Məhkəmə qərarları › İş №e-2(001)-132/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-132/2023

13.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-132/2023 13.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh MMC-yə qarşı “mənzilə köçürmə və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı oğlu Cavabdeh MMC-yə qarşı “mənzilə köçürmə və s.” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078-ci məhəllə ünvanında yerləşən yaşayış binasının A 4 korpusu, 17-ci mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 145,11 kv.m mənzil üzərində İddiaçı oğlunun sahiblik və istifadə hüququnun tanınması, həmin mənzilin İddiaçı oğlunun sahibliyinə və istifadəsinə verilməsi və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh MMC ilə 16 iyul 2004-cü il tarixdə yaşayış sahəsi haqqında müqavilə bağlamış və iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078-ci məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində tikilməkdə olan yaşayış binasına dair pay haqqını tam ödəyərək mülkiyyət hüququ əldə etmişdir. xx.xx.2004-cü il tarixdə Cavabdeh MMC tərəfindən iddiaçıya verilmiş “Maliyyə arayışı”na əsasən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078-ci məhəllə ünvanında yerləşən yaşayış binasının A 4 korpusu, 17ci mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 145,11 kv.m olan yaşayış sahəsindən ibarət olması müəyyən edilmişdir. Eyni zamanda yaşayış sahəsinin ümumi dəyərinin ********* manat olması göstərilmiş və müqaviləyə əsasən həmin məbləğ iddiaçı tərəfindən ödənilmişdir. Müqavilənin şərtləri iddiaçı tərəfindən yerinə yetirilsə də, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, habelə faktiki olaraq iddiaçıya məxsus olan yaşayış sahəsindən iddiaçı M.Həsənov istifafə edə bilməmiş, ona mençilik yaradılaraq yaşayış sahəsinə daxil olmasına icazə verilməmişdir. Bu səbəbdən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi-vəkili Vəkil xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078-ci məhəllə ünvanında yerləşən yaşayış binasının A 4 korpusu, 17-ci mərtəbəsinin sağ tərəfində yerləşən ümumi sahəsi 143,6 kv.m (iddiaçı ilə cavabdeh arasında bağlanan xx.xx.2004-cü il tarixli müqavilə üzrə 145,11 kv.m olan mənzil) 3 otaqdan ibarət mənzilin İddiaçı oğlunun sahibliyinə və istifadəsinə verilməsi və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi-vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkili Vəkil izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2004-cü il tarixli qəbzdən (maliyyə arayışından) görünür ki, İddiaçı oğlu tərəfindən xx.xx.2004-cü il tarixli 308 saylı müqaviləyə əsasən Cavabdeh MMC-yə ********* manat ödəniş edilmişdir. - xx.xx.2004-cü il tarixli 308 saylı müqavilədən görünür ki, müqavilə Cavabdeh MMC ilə İddiaçı oğlu arasında bağlanmış, Cavabdeh MMC A 4 korpusu, 17-ci mərtəbə 3 otaqdan ibarət, ümumi sahəsi 145,11 kv.m, yaşayış sahəsi 79,16 kv.m təşkil edən mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə müqavilə üzrə nəzərdə tutulmuş əmlakın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2011-ci il tarixli, 13024 nömrəli müqavilədən çıxarılmış protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, məhəllə 3078A ünvanında 4 bloklu, 8 girişli, 16-18 mərtəbəli yaşayış binalarının müayinə işlərinin müqavilə dəyəri 62875,66 manat məbləğində razılaşdırılmışdır. - xx.xx.2023-cü il tarixli, 10/723 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Atatürk prospekti 3078 “a” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində Cavabdeh MMC tərəfindən inşa edilmiş A4 korpusunun 17-ci mərtəbəsində iki ədəd mənzilin yerləşdiyi, 17-ci mərtəbənin sol tərəfində yerləşən mənzilin ümumi sahəsinin 136,37 kv.metr, sağ tərəfində yerləşən mənzilin sahəsinin isə 143,6 kv.metr təşkil etdiyi müəyyən edilmiş, həmçinin İddiaçı oğlu ilə Cavabdeh MMC arasında, Cavabdeh MMC tərəfindən inşa edilmiş A4 korpusunun 17-ci mərtəbəsində ümumi sahəsi 145,11 kv.metr olan 3 otaqdan ibarət mənzilin verilməsinə dair xx.xx.2004-cü il tarixli müqavilə bağlandığını nəzərə alaraq, adıçəkilən şəxsə verilməli olan sahənin 17-ci mərtəbənin sağ tərəfində yerləşən təmirsiz mənzilin sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC tərəfindən öhdəliklər icra edilmədiyindən, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən, fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli yaşayış sahəsi otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş mənzil sahəsi olduğundan, bununla da bağlanmış müqavilə əsasında yalnız iddiaçıya məxsus olduğundan, bununla da fərdi müəyyən əşya hesab olunduğundan, iddiaçı cavabdeh tərəfindən öhdəliklərin icra edilməsi və yaşayış sahəsinin ona təhvil verilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Sadalanan qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, tərəflər aralarında bağlanmış müqavilə üzrə müəyyən edilmiş məbləği tam şəkildə ödəməklə mübahisəli yaşayış sahəsinə sahiblik və istifadə hüququ əldə etmişdir. Odur ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2020ci il tarixli Q Ə R A R İnı nəzərə alaraq, hesab edir ki, mənzilin dəyərini tam ödəməklə iddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (Mülki Məcəllənin 425-ci maddəsi). Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (Mülki Məcəllənin 567-ci maddəsi). Alqı-satqı müqaviləsi tərəflər üçün konkret hüquq və vəzifələr yaradır. Alqı-satqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edərək, əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır. Belə müqavilə üzrə satıcı müqavilənin predmeti olan əşyanı alıcının mülkiyyətinə verməlidir. Satıcının üzərinə müqavilədən irəli gələn borcunu real olaraq icra etmək vəzifəsi qoyulur. Bunun nəticəsində həmin əşya üzərində satıcının mülkiyyət hüququna xitam verilir və onun üzərində alıcının mülkiyyət hüququ yaranır. Göründüyü kimi, satıcı Cavabdeh MMC mənzili alıcıya təhvil verməyi, İddiaçı isə öz növbəsində mənzilin qiymətini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin hazırkı iş üzrə iddiaçı mənzilin dəyərinin ödənilməklə müqavilə üzrə öhdəliyinin tam şəkildə icra etməsinə baxmayaraq, Cavabdeh MMC mənzili alıcıya təhvil verməmiş və müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir. Beləliklə, Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslıdır. Buna görə də iddia tələbi təmin edilməlidir, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 “a” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa edilmiş yaşayış binasının A4 korpusunun, 17-ci mərtəbəsinin sağ tərəfində yerləşən ümumi sahəsi 143,6 kv.metr (İddiaçı oğlu ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2004-cü il tarixli müqavilə üzrə 145,11 kv.m olan mənzil) təşkil edən mənzil İddiaçı oğlunun sahibliyinə və istifadəsinə verilməli, İddiaçı oğlu həmin mənzilə köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasına dair iddiaçının tələbi mövcud deyil. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 “a” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa edilmiş yaşayış binasının A4 korpusunun, 17-ci mərtəbəsinin sağ tərəfində yerləşən ümumi sahəsi 143,6 kv.metr (İddiaçı oğlu ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2004-cü il tarixli müqavilə üzrə 145,11 kv.m olan mənzil) təşkil edən mənzil İddiaçı oğlunun sahibliyinə və istifadəsinə verilsin. İddiaçı oğlu Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 “a” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa edilmiş yaşayış binasının A4 korpusunun, 17-ci mərtəbəsinin sağ tərəfində yerləşən ümumi sahəsi 143,6 kv.metr (İddiaçı oğlu ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2004-cü il tarixli müqavilə üzrə 145,11 kv.m olan mənzil) təşkil edən mənzilə köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar