Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-93)-778/2026 11.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X11 Hüseynağa qızının sədrliyi, Hüseynzadə Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Şəxsi Mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportuna əsasən mərhum atası X1 adına keçmiş Kirov rayonu, Biləcəri qəsəbəsi, Lunaçerskoqo küç, 11ünvanda, indiki ünvan 1rləşən cəmi tikintinin sahəsi 208,6 kv m, cǝmi meydançanın sahəsi 484,8 kv.m olan fərdi yaşayış evi olmuşdur. Həmin fərdi yaşayış sahəsi miras əmlakı kimi səkkiz övladının hər birinə 1/8 hissə olmaqla düşən vərəsəlik paylarını bu günə kimi bölüşdürülməməsi səbəbindən Binəqədi rayon Məhkəməsinə müraciət olunmuşdur.Binəqədi rayon Qeydiyyat şöbəsinin 12 aprel 2025-ci il tarixli, AZ-İİ 476657 nömrəli təkrar ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1991-ci il tarixdə " ürək-böyrək çatışmamazlığı" nəticəsində dünyasını dəyişmişdir.Binəqədi rayon qeydiyyat şöbəsinin rəisi vəzifəsini icra edən Ş.Ərəbxanovanın imzası ilə verilmiş 03 oktyabr 2025-ci il tarixli, 3-16-5/8-69-708/25 nömrəli arayışda isə 23 iyul 1954-cü il tarixdə 804 nömrəli akt qeydi tərtib olunmuş nikah haqqında şəhadətnamədə X3 və X5 göstərilmişdir.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı "Asan Xidmət" mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-5/8-4722/25 nömrəli cavab məktubunda valideynlərinin nikah haqqında akt qeydinə qadının evlənəndən əvvəlki soyadına "Həmidova" əlavə edilməsi, qadının ata adının "Əmir Əhəd"-dən "Əmirəhməd"-ə dəyişiklik edilməsi və anasının doğum akt qeydinin bərpa edilməsi ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı "Asan Xidmət" mərkəzində qeydiyyat şöbəsi tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar"-a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmələrin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyat faktı məhkəmə qaydasında müəyyən edilir. Binəqədi rayon məhkəməsinin 16 dekabr 2025-ci il tarixli 2(001)-8043 /2025 saylı qərardadı ilə məhkəməyə təqdim etdiyi ərizə geri qaytarılmışdır.Həmin qərardadda qeyd edilən nöqsan barədə xx.xx.2026cı il tarixdə Binəqədi rayon Qeydiyyat şöbəsinə rəsmi ərizə ilə müraciət olunmuşdur. Binəqədi rayon Qeydiyyat şöbəsinin 27 yanvar 2026-cı il tarixli, 3-16-5/7-13-133/26 saylı cavab məktubuna əsasən ərizəyə imtina verilmişdir.Binəqədi rayon məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-93)- 489/2026-saylı qǝrdada əsasən təkrar ərizəyə imtina verilərək geri qaytarılmışdır. Bununla da anasının 12 aprel 2025-ci il tarixli təkrar ölüm haqqında şəhadətnaməsində 03 oktyabr 2025-ci il tarixli arayışda ata adının X5 yazılmışdır. Faktiki olaraq anasının ata adı Əmirəhməddir.Anasının ata adının Əmirəhməd olması Binəqədi rayon Qeydiyyat şöbəsinin 12 aprel 2025-ci il tarixli, AZ-İİ 476657 nömrəli təkrar ölüm haqqında şəhadətnaməsi ilə təsdiq olunur. 03 oktyabr 2025-ci il tarixli, 3-16-5/8-69-708/25 nömrəli arayışda qeyd edilən 23 iyul 1954-cü il tarixdə 804 nömrəli akt qeydi tərtib olunmuş nikah haqqında şəhadətnamədə X3 və X5 qeyd edilmişdir. Həmin nikah haqqında şəhdətnamənin iddiaçının anasına məxsus olması faktı müəyyən edilərək anasının ata adı qrafasında Əmirəhməd qızı kimi yazılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iş materiallarını və tərəflərin mövqeyini nəzərə alıb, hesab edir ki, hazırki mübahisəyə məhkəmə qaydasında baxıla bilməməsi əsası ilə xitam verilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Bakı şəhəri Binəqədi rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3- 16-5/8-69-708/25 saylı arayışdan görünür ki, X3 və X9 nikah haqqında xx.xx.1954-cü il tarixdə 804 nömrəli akt qeydi tərtib olunub. Nikah bağlandıqdan sonra ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir. Nikaha N.Ərizəçi xx.xx.2014-cü ildə ölməsi, V.Ə.Kərimovanın isə xx.xx.1991-ci ildə ölməsi ilə bağlı xitam verilmişdir. xx.xx.2025-ci il tarixli, 476664 saylı təkrar ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1991-ci il tarixində ürək-böyrək çatışmazlığı səbəbi ilə ölmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-5/8-4722/25 nömrəli məktubla akt qeydlərində dəyişiklik və akt qeydinin bərpa edilməsinin imkanları xaricində olduğunu qeyd etmişlər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 3-16-5/7-13-139/26 nömrəli məktubda göstərilmişdir ki, kifayət qədər əsas olmadığı üçün akt qeydinin bərpasını təmin etməmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: 2.2. Əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmənin mövqeyi Sadalanan qanunvericilik normalarına, o cümlədən də yuxarı instansiya məhkəməsinin hüquqi tövsiyyəsini nəzərə alaraq işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, hazırki mübahisəyə məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən, ərizəçinin izahatından müəyyən olunur ki, mərhum anasının adı X2 olmuş, lakin texniki yanlışlıqla valideynlərinin nikah haqqında şəhadətnaməsində anasının adı --- X5 göstərilmişdir. Qanunvericiliyin tələbinə və yuxarı instansiya məhkəməsinin hüquqi tövsiyyəsinə uyğun olaraq hazırki məzmunda ərizənin mahiyyəti üzrə baxılıb qiymət verilməsi isə mümkün deyil. Belə olan halda isə şəxs ya vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarına müvafiq düzəlişin edilməsi üçün müraciət etməli, düzəlişi etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırmaq hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi üzrə işə məhkəmə icraatı qaydasında baxıla bilməz və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə işin icraatına xitam verilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ona qaytarılsın. Ərizəçiyə qərardadın əsaslandırıcı hissəsində qeyd olunmuş qaydada işin hallarına uyğun müraciət etmək hüquqları izah edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(5-93)-778/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(5-93)-778/2026
11.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver