Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(5-92)-110/2026 09.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi X13 Ərizəçi fərdi yaşayış evinin atası tərəfindən tikilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: Ərizəçi məhkəməyə müraciət edərək, Şərur rayon Muğanlı kəndində yerləşən və hazırda X11 mülkiyyətində olan 3384,45 kvm torpaq sahəsində yerləşən ümumi sahəsi 166,11 kvm təşkil edən 2 mərtəbəli fərdi yaşayış evinin atası X8 tərəfindən tikilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası X8 1939-cu ildə Şərur rayon Muğanlı kəndində anadan olmuşdur. O, atası Məmmədqulu Həsənovun 1936-cı ildə inşa etdiyi fərdi yaşayış evində böyüyüb boya-başa çatmış, sonradan Bakı şəhərinə gedərək orada ailə qurmuşdur. Məmmədqulu Həsənov 1970-ci ildə vəfat etdikdən sonra həmin evdə 1907-ci il təvəllüdlü həyat yoldaşı X9 və 1940-cı il təvəllüdlü qızı X7 yaşamaqda davam etmişlər. Məmmədqulu Həsənov vəfat etdikdən sonra X8 ailəsi ilə birlikdə Bakı şəhərindən köçərək Şərur rayon Muğanlı kəndinə gəlmək istəmişdir. Lakin onun həyat yoldaşı kəndə gəlmək istəmədiyindən o, ailəsi ilə boşanmış, yaşadıqları evi ailəsinə vermiş və Muğanlı kəndinə – öz ata evinə, anasının yanına qayıtmışdır. Kəndə gəldikdən sonra yaşadıqları evin köhnə və yaşamağa yararsız vəziyyətdə olması səbəbindən X8 atasının istifadəsində olan torpaq sahəsində iki mərtəbəli daş evin tikintisinə başlamışdır. 1976-cı ildə X1 Lala Oruc qızı ilə evlənmiş və onu həmin evə gəlin gətirmişdir. Ərizəçi və bacısı ataları tərəfindən tikilmiş həmin evdə anadan olmuşlar. O, evləndikdən sonra tikinti işlərini davam etdirərək iki mərtəbəli evin tikintisini başa çatdırmış, köhnə evdə yaşayan anası Balaxanım Həsənovanı və bacısı X4 da yeni tikdirdiyi evə köçürmüşdür. 1987-ci ildə Balaxanım Həsənova vəfat etmişdir. Onun vəfatından sonra evdə X7, X19 və ərizəçi bacısı ilə birlikdə yaşamışlar. Sonradan ərizəçi və bacısı ailə quraraq ata evindən ayrılmış, X19 ilə X7 isə həmin evdə yaşamağa davam etmişlər. Ərizəçinin bildirdiyinə görə, o və bacısı ailə qurub evdən getdikdən sonra X3 X16 qarşı münasibəti dəyişmiş, onu yola verməmiş, evdə tez-tez mübahisələr yaratmış və evin ona məxsus olduğunu bildirmişdir. 2011-ci ildə X19 35 il yaşadığı, əri tərəfindən tikilmiş və özünün də tikilib başa çatmasında iştirak etdiyi evdən X3 təşəbbüsü ilə polis vasitəsilə çıxarılmışdır. Lakin X5 məhkəməyə müraciət etmiş və yenidən həmin evə köçürülmüşdür. X2 olmasından istifadə edildiyi bildirilərək, X3 X8 tərəfindən tikilmiş evi öz adına qeydiyyata aldırdığı və sonradan bağışladığı göstərilir. X19 2024-cü ildə vəfat edənədək həmin evdə yaşamışdır. O, yaşadığı illərdə elektrik, qaz və telefon xidmətlərinin ödənişlərini həyata keçirmiş, elektrik enerjisindən istifadə qaydalarına əsasən ərizəöhdəlik onun adına bağlanmışdır. Muğanlı kəndi üzrə təsərrüfatbaşına kitablarda müəyyən illərdə həmin ev onun adına qeydiyyata alınmışdır. Belə ki, Şərur rayonu Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə 2012-ci ildə daxil olmuş sorğuya verilmiş cavabda Dadaşova (Həsənova) Lala Oruc qızının adına sahəsi 135,52 kv.m olan iki mərtəbəli yaşayış evi və 0,42 hektar torpaq sahəsinin qeydə alındığı göstərilmişdir. Bundan əlavə, arxiv sənədlərində Balaxanım Hüseynovanın (Həsənovanın) ərizə ilə Muğanlı kənd İcra nümayəndəliyinə müraciət edərək oğlu Cəmşid Həsənovun ailə başçısı kimi qeyd olunmasını xahiş etməsi öz əksini tapmışdır. Şərur Rayon Dövlət Arxivinin 2012ci ildə verdiyi arayışda X8 və X14 Muğanlı kəndində 1974–1976-cı illərə aid təsərrüfatbaşına kitabında Balaxanım Həsən qızının təsərrüfatında olmaları təsdiq edilmişdir. Ərizəçinin bildirdiyinə görə Şərur rayon Muğanlı kəndində babası Məmmədqulu Həsənovun istifadəsində olmuş torpaq sahəsində atası tərəfindən tikilmiş evdə atası və anası vəfat etdikləri tarixə qədər, özü və bacısı isə ailə qurduqları tarixə qədər yaşamışlar və hazırda da həmin evlə əlaqələrini kəsməmişlər, əmlaklarının bir qismi oradadır. Buna baxmayaraq, həmin ev sonradan qanunsuz olaraq X3 adına qeydiyyata alınmış və özgəninkiləşdirilmişdir. Şərur rayon Muğanlı İ.Ə.D.İ üzrə nümayəndəliyinin 13 oktyabr 2011-ci il tarixli 13 nömrəli arayışından görünür ki, 2000-ci ildən təsərrüfatbaşına qeydiyyat kitabında köhnə tikili X3, yeni iki mərtəbəli 150 kv.m olan yaşayış evi isə X14 adına qeydiyyatda olmuşdur. Bununla da ərizəçi və bacısı atalarından miras qalmış daşınmaz əmlakdan məhrum olduqlarını bildirirlər. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət edərək göstərir ki, Muğanlı kəndində babası Məmmədqulu Həsənovun istifadəsində olmuş torpaq sahəsində, islahatlar aparılarkən anası, bacısı və özü həmin kənddə atası tərəfindən tikilmiş evdə yaşamalarına və qeydiyyatda olmalarına baxmayaraq, həyətyanı torpaq sahəsi yalnız X3 mülkiyyətinə verilmişdir. Halbuki islahatlardan əvvəl həm nənəsinin, həm də sonradan Nəzifə Həsənovanın adına torpaq sahəsi və 1936-cı ildə inşa edilmiş ev təsərrüfatbaşına kitablarda qeydiyyatda olmuşdur. Atası tərəfindən tikilmiş ev isə qanunsuz olaraq Nəzifə Həsənovanın mülkiyyəti kimi rəsmiləşdirilmişdir. Şərur rayon Muğanlı kəndində anamı, bacısı və özü olmaqla JN-191 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktı əsasında 4203,14 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi birgə mülkiyyət kimi qeydə alınmış, lakin məlum olmayan səbəblərdən həyətyanı torpaq sahəsi verilməmişdir. Ərizəçi qeyd edir ki, atası X8 tərəfindən fərdi yaşayış evinin tikilməsi faktının müəyyən edilməsi ilə bu ədalətsizliyə son qoyulacaq, ata mirasına sahib çıxmaq imkanı yaranacaq və kəndə gəldikləri zaman yaşamaq üçün yerləri olacaqdır. Hal-hazırda ərizəçi Bakı şəhərində kirayədə yaşayaraq xadimə işlədiyini bildirir. Həmçinin göstərilir ki, X14 adına fərdi yaşayış evinin təsərrüfatbaşına kitabında qeydiyyatda olması Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 may 2012-ci il tarixli, 2(108)-16/2012 nömrəli qətnaməsi ilə də təsdiq olunmuşdur. Hazırda Şərur rayon Muğanlı kəndində X11 adına olan 3384,45 kv.m torpaq sahəsində inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evinin mərhum X8 tərəfindən tikildiyini təsdiq edə biləcək Muğanlı kənd sakinlərinin mövcud olduğu göstərilir və onların məhkəməyə çağırılıb dindirilməsi xahiş olunur. Məhkəmə təqdim edilmiş ərizə və ona əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Belə ki, İş materiallarından görünür ki, Ərizəçi Şərur rayon Muğanlı kəndində yerləşən yaşayış evinin atası X8 tərəfindən tikilməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etsə də, bu faktın müəyyən edilməsi üçün özünün məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmaması ilə bağlı zəruri sübutlarını (vərəsəlik statusunu təsdiq edən sənədlərini) ərizəyə əlavə etməmişdir. Məhkəmə belə hesab edir ki, qeyd olunan sənədlər olmadan ərizəçinin həmin evin tikilməsi faktının müəyyən edilməsində hüquqi marağının olub-olmadığını və onun bu tələblə çıxış etmək səlahiyyətini (subyektiv hüququnu) müəyyən etmək mümkün deyildir. Məhkəmə belə hesab edir ki, ölmüş şəxsin sağlığında başqasına məxsus torpaq sahəsi üzərində tikinti aparmasına dair faktın müəyyən olunması yalnız həmin şəxsin qanuni vərəsəsi olan şəxs üçün hüquqi nəticə doğura bilər. "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. X20 1.3-ci bəndinə əsasən isə məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. X20 1.7-ci bəndinə əsasən hakim ərizəni qəbul edərkən ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu (subyektiv hüququnu) yoxlamalıdır. X20 1.6-ci bəndində qeyd olunmuşdur ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarım bölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin maddənin məzmunundan göründüyü kimi, xüsusi icraat qaydasında baxılan işlərə dair verilmiş ərizələrə də iddia ərizəsinə dair tələblərin tətbiq edilməsi mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.1 -ci maddəsinə əsasən 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən Ərizədə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu səbəbdən də, məhkəmə iş üzrə ərizəçinin öz hüquqi marağını təsdiq edən vərəsəlik sənədlərini ərizəyə əlavə etməməsini iddia ərizəsinin 149-cu maddə ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməsi kimi qiymətləndirilir və belə hesab edir ki, ərizəçi tərəfindən təqdim olunmuş ərizə və ona əlavə edilmiş sənədlər Mülki- Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Həmçinin ərizəçiyə izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından, ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu da, ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi fərdi yaşayış evinin atası tərəfindən tikilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçi izah olunsun ki, ərizənin geri qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Ərizəçi tərəfindən "xxxx" ASC-nin Şərur filialına xx.xx.2025-ci il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №2(5-92)-110/2026
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(5-92)-110/2026
09.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver