Məhkəmə qərarları › İş №e-2(001)-1227/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1227/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1227/2025 28.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə üzrə öhdəliklərin icrası” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə üzrə öhdəliklərin icrası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə onun arasında “Kooperativ mənzil tikintisi haqqında” xx.xx.2006-cı il tarixdə 22/076 nömrəli və xx.xx.2008-ci il tarixdə 017/021 nömrəli muqavilələr bağlanmışdır. Həmin müqavilələrdə Cavabdeh MTK inşa etdiyi ünvan 1 ünvanında tikilən sözügedən MTK-ya məxsus bina kompleksinin 1-ci girişi, 1-ci mərtəbəsində 5-6-cı oxlar arasında yerləşən 20 kv.m və İ-XXV oxları arasında yerləşən 480 kv.m qeyri-yaşayış sahələrini ona təhvil verilməsinə, o, isə həmin qeyri-yaşayış sahələrinə görə müvafiq olaraq 30000 manat və 115200 manat məbləğində pul vəsaitinin MTK-ya ödənilməsinə dair qarşılıqlı öhdəliklər şərtləndirilmişdir. Müqavilələrə əsasən qeyri-yaşayış sahələrinə görə razılaşdırılmış cəmi 145.200 manat məbləğ onun tərəfindən tam şəkildə MTK-ya ödənilmişdir. Müqavilələr üzrə razılaşdırılmış məbləğin tam şəkildə ödənilməsinə və borcunun qalmadığına dair MTK tərəfindən müvafiq olaraq maliyyə arayışları təsdiqlənərək, ona, yəni İddiaçı verilmişdir. Bununla da o, müqavilədə razılaşdırılmış qeyriyaşayış sahələrinin dəyərinin ödənişi ilə bağlı öhdəliyini tam şəkildə icra etmişdir. Bu baxımdan, yəni o, müqavilədə müəyyənləşdirilmiş əmlakın dəyərinin tam şəkildə ödədiyinə görə, nəticədə həmin əmlaklara dair mülkiyyət hüququnu əldə etmiş olur. MTK isə binanın inşasını həyata keçirmiş, o cümlədən müqavilədə adı çəkilən qeyri-yaşayış sahələrinin yerləşdiyi mərtəbəni inşa etmiş, lakin ödənişə qarşılıq müqavilədə nəzərdə tutulmuş qeyriyaşayış sahələrinin ona təhvil verilməsini təmin etməmişdir. Həmin sahələri öz məqsədlərinə görə saxlanc anbarı kimi istifadə edirlər. Bununla da, cavabdeh qeyriyaşayış sahələrinin verilməsi ilə bağlı müqavilə öhdəliyini yerinə yetirməmişdir. Qeyriyaşayış sahələrinin təhvil verilməsi üçün MTK ilə dəfələrlə görüşərək, məsələnin həll edilməsi tələb edilmiş, daha sonra da rəsmi olaraq prenteziya verilmişdir. Lakin MTK-nın hərəkətsizliyi üzündən məsələnin məhkəmədən kənar həlli mümkün olmamışdır. Ona görə də, məsələnin məhkəmə yolu ilə həll edilməsi məcburiyyəti yaranmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2006-cı il tarixli 22/076 nömrəli və 22.102008-ci il tarixli 017/021 nömrəli müqavilələrdə nəzərdə tutulmuş tərəflərin qarşılıqlı icra edilməli olan öhdəliklərin bir başa tələbinə görə və onun tərəfindən qeyri-yaşayış sahələrinin razılaşdırılmış dəyəri olan 145.200 manat məbləğin tam ödənilməsi baxımından, Cavabdeh MTK-dan ünvan 2 ünvanında inşa etdiyi mövcud bina kompleksinin 1-ci mərtəbəsində yerləşən, sahəsi 20 kv.m və 480 kv.m olan 2 ədəd qeyri-yaşayış sahələrin ona təhvil verilməsi MTK-dan tələb olunmalıdır. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 152.1, 385.1 və 425.1 maddələri ilə əsaslandıraraq, onunla Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış “Kooperativ mənzil tikintisi haqqında” xx.xx.2006-cı il tarixli 22/076 nömrəli və xx.xx.2008-ci il tarixli 017/021 nömrəli müqavilələrə əsasən Cavabdeh MTK tərəfindən ünvan 2 ünvanında tikilmiş çoxmərtəbəli bina kompleksinin 1-ci girişi, 1-ci mərtəbəsində 5-6-cı oxlar arasında yerləşən 20 kv.m və İ-XXV oxları arasında yerləşən 480 kv.m, cəmi 500 kv.m qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh MTK-ya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə2 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, MTKnın maliyyə cəhətdən problemlərinin olduğunu, materialların qiymətinin qalxması səbəbilə, iddiaçı tərəflə əlavə olaraq 20.000 manat pul vəsaitinin ödənilməsində razılıq əldə etdiklərini əsas gətirərək, həmin qeyri-yaşayış sahəsinin hazır vəziyyətdə olduğunu və qarşı tərəf 20.000 manat məbləğdə ödəniş edəcəyi təqdirdə həmin qeyri-yaşayış sahələrinin təhvil veriləcəyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan X3 tərəfindən Cavabdeh MTK-ya ünvanlamış pretenziyaya əsasən məlum olur ki, İddiaçı cavabdehdən 1 ay müddətində qeyri-yaşayış sahələrinin boşaldılmasını tələb etmiş, əks təqdirdə pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan Cavabdeh MTK tərəfindən X1 ünvanlanmış məktubdan görünür ki, MTK tərəfindən iddiaçının pretenziya məktubuna baxılmış və pretenziyaya cavab olaraq bildirilmişdir ki, bu sahələrlə bağlı aralarında dəfələrlə danışıqlar olmuş və bildirilmişdir ki, həmin sahələr MTK-nın ehtiyacları üçün malların saxlanılmasında istifadə edilir. Başqa yer əldə edilənə kimi bunu davam etmək məcburiyyətindədirlər. Təklif edilmişdir ki, aralarında icarə müqaviləsi bağlanılsın, əks təqdirdə yeni sahə əldə edilənə kimi gözləməsi xahiş edilmişdir. İş materiallarında olan Cavabdeh MTK ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli 22/076 nömrəli “Kooperativ Mənzil Tikinti Haqqında” müqavilədən görünür ki, “Kooperativ”ə ayrılmış ünvan 3 ünvanında yerləşən “Payçı”ların vəsaiti hesabına inşa ediləcək yaşayış binasının qeyri-yaşayış sahəsi təklif edilmiş, “Kooperativ” sözügedən yaşayış binasını inşa etməyi öhdəsinə götürmüşdür. “Kooperativ” inşa ediləcək binanın 1 giriş, 1 mərtəbə qeyri-yaşayış sahəsini “Payçı”ya təhvil verməyi öhdəsinə götürmüşdür. Eyni zamanda “Payçı” müqavilə bağlanan gün qeyri-yaşayış sahəsinin proqnozlaşmış dəyərinin 50% miqdarında ilkin ödəniş edilməsini öhdəsinə götürmüş, sözügedən ödəniş nağd şəkildə həyata keçirilir. Qeyri-yaşayış sahəsinin ümumi sahəsi 20 kv.m təşkil etmişdir. İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş maliyyə arayışından görünür ki, X3 Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikr, A.Məmmədov 10 ünvanında yerləşən yaşayış binasının 5-6 oxlar arası 20 kv.m olan qeyri-yaşayış sahəsi ilə bağlı 30.000 manat pay haqqını tam ödəmişdir. Kooperativə borcu yoxdur. İş materiallarında olan Cavabdeh MTK ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli 017/021 nömrəli “Kooperativ Mənzil Tikinti Haqqında” müqavilədən görünür ki, “Kooperativ”ə ayrılmış ünvan 1 ünvanında yerləşən “Payçı”ların vəsaiti hesabına inşa ediləcək yaşayış binasının qeyri-yaşayış sahəsi təklif edilmiş, “Kooperativ” sözügedən yaşayış binasını inşa etməyi öhdəsinə götürmüşdür. “Kooperativ” inşa ediləcək binanın İ-XXV oxlar arası qeyri-yaşayış sahəsini “Payçı”ya təhvil verməyi öhdəsinə götürmüşdür. Eyni zamanda “Payçı” müqavilə bağlanan gün qeyri-yaşayış sahəsinin proqnozlaşmış dəyərinin 50% miqdarında ilkin ödəniş edilməsini öhdəsinə götürmüş, sözügedən ödəniş nağd şəkildə həyata keçirilir. Qeyri-yaşayış sahəsinin ümumi sahəsi 480 kv.m təşkil etmişdir. İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş maliyyə arayışından görünür ki, X3 Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov 10 ünvanında yerləşən yaşayış binasının İ-XXV oxlar arası 480 kv.m olan qeyri-yaşayış sahəsi ilə bağlı 115.200 manat pay haqqını tam ödəmişdir. Kooperativə borcu yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsi qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsi (əvvəlki redaksiyada), həmçinin Mənzil Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. Mülki Məcəllənin 178.8-ci maddəsində (əvvəlki redaksiyada) müəyyən edilmişdir ki, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.”. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, Mülki Məcəllənin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir və qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Podrat müqavləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (752.1-ci maddə) Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. (752.2-ci maddə) Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.(769-cu maddə) Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (567-ci maddə) Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. (568.1-ci maddə) Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. (575-ci maddə) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarlarında ifadə etdiyi hüquqi mövqeyində qeyd etmişdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında Plenum qeyd etmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında xx.xx.2006-cı il tarixli 22/076 nömrəli və xx.xx.2008-ci il tarixli 017/021 nömrəli “Kooperativ Mənzil Tikinti Haqqında” müqavilələr bağlanılmış, həmin müqavilələrə əsasən Cavabdeh MTK tərəfindən ünvan 2 ünvanında tikilmiş çoxmərtəbəli bina kompleksinin 1-ci girişi, 1-ci mərtəbəsində 5-6-cı oxlar arasında yerləşən 20 kv.m və İ- XXV oxları arasında yerləşən 480 kv.m olmaqla, cəmi 500 kv.m qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməyi, iddiaçı isə öz növbəsində həmin qeyri-yaşayış sahələrinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, iddiaçı tərəfindən qeyri-yaşayış sahələrinin dəyəri tam şəkildə ödənilsə də, cavabdeh hazırki günədək həmin qeyri-yaşayış sahələrini iddiaçının sahibliyinə və istifadəsinə verməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında xx.xx.2006-cı il tarixli 22/076 nömrəli və xx.xx.2008-ci il tarixli 017/021 nömrəli “Kooperativ Mənzil Tikinti Haqqında” müqavilələrlə müəyyən edilmiş öhdəliklər iddiaçı tərəfindən icra edildiyi halda, cavabdeh tərəfindən icra edilmədiyindən iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2006-cı il tarixli 22/076 nömrəli və xx.xx.2008-ci il tarixli 017/021 nömrəli “Kooperativ Mənzil Tikinti Haqqında” müqavilələrə əsasən ünvan 2 ünvanında tikilmiş çoxmərtəbəli bina kompleksinin 1-ci girişi, 1-ci mərtəbəsində 5-6-cı oxlar arasında yerləşən 20 kv.m və İ- XXV oxları arasında yerləşən 480 kv.m olmaqla, cəmi 500 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh MTK tərəfindən boşaldılaraq, iddiaçı X2 təhvil verilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2006-cı il tarixli 22/076 nömrəli və xx.xx.2008-ci il tarixli 017/021 nömrəli “Kooperativ mənzil tikintisi haqqında” müqavilələrə əsasən ünvan 2 ünvanında tikilmiş çoxmərtəbəli bina kompleksinin 1-ci girişi, 1-ci mərtəbəsində 5-6-cı oxlar arasında yerləşən 20 kv.m. və İ- XXV oxları arasında yerləşən 480 kv.m olmaqla, cəmi 500 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh MTK tərəfindən boşaldılaraq, iddiaçı X2 təhvil verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar