Məhkəmə qərarları › İş №2(5-98)-329/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(5-98)-329/2026

29.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-98)-329/2026 29.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, Ərizəçi «sübutların təmin edilməsi» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:

1. Ərizəçi «sübutların təmin edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, sübutların təmin edilməsi qaydasında Maraqlı şəxs ASC-yə aid **********480326 saylı bank kartına xx.xx.2026-cı il tarixdə saat 09:34 radələrində Qusar rayonu Samur qəsəbəsində yerləşən mağazada olan “MilliÖn” ödəmə terminalından 2000 manat məbləğində pul vəsaitinin köçürülübköçürülməməsi, köçürülmüşdürsə həmin pul vəsaitini qəbul etmiş bank kartı istifadəçisinin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsi məlumatları, yaşayış ünvanı barədə məlumatların Maraqlı şəxs ASC tərəfindən məhkəməyə təqdim edilməsi, həmin məlumatların sübut kimi ərizəçinin tərəfindən istifadə olunmasının təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir.

Əsaslandırıcı hissə:

3. Məhkəmə qeyd edir ki, sübutların təmin edilməsinə dair ərizə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, Mülki Prosessal Məcəllənin 78-ci maddəsindən aydın olur ki, sübutların təqdim edilməsi mülki məhkəmə icraatı qaydasında tələb üzrə işə baxılan zaman işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər mümkündür. Həmçinin, Mülki Prosessual Məcəllənin 150.3-cü maddəsində qeyd olunur ki, iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Buradan aydın olur ki, sübutlar məhkəməyə hər hansı tələblə müraciət edən zaman ərizə ilə birlikdə və ya hazırlıq mərhələsində təqdim edilir.

4. Məhkəmə qeyd edir ki, sübutlar tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlardır. Yəni, sübutetmə institutunun mövcudluğunun əsasını tələbin mövcudluğu təşkil edir.

5. Qeyd olunanlara əsasən, sübutların təmin olunması sübutların təqdim edilməsinin üsullarından biri kimi çıxış etdiyindən, bu cür qərardadın çıxarılması üçün öncəliklə, müəyyən bir tələb üzrə mülki iş məhkəmə icraatı qaydasında baxılması üçün məhkəmənin icraatına daxil olmalı, daha sonra özləri üçün zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsası olan tərəf bu barədə əsaslandırılmış ərizə ilə müraciət etməlidir. Hazırda isə ərizəçi müəyyən tələblə müraciət etmədən, sadəcə sübutların təmin edilməsini xahiş edir. Halbuki, yuxarıda qeyd edildiyi kimi tələb və etiraz mövcud olmadan sübutun mövcudluğundan söhbət gedə bilməz.

6. Ərizənin məzmunundan əsl tələbin əsassız varlanma nəticəsində yaranmış öhdəliyə əsaslanan pul tələbi olması müəyyən edilsə də, ərizəçi həmin tələblə məhkəməyə müraciət etməmişdir. Məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək izah edir ki, ərizəçinin həmin tələblə məhkəməyə müraciət etmək hüququ vardır.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 13.4-cü maddə. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 85.1-ci maddə. Özləri üçün zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsası olan şəxslər, o cümlədən arbitraj icraatının tərəfləri və ya arbitraj məhkəməsi bu sübutların təmin olunmasını məhkəmədən xahiş edə bilərlər. 86.1. Sübutların təmin edilməsi haqqında ərizə işə baxan və ya sübutların təmini üzrə prosessual hərəkətlərin yerinə yetirilməli olduğu rayonun məhkəməsinə verilir. Arbitraj icraatının tərəfləri və ya arbitraj məhkəməsi ərizəni arbitrajın yeri üzrə kommersiya məhkəməsinə, arbitrajın yeri müəyyənləşdirilməmişdirsə və ya xarici ölkədədirsə, yurisdiksiyası Bakı şəhərini əhatə edən müvafiq kommersiya məhkəməsinə də verə bilərlər. 86.2. Ərizədə təmin edilməli sübutlar, həmin sübutlarla təsdiq edilməli olan hallar, təmin etmə haqqında xahişlə müraciət etməyə ərizəçini vadar edən səbəblər, habelə sübutların təmin edilməsinin hansı iş üçün zəruri olduğu göstərilməlidir. 153.2.1-ci maddə. Ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.6-cı maddə. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.

8. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, sübutların təqdim edilməsi barədə ərizəyə müstəqil qaydada məhkəmədə baxıla bilməz. Buna görə də ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir.

Nəticə:

9. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

Ərizəçi «sübutların təmin edilməsi» tələbinə dair ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar