Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-95)-70/2026 09.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı Cavabdehnə qarşı “işə bərpa, əmək kitabçasının yazılması və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi İddiaçı Cavabdehnə qarşı “işə bərpa, əmək kitabçasının yazılması və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə edərək, 03.Xİİ.2024-cü ildən 31.Xİİ.2025-ci ilə qədər əmək haqqının verilməsini; xx.xx.2022-ci ildən – xx.xx.2024cü və xx.xx.2025-ci ilə qədər əmək kitabçasının yazılmasını; işinə qaytarılmasını məhkəmədən xahiş etmişdir. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi prosessual qanunvericiliyin təblərinə uyğun olmadığından geri qaytarılmalıdır.
1. Əvvəla, iddia ərizəsindən görünür ki, hazırki iddia tələbi “işə bərpa, əmək kitabçasının yazılması və əmək haqqının ödənilməsi” ilə bağlı olub, əmək münasibətlərindən irəli gələn mübahisədir. Qanunvericiliyin tələbinə görə hazırki tələblə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak edilməli və bunu təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin tələbə əməl edilmədiyi halda iddia ərizəsi geri qaytarılır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 149.2.4-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. MPM-in 152.1.6-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı mediasiya prosesində işitrak edilməsini təsdiq edən müvafiq sənədi məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən mediasiya sessiyası barədə bildiriş iddia ərizəsinin qoşmasına əlavə olunsa da, həmin bildiriş mediasiya prosesində iştirak edilməni təsdiq edən sübut deyildir. Ona görə də məhkəmə qanunvericiliyin tələbinə uyğun olaraq hesab edir ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilməklə verilmədiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
2. Bununla yanaşı, MPM-in 149.2.3-cü maddəsinə əsasən, iddiaçının .... tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı iddia ərizəsinə əlavə edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutları, o cümlədən iddiaçının cavabdehlə əmək münasibətlərinin mövcud olmasını, işdən çıxarılmasını təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Bununla da qanunvericiliyin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı təsbit etdiyi daha bir tələb iddiaçı tərəfindən gözlənilməmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin tələbinə uyğun olaraq hesab edir ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilməklə verilmədiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı
İddiaçı Cavabdehnə qarşı “işə bərpa,əmək kitabçasının yazılması və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Natiq Əsgərov