Məhkəmə qərarları › İş №2(5-99)-465/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(5-99)-465/2026

20.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-99)-465/2026 20.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X6, Ərizəçi maraqlı şəxs qismində 5 saylı Bakı Maraqlı şəxsotariat Ofisi cəlb olunmaqla mirasın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2022-ci ildə vəfat etmiş atası X1 qalmış mirasın qəbul etməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizə verilərkən prosessual normanın tələbləri pozulmuşdur. Belə ki, ərizəçi məhkəməyə müraciət edərkən ərizəni “xüsusi icraat” qaydasında təqdim etmişdir. Halbuki təqdim edilmiş tələb mahiyyət etibarilə yalnız hüquqi əhəmiyyətli faktın mübahisəsiz müəyyən edilməsinə yönəlməmişdir. Belə olan halda işə tərəflərin çəkişmə prinsipi əsasında, cavabdehin (cavabdehlərin) mövqeyinin dinlənilməsi, sübutların toplanması və qiymətləndirilməsi ilə iddia icraatı qaydasında baxılması təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin (məhkəməyə təqdim edilən müraciətin) qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının: 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. 13-cü bəndinə əsasən, məhkəmələr nəzərə almalıdır ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq bir daha qeyd edir ki, hazırkı halda işə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılması məqsədəmüvafiqdir. Belə ki, 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilən arayışda, X2 ailə üzvləri sırasında X5, X3 və Ərizəçi qeyd olunmuşdur. Məhkəmə ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasını müəyyən etmək üçün hazırkı işə iddia icraatı qaydasında baxılmasını zəruri hesab edir. Bundan başqa məhkəmə əmlakla bağlı qeyd edir ki, mübahisə predmeti olan əmlakın X4 tərəfindən alınması barədə iş materiallarında müqavilə olsa da, şəxsin həmin əmlaka dair hüquqlarının dövlət qeydiyyatına alınması barədə hər hansı sənəd sübut qismində məhkəməyə təqdim olunmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, ərizəçiyə qeyd edilmiş nöqsan aradan qaldırıldıqdan sonra iddia icraatı qaydasında ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Beləliklə, ərizə prosessual qanunvericiliyin tələblərinə əməl edilməməklə verildiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs qismində 5 saylı Bakı Maraqlı şəxsotariat Ofisi cəlb olunmaqla mirasın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar