Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-95)-147/2026 14.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) balansında olan torpaq sahəsindən baş plana (Sxemaya) əsasən 0.10 hektar torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 1) MPM-in 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində idiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehlərin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehlərin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Göründüyü kimi, qanunverici, iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünü onun Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməsi ilə şərtləndirmişdir. Həmin Məcəllədə iddia ərizəsində göstərilməli olan hallar sırasında cavabdehlərin soyadı, adı, atasının adı ilə yanaşı onun şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatların (şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi), yaşayış yeri və ya olduğu yerin (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) mütləq göstərilməli olduğu təsbit olunmuşdur. Bu isə həm məhkəmə aidiyyətinin düzgün müəyyən edilməsinə, həm də ağlabatan müddətdə işin ədalətli həllinə xidmət edir. İddia ərizəsindən görünür ki, qanunvericiliyin tələbinə əməl edilməyərək, iddia ərizəsində cavabdeh qismində qeyd edilən şəxsin (Cavabdeh2) şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar qeyd edilməmişdir. Məhkəmə nəzərə çatdırır ki, şəxsin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar vətəndaşın şəxsiyyət vəsiqəsində qeyd olunan məlumatları və ya fərdi sahibkar olduqda VÖEN məlumatlarını ehtiva edir. İddia ərizəsində müvafiq məlumatlar qeyd edilmədiyi halda şəxsin şəxsiyyətinin müəyyən edilməsi, onun cavabdehlər qismində cəlb edilməsi və habelə ərazi aidiyyətinin düzgün müəyyən edilməsi mümkün olmur. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən də iddia ərizəsində cavabdehlər qismində qeyd edilən şəxsin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar aşkar edilmir. Bu isə iddia ərizəsinin məzmun tələblərinə riayət olunmadığına dəlalət etməklə yanaşı, məhkəməni cavabdehlərin işdə iştirakının təmin edilməsi üçün zəruri olan tədbirləri görmək imkanından məhrum edir. Ona görə məhkəmə hesab edir ki, iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. 2) Digərt tərəfdən MPM-in 150.1.2-ci maddəsinə əsasən, ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. MPM-in 152.1.5-ci maddəsinə əsasən də, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutulur. Ərizəyə əlavə edilən sənədlərdən görünür ki, iddiaçı qiymətləndirilməyən iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, qanunvericiliyin tələbinə uyğun olaraq dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəyə əlavə etməmişdir. Qanunvericiliyin tələbinə əsasən, bu halda da ərizə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən əsaslara görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qayatrılmalıdır. Məkhəmə izah edir ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı o qarşı “Cavabdehlərin torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov
Məhkəmə qərarları › İş №2(5-95)-147/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(5-95)-147/2026
14.01.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver