Məhkəmə qərarları › İş №2(5-94)-138/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(5-94)-138/2026

13.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-94)-138/2026 13.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 MMC-nə qarşı “hadisə ilə bağlı obyektiv araşdırmanın aparılması, şəxsin qanun çərçivəsində məsuliyyətə cəlb edilməsi və maddi və mənəvi zərərinin ödənilməsi” tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. İ. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakını təmin etməlidir və buna dair müvafiq sənədi məhkəməyə təqdim etməlidir. Mülki Prosessual Məcəllənin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.0.8-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Mülki-Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Göstərilən tələblərə əməl etmədən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. İİ. Bundan əlavə məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunanlarla yanaşı iddiaçı tərəfindən cavabdehlərə qarşı yönəldilmiş iddia tələbi qeyri-müəyyəndir. Belə ki, iddia tələbi “hadisə ilə bağlı obyektiv araşdırmanın aparılması, şəxsin qanun çərçivəsində məsuliyyətə cəlb edilməsi və maddi və mənəvi zərərinin ödənilməsidir. Bununla da iddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 MMC-nə qarşı iddia tələbi yönəltsə də, cavabdehlərdən hansı hərəkətlərin icra edilməsini (hərəkətlərdən çəkinməsini) tələb etdiyini, hansı məbləğdə dəymiş ziyanın ödənilməsini tələb etdiyini və ya cavabdehlərin hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə dair məhkəmə tərəfindən hansı hüquqi nəticələrin təsbitinə dair məhkəmə aktının qəbul edilməsini xahiş etdiyini konkret göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Sadalanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının ilkin mediasiya sessiyasında iştirakını təsdiq edən sənədlər əlavə edilmədiyindən və iddia tələbi qeyri-müəyyən olduğundan hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Göstərilən Məcəllənin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-nə qarşı “hadisə ilə bağlı obyektiv araşdırmanın aparılması, şəxsin qanun çərçivəsində məsuliyyətə cəlb edilməsi və maddi və mənəvi zərərinin ödənilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla, ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar