Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-94)-716/2026 12.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Şahverən oğlunun Cavabdeh İB-nə qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, gecikdirilmiş əmək haqqının bir faizinin və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Şahverən oğlu Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 14-2-2-10/3-1K-53/2026 saylı, xx.xx.2026-cı il tarixli əmrin ləğv edilməsi, əvvəllər işlədiyi Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin İstehlakçılara X8 Şöbəsinə mühəndis vəzifəsinə bərpa edilməsinə (məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığı zaman həmin vəzifə mövcud olmadıqda isə ona uyğun vəzifəyə), məcburi iş buraxdığı dövrdə ona ödənilməli olan əmək haqqının, əmək haqqının gecikdirilməsinə görə əmək haqqının 1 faizinin, yaşadığı mənəvi iztirablara görə 30000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, xx.xx.1982-ci ildə əmək fəaliyyətinə başlamışdır. xx.xx.1989-cu ilə qədər müxtəlif yerlərdə müxtəlif vəzifələrdə çalışmışdır. xx.xx.1989-cu il tarixində Cavabdeh İB-nin Astara X4 İdarəsinə “operator” vəzifəsinə qəbul olmuşdur. xx.xx.2000-ci il tarixində Cavabdeh İB ilə aralarında olan əmək müqaviləsinə həmin dövrdə qüvvvədə olmuş Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “z” bəndinə uyğun olaraq xitam verilmişdir. xx.xx.2007-ci il tarixdə yenidən Astara X4 İdarəsinin Tüklə QPS-nə VTC-nin 5-ci dərəcəli operator vəzifəsinə qəbul olmuşdur. AR Prezidentinin xx.xx.2009-cu il tarixli 366 nömrəli sərəncamına və ARDNŞ-nin xx.xx.2009cu il tarixli 95 nömrəli əmrinə əsasən Cavabdeh QSC ARDNŞ-nin tabeliyinə verilmişdir. ARDNŞ-nin xx.xx.2009-cu il tarixli 100 nömrəli əmri ilə ARDNŞ-nin tərkibində Cavabdeh İB, Cavabdeh İB-nin tabeliyində isə ARDNŞ-nin bazasında “Qaz Nəqli İdarəsi” yaradılmışdır. Qaz Nəqli İdarəsinin xx.xx.2009-cu il tarixli 5 nömrəli əmri ilə Astara X4 İdarəsi Qaz Nəqli İdarəsinin Astara X4 Sahəsi adlandırılmışdır. Ona görə də xx.xx.2009-cu il tarixdə aralarında yenidən müqavilə bağlanmış və X9 X2 QPS-nə 5-ci dərəcəli operator vəzifəsinə təyin edilmişdir. xx.xx.2010-cu ildə başqa işə keçməklə həmin vəzifədən azad olunmuşdur. xx.xx.2010-cu il tarixdə X9 X3 QPS-nə 5-ci dərəcəli operator vəzifəsinə təyin edilmişdir. ARDNŞ-nin xx.xx.2013-cü il tarixli 05 nömrəli əmrinə əsasən Cavabdeh İB-nin tərkibində hüquqi şəxs statusu olmayan təşkilatlar kimi fəaliyyət göstərən Astara X4 Sahəsi mövcud hüquqi-təşkilati formasını saxlamaqla ona məxsus əmlakla birlikdə ARDNŞ-nin “Qaz Nəqli İdarəsi”-nin tabeliyinə verilmişdir. xx.xx.2015-ci il tarixində X6 stansiyasına operator vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixinədək həmin vəzifədə işləmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək SOCAR Cavabdeh İB-nin X7 İstismarı İdarəsinin Masallı rayonu üzrə Qəza-Dispeçer xidmətinə 5-ci dərəcəli qaz paylayıcı stansiyasının operatoru vəzifəsində işləmişdir. 14-2-2-10/3-1K-53/2026 saylı xx.xx.2026-cı il tarixli əmr ilə iddiaçı ilə İşəgötürən arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. İşəgötürən aralarında bağlanmış əmək müqaviləsinə yuxarıda göstərilən əsasla xitam verməklə qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, aralarında bağlanmış əmək müqaviləsinə xitam verdiyi zaman işlədiyi ştatın ixtisar olunduğunu əsas gətirsə də, əslində həmin ştat ixtisar olumuşdur. əmək müqaviləsinə xitam verilməsinin arxasında başqa məqsəd durur. Belə ki, 2025-ci ilin oktyabr ayında işçilərin müəyyən hissəsi attestasiyaya cəlb olunmuşlar. Bu attestasiyadan keçmək üçün 1 balı çatmadığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Halbuki qanunvericilik işçi ilə bağlanmış əmək müqaviləsinə attestasiyanın nəticələri əsasında xitam verilməsini İşəgötürənə qadağan edir. Bundan başqa İşəgötürən aralarında bağlanmış əmək müqaviləsinə xitam verərkən qanunverciliyin tələblərini növbəti dəfə pozmuşdur. Belə ki, işəgötürən əmək müqaviləsinə xitam verərkən qanunvericiliklə müəyyən olunmuş qaydada xəbərdarlıq etməmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayarq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səhhəti ilə əlaqədar iclasın təxirə salınmasını xahiş etmiş, lakin ərizəyə heç bir sübut əlavə etməmişdir. Məhkəmə baxış iclasının iddiaçnın iştirkı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddiaçının ştat ixtisarı ilə əlaqədar işdən azad olunduğunu, bu zaman işəgötürən tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməsini bildirərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan: Əmək kitabçasının surətindən görünür ki, İddiaçı Şahverən oğlu xx.xx.2022-ci il tarixdə Cavabdeh İB-nin Masallı rayonu üzrə Qəza-dispetçer xidmətinin qaz paylayıcı stansiyasının operatoru vəzifəsinə təyin edilmiş, xx.xx.2026-cı il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh İB-nin işçilərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsinə dair nəticələrin əks olunduğu cədvəldən görünür ki, İddiaçı Şahverən oğlunun nəticəsi 10 balla qiymətləndirilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı Şahverən oğlu ştatının ixtisar olunması ilə əlaqədar xəbərdar edilmiş, yeni iş axtarması məqsədi ilə həftənin bir günü əmək haqqı saxlanılmaqla işdən azad olunması və ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən işdənçıxarma müavinəti ilə bağlı məlumat verilmişdir. AR Dövlət Neft Şirkəti Cavabdeh İB-nin Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin 28.102025-ci il tarixli qərarından görünür ki, Həmkarlar İttifaqı Cavabdeh İB-də struktur dəyişikliyi ilə əlaqədar Cavabdeh İB-nin X7 İstismarı İdarəsinin əmək münasibətlərinin davam etdirilməsi mümkün olmayan işçiləri ilə bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsinə razılıq vermişdir. Cavabdeh İB-nin 14-2-2-10/3-1K-53/2026 saylı, xx.xx.2026-cı il tarixli əmrindən görünür ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatların ixtisar edilməsi səbəbindən Cavabdeh İB-nin X7 İstismarı İdarəsinin Masallı rayonu üzrə Qəza- Dispeçer xidmətinə qaz paylayıcı stansiyasının operatoru İddiaçı Şahverən oğlunun əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh İB-nin X7 İstismarı İdarəsinin ştat cədvəllərində xx.xx.2024-cü il tarixdən və xx.xx.2025-ci il tarixdən qüvvədə olan struktur bölmələri, peşə kateqoriyaları, ixtisas dərəcələri, ştat vahidlərinin sayı əks olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 11.1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək;
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; 71.1 İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: ...bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: ...bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; 77.4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 78.2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. 80.1 Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarı:
75. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar...Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Cavabdeh İB-nin X7 İstismarı İdarəsinin ştat cədvəllərindən müəyyən olunur ki, İdarənin tərkibinə daxil olan digər rayonlar, o cümlədən iddiaçının operator vəzifəsində çalışdığı Masallı rayonu üzrə Qəza-dispetçer xidmətləri ləğv olunmuş, qaz paylayıcı stansiyanın operatoru ştatları ixtisar olunaraq, birbaşa İdarə tabeliyində Rejimlərə nəzarət və dispetçer şöbəsi yaradılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ştatların ixtisar edilməsi ilə əlaqədar Cavabdeh İB-nin əməkdaşlarının qiymətləndirilməsi üçün imtahan keçirilmiş, iddiaçı imtahanda ixtisası üzrə müəyyən edilmiş keçid balından aşağı həddə, 10 ballıq nəticə göstərmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçı özü də qiymətləndirmədən aşağı bal topladığını təsdiq etmiş, bunu imtahana yaxşı hazırlaşa bilməməsi ilə əlaqələndirmişdir. Bundan başqa, iddiaçı Əmək Məcəlləsinin 78.2-ci maddəsində nəzərdə tutulan, ixtisar zamanı ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olan şəxslərdən işdə saxlanmasına üstünlük verilməsi müəyyən edilən şəxslər sırasına aid olmamışdır. Həmçinin, ştat ixtisarı ilə əlaqədar iddiaçının əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən işçi əvvəlcədən xəbərdar edilmiş, xəbərdarlıq müddəti və işdənçıxarma müavinəti ilə bağlı əmək qanunvericiliyinin tələblərinə riayət edilmişdir. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tutduğu vəzifənin həqiqətən ştat ixtisarı baş vermiş, ştat ixtisarı iddiaçıya qarşı qərəzli münasibətin nəticəsi olaraq deyil, işəgötürən təşkilatda həyata keçirilən struktur dəyişikliyi ilə bağlı olmuş və ştat ixtisarı ilə əlaqədar iddiaçının əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin tələbləri pozulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim:Leyla Şövkətli-Mənsimli