Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-98)-183/2026 10.03.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İlyas İnqilab oğlunun sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:
1. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-151-ci, 35.2-ci maddələrinə müvafiq olaraq, məhkəmədən cavabdehlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi və əmək müqaviləsinin ləğv edilməsi haqqında məlumatın müvafiq elektron informasiya sistemində yerləşdirmək vəzifəsinin X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, bir müddət əvvəl işə qəbul olmaq istəyərkən iddiaçıya məlum olmuşdur ki, Cavabdehndə işçi kimi X1 Xidmətinin Əmək və X2 qeydə alındığından işə götürməkdən imtina edilmiş, bu səbəbdən də hazırda heç bir yerdə işə qəbul ola bilmir. Göstərilən hüquqi şəxsdə heç vaxt işləməmişdir, heç bir vaxt həmin müəssisə ilə əmək müqaviləsi bağlamamışdır. Əmək müqaviləsinin necə rəsmiləşdirilib Müfəttişliyin elektron informasiya sistemində məlumat olaraq yerləşdirilməsi barədə heç bir məlumatı yoxdur. Hüquqi şəxsin adını, ünvanını, rəhbərini, işçilərini, fəaliyyət yerini tanımır. Bu səbəbdən də cavabdehə müraciət edib əmək haqqının xitam verilməsini tələb etməsi mümkün deyil. Yaranmış vəziyyət səbəbindən əmək fəaliyyəti ilə məşğul ola bilmir və əmək haqqı ala bilmir. Bu da iddiaçının əmək hüququnun cavabdeh tərəfindən kobudcasına pozulmasıdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin axtarış bölməsində hüquqi şəxsin məlumatlarını axtardıqda, qanuni təsmilçisinin azərbaycanlı olmadığı görünür, bu onun xarici ölkə vətəndaşı olduğunu, ölkə sərhədlərində kənarda olduğunu düşünməyə əsas verir. Bu səbəbdən iddiaçının cavabdehlə əlaqə saxlamağı, "əmək müqaviləsinin xitam edilməsini tələb etməyi mümkün deyil. Hazırda, əmək müqavilələrinin qeydiyyata alındığı müvafiq elektron informasiya sistemində cavabdehlə olan əmək müqaviləsinin qüvvədə olduğu göstərilir. Həmin qeydiyyatın ləğv edilməsi üçün X1 Xidmətinə müraciət etsə də, dövlət orqanından iddiaçıya bildirilmişdir ki, əmək müqaviləsinin xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi işəgötürən, yəni hazırkı işdə cavabdeh tərəfindən təmin edilməlidir. Bu səbəbdən də indiyədək sistemdən məlumatın silinməsinə nail ola bilməmişdir. Cavabdehlə əlaqə saxlaya bilmədiyi üçün əmək müqaviləsinə xitam verilməsini təmin edə bilmir, yaranmış hazırkı vəziyyət iddiaçının əmək hüquqlarının pozulmasına səbəb olur, belə ki başqa yerdə işə düzəlməyini mümkünsüz edir. Mübahisənin həlli üçün mediasiya təşkilatına müraciət etmişdir. Ərizəyə əlavə olunmuş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə Bakı 16 saylı Mediasiya Təşkilatının 09 yanvar 2026-cı il tarixli, MŞB/16/2026-0 759 saylı arayışından görünür ki, cavabdeh mediasiya prosesində iştirak etməyib. Hazırda cavabdehlə əmək müqaviləsinə xitam verilməsini təmin edə bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur.
a) Məhkəmə prosesi:
4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir və idia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş edir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, cavabdeh və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
7. Əmək müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında İddiaçı ofisiant vəzifəsində işləməsi barədə xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır.
8. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı Cavabdeh MMC-də ofisiant vəzifəsində işləməsi barədə əmək müqaviləsi mövcuddur. Vəzifəsi ofisiant, əmək haqqı 350 manatdır.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçot İdarəsinin xx.xx.2026-cı il tarixli məktubundan və ona əlavə edilmiş Çıxarışdan görünür ki, cavabdehin hüquqi ünvanı Nəsimi rayonu ərazisindədir, xx.xx.2022-ci ildə dövlət qeydiyyatına alınmışdır, ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir.
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet vergi idarəsinin “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” bölməsində axtarış nəticələrindən görünür ki, Cavabdeh MMC-nin aktiv olub-olmaması bölməsi üzrə nəticə passivdir.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən məhkəmə ünvanlanmış xx.xx.2026-cı il tarixli cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2025-ci il və xx.xx.2026-cı il tarixli X1 Xidmətinə ünvanladığı müraciətlərlə bağlı Cavabdeh MMC-yə xx.xx.2025-ci il tarixli və xx.xx.2026-cı il tarixli məktublar göndərilmişdir.
12. Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2026-cı il tarixli, MŞB/16/2025-01759 nömrəli arayışdan görünür ki, Cavabdeh MMC -nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci İddiaçı tərəfindən ödənilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında İddiaçı ofisiant vəzifəsində işləməsi barədə xx.xx.2022-cü il tarixdə iddiaçının razılığı və məlumatı olmadan əmək müqaviləsi bağlanmışdır.
12. İddiaçı işəgötürənə müraciət etmək istəsə də, cavabdehi tapmaq imkanına malik olmamışdır. Bundan sonra iddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə müraciət etmiş, lakin Xidmətin də cavabdehə məktubları cavabsız qalmışdır.
13. İddiaçı əvvəlcə mübahisənin məhkəmədənkənar həlli üçün mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh məhkəmə iclaslarında da iştirak etməmişdir.
14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet vergi idarəsinin “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” bölməsində axtarış nəticələrindən görünür ki, Cavabdeh MMC-nin aktiv olub-olmaması bölməsi üzrə nəticə passivdir.
c) Məhkəmənin mövqeyi və iş üzrə gəldiyi nəticə:
15. Məhkəmə hesab edir ki, şəxsin razılığı olmadan onunla əmək müqaviləsinin bağlanmasına yol verilmədiyi halda, cavabdeh bu şəkildə əmək müqaviləsi bağladığından, əmək qanunvericiliyinin normalarını, həmçinin, işçinin əmək hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmənin qənaətinə görə, iddiaçının cavabdeh MMC-də işləmədiyi halda, sistemdə adına aktiv əmək müqaviləsinin olması onun əmək hüquqlarının pozulması ilə nəticələnir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə hazırki iddia tələbi təmin edilməlidir.
d) Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 2-ci maddə, 1-ci bənd. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 9-cu maddə, “b” bəndi. Əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. 12-ci maddə, 1-ci hissə, “k” bəndi. Elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. 42-ci maddə. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 49-cu maddə, 1-ci hissə. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. 68-ci maddə, 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin “a” bəndinə görə, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür. 288-ci maddə,1-ci hissə, “a” bəndi. Bu Məcəllə ilə əmək müqaviləsinin bağlanması, ona xitam verilməsi və ya onun şərtlərinin dəyişdirilməsi məsələlərinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. 294-cü maddə, 1-ci hissə. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
17. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti haqqında Əsanamə”: 3.1 və 3.1.1-ci bəndlər. Bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək vəzifəsi vardır.
18. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə:
20. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməlidir.
21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: İlyas Həsənov