Məhkəmə qərarları › İş №e-2(001)-1185/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1185/2025

14.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1185/2025 14.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil Nümayəndə, Cavabdehlər X1 və Cavabdeh4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, 13 nömrəli evin 138 nömrəli mənzilinə köçürülməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh4 övladı X2 ilə birlikdə, Cavabdeh1, Cavabdeh3 və digər şəxslərin Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, 13 nömrəli evin 138 nömrəli mənzilindən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X9 arasında bağlanmış xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, 13 nömrəli evin 138 nömrəli mənzil sonuncu tərəfindən ona satılmışdır. Həmin müqavilədən sonra iddiaçı aldığı mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış almışdır. Yəni mənzil xüsusi mülkiyyət kimi İddiaçı məxsusdur. Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. İddiaçı ilə X9 arasında əldə olunmuş şifahi razılaşmaya əsasən mənzildə yaşayan cavabdehlər noyabr ayının ortalarınadək mənzili tərk etməli idi. Lakin onlar Şuşa şəhərindən qaçqın olduqlarını əsas gətirərək mənzili tərk etməkdən imtina edirlər. Cavabdehlərin iddiaçıya məxsus mənzildə qalması və tərk etməməsi iddiaçının hüquqlarını məhdudlaşdırır. Cavabdehlərdən başqa Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, 13 nömrəli evin 138 nömrəli mənzilində Cavabdeh4 övladı X2 da faktiki olaraq yaşayır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, cavabdehlərdən yalnız Cavabdeh1 həmin mənzildə yaşamasa da, iddianın tam təmin edilməsini xahiş edir. tələbdə göstərilməsinə zərurət görməsə də, icra mərhələsində cavabdehlər köçürülənə kimi şərait yaradılacağını bildirir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddiaçı mübahisəli mənzili X5 xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən almışdır. Bundan sonra mənzilə dair çıxarış alınmışdır. Cavabdehlərin həmin mənzilə dair heç bir hüquqmüəyyənedici sənədləri yoxdur. İddiaçı ümumiyyətlə, cavabdehləri tanımır. X9 mənzili iddiaçıya satarkən mənzildə Şuşa rayonundan olan məcburi köçkünlərin yaşadığını, lakin həmin şəxsləri tanımadığını bildirmişdir. Məhkəmə gedişatında Cavabdeh1 faktiki olaraq mübahisəli mənzildə yaşamadığı müəyyən olunmuşdur. İddiaçı cavabdehlərə mənzil verilənə kimi ona məxsus mənzildə yaşamalarına etiraz etmir. Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən məhkəmə qətnaməsi ilə mənzildən çıxarılan şəxslərə növbədən kənar daha tez mənzillər verilir. İddiaçının iddiası təmin olunacağı halda icra mərhələsində cavabdehlərə mənzil verilənə kimi həmin mənzildə yaşamalarına şərait yaradılacaqdır. Digər Cavabdeh1 qarşı hazırki tələblə bağlı münasibətdə isə məhkəmənin qiymət verməsini xahiş edir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, Şuşa şəhəri köçürülmələri barədə rəsmi məlumat verildiyi gün mənzildən çıxacaqlarına etiraz etmirlər.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, 32 ildir ailə üzvləri ilə birgə mübahisəli mənzildə yaşayır. Hətta onun mərhum valideynləri də həmin mənzildə yaşamışlar. Məcburi köçkün kimi Bakı şəhərinə gələndən sonra bir müddət bibisigildə qaldıqdan sonra, müvəqqəti yaşayışla bağlı MKİS-ə müraciət etmişlər, MKİS tərəfindən onlara bir neçə boş mənzildə yaşamaları təklif olundu. MKİS tərəfindən təklif olunan mənzilə baxdıqda, həmin mənzil artıq tutulmuşdu. Ona görə də, təklif olunan digər mənzilə baxmışlar. Ev boş olduğundan qonşularla danışıb, mənzilin açarını almışlar. Mənzilə daxil olarkən, mənzilin işığı yox idi. Bundan başqa mənzilin içi boş olmuş, yaşadıqları müddətdə mənzili təmir etmişlər. Hazırda mənzil orta təmirlidir. Qaz Lalənin adına, su və telefon onun adına, işıq isə Anaxanımın adınadır. Onların yaşamağa başqa evi yoxdur.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahatında bildirmişdir ki, Şuşa şəhəri köçürülmələri barədə rəsmi məlumat verildiyi gün mənzildən çıxacaqlarına etiraz etmirlər.

8. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, cavabdehlər Cavabdeh2 anası, Cavabdeh4 xalası, Cavabdeh1 isə bacısıdır. 32 ildir mübahisəli mənzildə bir yerdə yaşayırlar. Şuşa rayonundan məcburi köçkün kimi Bakı şəhərinə gələndən mübahisəli mənzildə məskunlaşmışlar. Belə ki, həmin dövrdə qonşular mənzilin qapısını açaraq onları mənzilə buraxmışlar. Həmin vaxtı qonşuların deməsinə görə mənzil məhz məcburi köçkünlərin yaşaması üçün bağlanmışdır. Çünki mənzil boş olduğundan ora bomjlar daxil olurdular. Mənzilə məcburi köçkün kimi məskunlaşana kimi boş olmuşdur. O, nikaha daxil olduqdan sonra təxminən 3-4 ilə yaxın başqa mənzildə yaşamışdır. Lakin hazırda əri ölkə xaricində olduğundan mübahisəli mənzildə yaşayır. Bu günə qədər heç kim onlara mənzildən çıxmaqla bağlı xəbərdarlıq etməyib. Məhkəmə tərəfindən göndərilən sms bildirişdən sonra hazırki iddia bağlı məlumatları olmuşdur. X7 tanımır. Bu müddət ərzində mənzildən çıxmaları ilə bağlı bir söz deyən olmamışdır. Mübahisəli mənzil bina evidir və 1 otaqdan ibarətdir. İddianı qəbul edir. Lakin Şuşa rayonuna köçürülənədək sözügedən mənzildə yaşamalarına icazə verilməsini xahiş edir. Belə ki, məcburi köçkünlər növbəli şəkildə öz yurdlarına köçürülürlər, növbələri çatdığı təqdirdə mənzildə çıxacaqlar.

9. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, rəsmi nikaha daxil olandan sonra Binəqədi qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. mübahisəli mənzilə dair heç bir iddiası yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasənda müəyyən edilən işin faktiki halları:

10. X3 ilə, alıcı İddiaçı arasında bağlanan xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, 13 nömrəli evin 138 nömrəli mənzilini alıcıya 50000 manat satmışdır.

11. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, 13 nömrəli evin 138 nömrəli mənzili xx.xx.2024-cü il tarixində xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyatdan keçmişdir.

12. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 1 saylı Mənzil-Kommunal İstismar İdarəsi tərəfindən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ünvanlanan 162 nömrəli, xx.xx.2024-cü il tarixli məktubda göstərilir: Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, ev 13 mülkiyyətçisi ********** saylı xx.xx.2024-cü il tarixli çıxarışa əsasən vətəndaş İddiaçı olan (keçmiş H.Hüseynov küçəsi) mənzil 138-də 1992-ci ildən Şuşa şəhərindən məcburi köçkün ailəsi olaraq, Cavabdeh2,Cavabdeh4, X8, Cavabdeh3 məskunlaşmışlar. Hal-hazırda Cavabdeh4 ailəsi ilə birlikdə digər ünvanda (statistika komitəsinin yanı) Əliyeva Səbinə ailə quraraq, Binəqədi qəsəbəsində və Cavabdeh3 ailəsi ilə digər ünvanda yaşayır. Faktiki olaraq, qeyd olunna ünvanda Cavabdeh2 və onun bacısı Cavabdeh4 oğlu 248 nömrəli məktəbdə oxuyan X2 yaşayırlar. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

14. 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

15. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

16. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

17. 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır.

18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Tətbiq edilən prosessual normalar:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

20. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

21. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

22. 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

23. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

24. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi əsaslandırması:

25. İşin müəyyən edilmiş faktiki halları baxımından məhkəmə o qənaətə gəlir ki, iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 152 və 157-ci maddələri təşkil edir.

26. Belə ki, daşınmaz əmlakın dövlət qeydiyyatı, həmçinin əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi çıxış edir. Hansı ki, Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, 13 nömrəli evin 138 nömrəli mənzili xx.xx.2024-cü il tarixindən xüsusi mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətindədir. Cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 isə iddiaçıya məxsus mənzildə məcburi köçkün kimi yaşayırlar və işğaldan azad edilmiş ərazilərdə yaşayış sahəsi ilə təmin edildiyi halda mənzildən çıxacaqlarını bildirirlər.

27. Məhkəmə hesab edir ki, iddiaçının xüsusi mülkiyyətində olan mənzilə cavabdehlərin sahibliyi qanunsuzdur və onlar mənzildən çıxarılmaqla iddiaçı həmin mənzilə köçürülməlidir.

28. Belə ki, Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət toxunulmazdır. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

29. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı).

30. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur.

31. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” iş üzrə 27sentyabr 2007-ci il tarixli qərarında da mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir.

32. Beləliklə işin müəyyən edilmiş hallarını sadalanan normaların və mövqelərin tətbiqi baxımından qiymətləndirdikdə məhkəmə o qənaətə gəlir ki, mənzildə yaşayan cavabdehlərin sahibliyi qanunsuzdur və mülkiyyət hüququnun müdafiəsi baxımından iddiaçının tələbi həmin hissədə əsaslıdır. Bundan başqa məhkəmə iddiaçı tərəfindən cavabdehlərə işğaldan azad olunmuş torpaqlarda öz evlərinə köçürülənədək hazırki mənzildə yaşamağa şərait yaradacağı ilə bağlı mövqeyini, qətnamənin icrası qaydasında həll edilməli olan məsələ kimi qiymətləndirir və hesab edir ki, həmin razılaşma iddianın rədd edilməsi üçün əsas təşkil etmir.

33. Məhkəmə iddia tələbini Cavabdeh1 münasibətdə əsassız hesab edir. Belə ki, məhkəmə iclasında işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, Cavabdeh1 uzun müddətdir həmin mənzildə yaşamır və bu səbəbdən də onun çıxarılması barədə tələb artıq öz hüquqi mahiyyətini itirmişdir.

34. İddiaçının mülkiyyətində olan mənzilə köçürülməsi barədə tələbi isə Mülki Məcəllənin 152-ci maddəsinin tələbi baxımından əsaslıdır. Nəticə:

35. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, 13 nömrəli evin 138 nömrəli mənzilindən çıxarılmalı, İddiaçı həmin mənzilə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir.

36. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi tələb edilmədiyindən, iddiaçıya aid edilməlidir.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, 13 nömrəli evin 138 nömrəli mənzilindən çıxarılsın, İddiaçı həmin mənzilə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar