Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-99)-80/2026 09.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi İmanzadə Türbət Rəşad qızının katibliyi, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :
1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması” tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 10 yanvar 2017-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının ümumi sahəsi 141 kv. m, 3 otaqlı,142 saylı mənzilin ona təhvil verilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması və mənzilin təmir edilməsi üçün "xxxx" MMC tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, MMC-nın inşa etdiyi ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının ümumi sahəsi 141 kv. m, 3 otaqlı, 142 saylı ümumi dəyəri 80000 manat olan mənzil ona verilmişdir. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin 8.2-ci bəndinə əsasən təhvil-təslim hər iki tərəfin imzası ilə təstiqləndiyi akt əsasında qanunlaşdırılır. Mənzil bugünədək ona təhvil verilməmiş, onun mənzilə daxil olmağı, təmir işləri başladılmasına maneələr yaradılmışdır.
Tərəflərin izahatları :
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
4. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona dəymiş ziyan ödənildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmaqla mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir.
5. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq :
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.
7. “Dövlət rüsumu haqqında” Qanun :
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.
8. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı 2-ci bənd :
Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Məhkəmənin mövqeyi :
9. Məhkəmə iddiaçı tərəfindən verilmiş ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
10. Belə ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlə aralarında olan mübahisəni məhkəmədən kənar həll etdiklərini, buna görə də iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.
11. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar).
12. Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır.
13. Mülki prosessual qanunvericiliyə əsasən hazırlıq icraatında iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər.
14. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarına əsasən hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Nəticə :
15. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırlıq icraatı mərhələsində iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi və istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
16. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (ödəyici: İddiaçı, FİN:xxxxxxx,qəbzin nömrəsi: **********; tarix: xx.xx.2026, saat: 14:46) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini və “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarını rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi və istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (ödəyici: İddiaçı, FİN:xxxxxxx,qəbzin nömrəsi: **********; tarix: xx.xx.2026, saat: 14:46) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva