Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-93)-386/2026 29.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Anar Nurəddin oğlu, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:
1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsində iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 1327/5 nömrəli əmrin ləğv olunması, həmin işə bərpa olunmağı və həmin tarixdən işə bərpa olunacağı tarixə qədər əmək haqqı ilə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - Maddə 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. - Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. - Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. - Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - Maddə 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. - Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
5. Məhkəmə qeyd edir ki, qanunla başqa hallar nəzərdə tutulmadığı hallarda iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hazırda iddiaçı əmrin ləğvi və işə bərpa tələbinə dair cavabdehə qarşı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmış, lakin cavabdeh hüquqi şəxsin ünvanının olduğu yeri qeyd etməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh ASC ilə bağlı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən müəyyən edilmişdir, cavabdeh hüquqi şəxsin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov prospekti, ev 1965-ci məhəllə, bina 5-dir.
6. Bu qərardadın 4-cü bəndində istinad edilmiş qanunvericilik normalarının tələblərindən müəyyən edildiyi kimi iddia ərizəsi məhkəməyə verilərkən mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilməlidir. Belə ki, iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verildiyi halda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestrindən əldə edilmiş məlumata əsasən müəyyən edilir ki, tələbin yönəldiyi cavabdeh Binəqədi rayonunda qeydiyyatda deyildir. Beləliklə də iddiaçı iddia ilə məhkəməyə müraciət edərkən ərazi aidiyyətinə dair tələbləri pozmuşdur. Məhkəmə eləcə də vurğulayır ki, mülki prosessual qanunvericiliyə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Bütün bunları isə mülki prosessual qanunvericilik iddia ərizəsinin geri qaytarılma əsası kimi müəyyən etmişdir.
7. Göründüyü kimi, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilmiş şərtinə - ərazi aidiyyətinə əməl edilməsi tələbinə əməl etməmişdir. Bu səbəbdən də ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır.
8. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbi barədə iddia ərizəsi geri qaytarılsın.
2. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən: Anar Rzayev