Məhkəmə qərarları › İş №2(5-98)-575/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(5-98)-575/2026

13.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-98)-575/2026 13.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) “inzibati orqanın hərəkətinin qanunsuz hesab edilməsi və inzibati orqanın üzərinə vəzifə qoyulması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü barədə (açar sözlər: icraata qəbuldan imtina, mülki məhkəmə icraatı qaydasında baxılmalı deyilsə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi İsmayılova Səbinə Vüqar qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) “inzibati orqanın hərəkətinin qanunsuz hesab edilməsi və inzibati orqanın üzərinə vəzifə qoyulması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İddia tələbi.

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) “inzibati orqanın hərəkətinin qanunsuz hesab edilməsi və inzibati orqanın üzərinə vəzifə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehin əmək müqaviləsinə xitam verilməsinin qeydiyyata almaqdan imtinasının (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi və cavabdehin üzərinə onunla mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi və qeydiyyata alınması vəzifəsinin qoyulmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq.

2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.

Məhkəmənin mövqeyi.

3. İddia ərizəsinin xahiş hissəsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı iddia qaldıraraq həmin orqanın əmək müqaviləsinin xitamını qeydiyyata almaqdan imtina etməsini mübahisələndirmiş, müvafiq orqanın üzərinə bununla bağlı vəzifə qoyulmasını xahiş etmişdir.

4. Məhkəmə hesab edir ki, müvafiq dövlət orqanlarına iddia tələbində qeyd edildiyi şəkildə göstəriş verilməsi ümumi məhkəmə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin səlahiyyətində deyil. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Odur ki, iddiaçı aidiyyəti inzibati orqanın onun əmək müqaviləsinə xitam verilməsini qeydiyyata almaqdan əsassız imtina etdiyini hesab edirsə, inzibati orqanın müvafiq imtinasını aldıqdan sonra inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət edə, müvafiq öhdəliyin həmin orqanın üzərinə qoyulmasını tələb edə bilər.

5. Bununla belə məhkəmə müvafiq iddia ərizəsinin məzmununu nəzərə alaraq, prosessual qənaət baxımından iddiaçıya izah edir ki, əgər İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin işəgötürən kimi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı vəzifələrini icra etmədiyini hesab edirsə, həmin işəgötürən MMC-ni cavabdeh kimi göstərməklə ona qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilə bilər) cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin X1 Xidmətinə həvalə edilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edə bilər. Lakin hazırkı iddia tələbinə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılması istisna edilir.

6. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməli, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə uyğun olaraq, iddiaçıya yuxarıda qeyd edilmiş qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə biləcəyi izah edilməlidir.

7. Şərh olunanlara əsaslanaraq və MPM-in 153 və 267-269-cu maddələrini maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) “inzibati orqanın hərəkətinin qanunsuz hesab edilməsi və inzibati orqanın üzərinə vəzifə qoyulması” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsin və ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Səbinə İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar