Məhkəmə qərarları › İş №2(5-98)-360/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(5-98)-360/2026

02.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-98)-360/2026 02.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü barədə (açar sözlər: iddia ərizəsinin geri qaytarılması, ərazi aidiyyəti) Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin hakimi İsmayılova Səbinə Vüqar qızı, İddiaçı cavabdeh 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İddia tələbi.

1. İddiaçı 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı il tarixli, **********43-10301 saylı reyestr nömrəsi olan çıxarışa əsasən X1, XXX Rüstəm Gülməmməd oğluna məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum atası və mərhum əmisinə məxsus hissəsində onun payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq.

2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi. 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

Məhkəmənin mövqeyi.

3. İddia ərizəsinin xahiş hissəsindən görünür ki, iddia tələbi 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı yönəlmişdir. Hansı ki, həmin notariat ofisi Nərimanov rayonu ərazisində yerləşir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir...

4. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə iddiaçının seçməsinə görə aidiyyət, müstəsna aidiyyət, yaxud müqavilə aidiyyəti və s. istisna ərazi aidiyyəti qaydalarının tətbiqini zəruri edən hallar müəyyən edilməmişdir. Xüsusi olaraq qeyd edilməlidir ki, mübahisəli miras əmlakın Nəsimi rayonu ərazisində yerləşməsi işə müstəsna aidiyyət qaydasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olduğu mənasına gəlmir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan) ...Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarı).

5. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən, ərazi aidiyyəti qaydalarına riayət edilmədən təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır.

6. Son olaraq, məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu da qaytarılmalı olduğundan məhkəmə hesab edir ki, bu iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçının ödədiyi 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır.

7. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ:

İddiaçı cavabdeh 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Səbinə İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar