə və onun payını ayıra bilərlər. Lakin iddia ərizəsində göstərilən hallara münasibətdə bildirir ki, iddiaçı Ərizəçi Müslüm oğlu tərəfindən qeyd olunan miras əmlakın bölüşdürülməsi və ya onun adına rəsmiləşdirilməsi ilə bağlı ona hər hansı məlumat verilməmişdir. Həmçinin miras əmlakın taleyi ilə bağlı ona rəsmi qaydada heç bir bildiriş təqdim edilməmişdir və o, qanuni vərəsə kimi mirasdan imtina etməmişdir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə (2023-cü ildə qüvvədə olmuş redaksiyada) vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirir ki, hazırki iş üzrə hüquq haqqında mübahisə mövcuddur. Belə ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi miras əmlakdır və özü həm atası X4, həm də anası X5 münasibətdə qanuni vərəsələrdən biri kimi həmin əmlaka faktiki sahiblik etməklə mirası qəbul etmişdir. Miras əmlakdan qanun üzrə ona düşən payın ayrılmasını tələb edir. Miras əmlak hesab olunan ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evindən qanun üzrə özünə düşən üçdə bir payın ayrılmasının təmin edilməsini xahiş etmişdir. Həmçinin digər Maraqlı şəxs1 hazırlıq iclası zamanı məhkəməyə izahat verərək izahatında atasının 2003-cü ildə vəfat etdiyini, özünün 2005-ci ilə qədər həmin evdə yaşadığını, 3 uşaq olduqlarını, mirasın 3 nəfər arasında bölünməsini istədiyini, torpaq paylarının verilməsini istədiyini, bütün əmlakın qardaşına çatmalı olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, mülki iş üzrə maraqlı şəxs Dünyamalıyeva (Baxşəliyeva) Fatimə Mislim qızının məhkəməyə göndərdiyi mülahizədən və digər Maraqlı şəxs1 məhkəmə iclası zamanı verdiyi izahatından görünür ki, maraqlı şəxslər miras əmlakın ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə razı deyillər. Bu səbəbdən hazırki iş üzrə tərəflər arasında hüquq haqqında mübahisə yarandığı üçün ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.5-ci bəndinə əsasən, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.10-cu maddələrinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, Ərizəçi tərəfindən "xxxx" MMC vasitəsilə 13 fevral 2026-cı il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100,60 (bir yüz manat altmış qəpik) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Ərizəçi miras əmlakın qəbulu faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə verilərkən Ərizəçi tərəfindən "xxxx" MMC vasitəsilə 13 fevral 2026-cı il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100,60 (bir yüz manat altmış qəpik) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququ izah edilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar