Məhkəmə qərarları › İş №2(5-99)-148/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(5-99)-148/2026

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-99)-148/2026 22.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin hərracda satılaraq əldə oluran vəsaitin mənzilin alqı-satqısı zamanı notariat kontorunun bank hesabı vasitəsilə ödədiyi pulun və əldən çıxmış faydanın, hüquqi xidmətə görə və dövlət rüsumu olaraq ödədiyi xərclərin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulub ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin hərracda satılaraq əldə oluran vəsaitin mənzilin alqı-satqısı zamanı notariat kontorunun bank hesabı vasitəsilə ödədiyi pulun və əldən çıxmış faydanın, hüquqi xidmətə görə və dövlət rüsumu olaraq ödədiyi xərclərin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulub ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iddia tələbi təmin edilərək Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 5A, 60 saylı mənzilin açıq hərracda satılaraq satışdan əldə olunan vəsaitin həmin mənzilə görə bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə görə cavabdehə notariat kontorunun bank hesabı vasitəsilə ödədiyi 25500 (iyirmi beş min büş yüz) manatın, 5 il üçün cavabdehə ödədiyi 25500 manata görə hər ilinə görə 5% olmaqla 6375 (altı min üç yüz yetmiş beş) manatın, o cümlədən 18000 (on səkkiz min) manat əldən çıxmış faydaya görə, hüquqi xidmətə görə 797,95 manat ödədiyi pulun və dövlət rüsumu olaraq ödədiyi 242 (iki yüz qırx iki) manatın, ümumilikdə 50914,95 (əlli min doqquz yüz on dörd manat doxsan beş qəpik) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq :

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

Məhkəmənin mövqeyi :

3. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.

4. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçının tələbi aydın şəkildə göstərilməli olmasına baxmayaraq, hazırki iddia tələbi aydın deyildir.

5. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək məhkəmədən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 5A, 60 saylı mənzilin açıq hərracda satılaraq satışdan əldə olunan vəsaitin həmin mənzilə görə bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə görə cavabdehə notariat kontorunun bank hesabı vasitəsilə ödədiyi 25500 (iyirmi beş min büş yüz) manatın, 5 il üçün cavabdehə ödədiyi 25500 manata görə hər ilinə görə 5% olmaqla 6375 (altı min üç yüz yetmiş beş) manatın, o cümlədən 18000 (on səkkiz min) manat əldən çıxmış faydaya görə, hüquqi xidmətə görə 797,95 manat ödədiyi pulun və dövlət rüsumu olaraq ödədiyi 242 (iki yüz qırx iki) manatın, ümumilikdə 50914,95 (əlli min doqquz yüz on dörd manat doxsan beş qəpik) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Məhkəmə qeyd edir ki, məhkəmə üçün aydın deyildir ki, iddiaçının tələbi konkret nədir. Belə ki, o, iddia ərizəsində həm daşınmaz əmlakın hərrac vasitəsilə satılaraq satışdan əldə edilmiş vəsaitin iddia ərizəsində göstərilən xərclərin ödənilməsinə sərf edilməsini, həmçinin cavabdehlərdən pul vəsaitinin tutulmasını xahiş etmişdir.

7. İşin faktiki hallarından görünür ki, sözügedən daşınmaz əmlak Cavabdeh2 mülkiyyətində olmuş, iddiaçıya satılmış və qanuni qüvvəsini almış məhkəmə aktı ilə həmin alqı-satqı etibarsız hesab edilərək çıxarış ləğv edilmişdir.

8. Belə olan halda iddiaçı tələbində vəsaitlərin cavabdehlərdən tutulmasını və ya əmlakın hərracdan satılmasını istədiyi aydın şəkildə göstərilməlidir.

9. Bununla yanaşı, iddia ərizəsində göstərilən faktlarla irəli sürülən tələblər arasında müvafiq hüquqi və məntiqi əlaqə tam şəkildə qurulmamış, bu isə cavabdehin müdafiə hüququnun həyata keçirilməsini çətinləşdirir və məhkəmənin iş üzrə obyektiv qərar edilməsinə mane olur.

10. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

Nəticə :

11. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin hərracda satılaraq əldə oluran vəsaitin mənzilin alqı-satqısı zamanı notariat kontorunun bank hesabı vasitəsilə ödədiyi pulun və əldən çıxmış faydanın, hüquqi xidmətə görə və dövlət rüsumu olaraq ödədiyi xərclərin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulub ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.

12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin hərracda satılaraq əldə oluran vəsaitin mənzilin alqı-satqısı zamanı notariat kontorunun bank hesabı vasitəsilə ödədiyi pulun və əldən çıxmış faydanın, hüquqi xidmətə görə və dövlət rüsumu olaraq ödədiyi xərclərin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulub ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. İddiaçı göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar