Məhkəmə qərarları › İş №2(5-93)-944/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(5-93)-944/2026

27.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-93)-944/2026 27.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Anar Nurəddin oğlu, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ:

1. Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və X1 xx.xx.2006-cı il tarixdə və X2 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində ev şəraitində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır.

3. Belə ki, ərizədən müəyyən edilir ki, ərizəçi sözügedən faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu ərizədə ümumiyyətlə qeyd etməmişdir.

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. - Maddə 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. - Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. - Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə. - Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - Maddə 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. - Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. - Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. - Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. - Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı: “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 3 nömrəli, 12 aprel 2019-cu il tarixli: - 1.6. Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır.

6. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən verilmiş hüquqi faktın müəyyən edilməsinə dair ərizə mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmədən verildiyindən geri qaytarılmalıdır.

7. Belə ki, ərizəçi ərizədə hüquqi faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu ərizədə qeyd etməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, verilmiş ərizə AR MPM-nin 149 və 310-cu maddələrinin tələblərinə cavab vermədiyi üçün AR MPM-nin 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır.

8. Mülki prosessual qanunvericilik ərizənin geri qaytarılması haqqında qərardad qəbul edilərkən həmin tələb üzrə ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsinin də həll edilə bilməsinə dair məhkəməyə dispozitiv səlahiyyət vermişdir. Məhkəmə bu səlahiyyətindən istifadə edərək hesab edir ki, ərizə geri qaytarıldığından ərizəçi tərəfindən ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da ərizəçiyə qaytarılmalıdır.

9. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 152.1.1, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

1. Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” tələbi barədə ərizəsi geri qaytarılsın.

2. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

3. Ərizəçi tərəfindən xx.xx.2026-cı il tarixində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (qəbz № **********) Ərizəçi geri qaytarılsın.

4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar