Məhkəmə qərarları › İş №2(5-99)-288/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(5-99)-288/2026

06.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-99)-288/2026 06.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh1 və X5 ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırılması:

2. O, ünvan 1 ünvanında yerləşən mənzili keçmiş mülkiyyətçisi X1 17 avqust 2010-cu il tarixdə Bakı şəhəri 18 saylı Notariat Kontorunda bağlanmış AN-İ № ********* daşınmaz əmlakın mənzil bağışlama müqaviləsinə əsasən almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X7 Şəxsi tərəfindən verilmiş 11 sentyabr 2010-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun adına mülkiyyət kimi qeydiyyata keçmişdir. Cavabdehlər yaşayış sahəsini ona atdıqdan sonra satdıqları vaxtdan köçüb getmələrinə baxmayaraq qeydiyyatdan çıxmamışlar. Bu hal onun mənzil üzərində mülkiyyət hüquqlarını pozur.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:

2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia).

Tətbiq edilən hüquq :

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.5. ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmənin mövqeyi :

5. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina olunmalıdır.

6. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddia ərizəsini icraata qəbul etməkdən imtina edir.

7. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən olunmuşdur ki, Hüseynov Faiq ilə X2 (etibarnamə üzrə nümayəndəsi X6) arasında bağlanmış 17 avqust 2010-cu il tarixli mənzil bağışlama müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzil Hüseynov Faiqə bağışlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X7 Şəxsi tərəfindən verilmiş 11 sentyabr 2010-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Hüseynov Faiqin adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Mənzil bağışlandıqdan sonra cavabdehin ailə üzvləri mənzildən qeydiyyatdan çıxmamışlar.

8. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 104 ünvanında yerləşən 44 nömrəli mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Hazırkı mübahisə həll edilərkən iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etməsi nəzərə alınmalıdır.

10. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsində məqsəd, cavabdehlərin mübahisə predmeti olan mənzildə formal qeydiyyatda qalmalarının mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 104 ünvanında yerləşən 44 nömrəli mənzilə olan istifadə, sərəncam və digər hüquqlarının həyata keçirilməsinə maneçilik törətməsidir.

11. Məhkəmə qeyd edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

12. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd emişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnrot İsveçə qarşı” işdə isə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına mülkiyyət hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyəta keçirilməsi imkanının məhdudlaşdıırlması ilə mülkiyyət hüququ şərti və qeyri-sabit xaarkter almış olur.

13. Qeyd edilənlərə nəzərə alaraq məhkəmə qeyd edir ki, mülkiyyətçinin iradəsinə zidd olaraq cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda qalmaları mülkiyyətçinin həmin evə olan mülkiyyət hüququnu şərti və qeyri-sabit edir.

14. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

15. Maddənin məzmunu ona əsas verir ki, mənzil ilə bağlı istifadə hüququ olan şəxs mülkiyyət hüququndan imtina edərək mülkiyyət hüquqularını digər şəxsə keçməsi ilə əlaqədar notarial qaydada təsdiq olunmuş müqavilədən irəli gələn öhdəliyi olduğu halda həmin yaşayış yerinə istifadə hüququda itirilmiş sayılır.

16. Göründüyü kimi, X2 tərəfindən (etibarnamə üzrə X6) mübahisə predmeti olan mənzil bağışlanmış və hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildə qeydiyyatda qalmaları formal xarakter daşıyır.

17. Mübahisə predmeti olan mənzil daşınmaz əmlakın dövlət reyestrində Hüseynov Faiqin adına qeydiyyata alınmış və cavabdehlər həmin ünvanda faktiki olaraq yaşamırlar, bu ünvandakı qeydiyyatları hazırda formal xarakter daşıyır, bu səbəbdən cavabdehlərin həmin ünvanda qeydiyyatda qalmaları mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

18. Məhkəmə nəzərə çatdırmağı zəruri hesab edir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

20. Həmin qərara əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun adından göründüyü kimi, bu Qanunun tənzimlədiyi məsələlər vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatının aparılması ilə bağlıdır. Qanunun müddəalarına əsasən qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun mənzillə bağlı münasibətləri tənzimləmir və yaşayış sahəsinə qeydiyyata alınmış şəxsin həmin yaşayış sahəsinə mütləq köçürülməsi üçün əsas deyildir. (Konstitusiya Məhkəməsi Plenumunun “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 noyabr 2018-ci il tarixli Qərarı).

22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 493 saylı, xx.xx.1996-cı il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər.

23. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, mövcud iddia ərizəsinə mülki mühakimə icraatı qaydasında baxılmalı deyildir. Buna görə də iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, həmçinin iddiaçıya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq İdarəsinə müraciət etmək hüququnun olması izah edilməlidir. İnzibati orqan tərəfindən üzərinə düşən öhdəliyin icrasından imtina edildiyi halda, iddiaçının inzibati məhkəmə icraatı qaydasında baxılması üçün məhkəməyə müraciət etmək hüququna malikdir.

24. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən məhkəmə aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.

Nəticə :

25. Belə olan halda, məhkəmə qeyd edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir.

26. İddiaçıya cavabdehin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq İdarəsinə müraciət etmək hüququnun olması izah olunmalıdır.

27. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC VÖEN: **********; Ödəyici: İddiaçı ; qəbzin nömrəsi :3666; GPP qəbz nömrəsi:**********; tarix: xx.xx.2026, saat: 14:41) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 153, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu 100 (yüz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC VÖEN: **********; Ödəyici: İddiaçı; qəbzin nömrəsi:3666; GPP qəbz nömrəsi:**********; tarix: xx.xx.2026, saat: 14:41) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. İddiaçıya cavabdehlərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq İdarəsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar