Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-95)-233/2026 23.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı Cavabdehnə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi İddiaçı Cavabdehnə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işinə qaytarılmasını və 03.Xİİ.24-cü ildən – xx.xx.2026-cı ilə qədər əmək haqqının verilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən də, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-in 355-23.2-ci maddəsinə əsasən, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. MPM-in 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. MPM-in 305.1.17-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. MPM-in 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Belə ki, İddia ərizəsinin qoşmasına əlavə edilən xx.xx.2025-ci il tarixli Barışıq sazişindən görünür ki, tərəflər arasında işə bərpa, əmək haqqının ödənilməsi və təzminat tələbi ilə əlaqədar tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi mövcuddur və hazırda həmin barışıq sazişi qüvvədədir. Buna baxmayaraq, iddiaçı tərəfindən işə bərpa və əmək haqqının ödənilməsi iddia ərizəsi ilə məhkəməyə iddia icraatı qaydasında müraciət olunmuşdur. Bu isə qanunvericiliyin tələbinə uyğun deyildir. Çünki barışıq sazişi ilə tərəflər sərbəst şəkildə öz iradələrinə uyğun olaraq qeyd olunan mübahisə predmeti barədə artıq razılığa gəlmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, əgər barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, tərəf məhkəməyə iddia ərizəsi ilə iddia icraatı qaydasında deyil, Barışıq sazişinin təsdiq edilməsi üçün xüsusi icraat qaydasında ərizə ilə müraciət etmək hüququna malikdirlər. İddiaçı isə tərəflər arasında barışıq sazişinin olmasına baxmayaraq, iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə, qeyd olunan tələblərə əməl etməmişdir. Ona görə də iddia məhkəmənin icraatına qəbul edilməməlidir. MPM-in 153-cü maddəsinin tələbinə əsasən, əgər ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. İddianın yolverilməzliyinə görə iddiadan imtina edilməsi barədə əsaslandırılmış qərardad çıxarılır, qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilir və bu, ərizəçiyə həmin şəxsə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa (ərizə verməyə) mane olur. Bununla yanaşı, işə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olması orada göstərilir. Qərardaddan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəmə qaydasında baxılmalı olmadığından icraata qəbulundan imtina edilməli, qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Bunula yanaşı, iddiaçıya izah olunur ki, yuxarıda qeyd olunan normaların tələbinə uyğun olaraq, əgər mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda həmin Barışıq sazişinin təsdiq olunması üçün xüsusi icraat qaydasında ərizə ilə aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı Cavabdehnə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah olunsun ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda həmin barışıq sazişinin təsdiq olunması üçün xüsusi icraat qaydasında ərizə ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov
Məhkəmə qərarları › İş №2(5-95)-233/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(5-95)-233/2026
23.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver