Məhkəmə qərarları › İş №e-2(001)-1337/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1337/2023

14.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1337/2023 14.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilməsi, əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş, cavabdeh ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 19 saylı, xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, onun xx.xx.2022-ci il tarixli ərizəsi əsasında cavabdehlə bağladığı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən xitam verilməsi, dəymiş ziyan qismində qətnamə icra olunduğu günə qədər işləmədiyi dövr üçün orta aylıq 1200 manat əmək haqqının hesablanaraq ödənilməsi, mənəvi ziyana görə 5.000 manat kompensasiya, mediasiya xərci olaraq ödənilmiş 50 manat və vəkilə hüquqi yardım üçün ödənilmiş 200 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh MMC şirkətində satış və marketinq işləri üzrə direktor vəzifəsində çalışmışdır. Onunla cavabdeh arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bağlanmış, lakin bu müqavilənin 1 nüsxəsi ona təqdim edilməmişdir. O, çalışdığı dövr ərzində hər hansı pozuntuya yol verməmiş, əmək funksiyalarını layiqincə yerinə yetirmiş, heç bir intizam tənbeh tədbiri tətbiq olunmamışdır. 2022-ci ilin noyabr ayında cavabdeh tərəfindən bütün işçilərə, o cümlədən ona kommersiya, peşə sirri və informasiya mühafizəsi haqqında xx.xx.2022-ci il tarixli müqavilə forması təqdim olunmuş, həmin müqavilənin imzalanması tələb olunmuşdur. O, müqavilə ilə tanış olduqdan və hüquqşünasla məsləhətləşdikdən sonra cavabdehə müqavilədə bəzi bəndlərin əmək qanunvericiliyinə zidd olduğunu, bu səbəbdən imzalamayacağını bildirmişdir. Belə ki, təqdim olunan müqavilə formasının 2.1.8-ci bəndinə əsasən, “İşdən azad olunduqdan sonra 5 (beş) il ərzində Şirkətin fəaliyyət göstərdiyi sahədə onunla rəqabətdə olan digər firmalarda işləməmək” işçinin öhdəliyi kimi qeyd olunmuşdur. Əmək məcəlləsinin 9-cu maddəsinə əsasən, “Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: a) sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq.” Cavabdeh şirkətin direktoru Rəhimova Nigar ona hədə-qorxu gələrək müqaviləni imzalamayacağı təqdirdə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyini bildirmişdir. O isə qeyd edilən maddə ilə işdən çıxarma üçün heç bir əsas olmadığını, öz öhdəliklərinə riayət etdiyini, hər hansı pozuntuya yol vermədiyini bildirmişdir. Əmək Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, “Hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər.” O, bu iş yerində işləməyin mümkün olmayacağını düşünərək başqa şirkətdə işə qəbul olmuş, yazılı əmək müqaviləsi bağlanmış və xx.xx.2022-ci il tarixində cavabdehə müraciət edərək başqa işə düzəlməsi ilə əlaqədar əmək müqaviləsinə öz xahişi əsasında xitam verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən hər hansı münasibət bildirilmədiyi üçün xx.xx.2022-ci il tarixində o, yenidən ərizə ilə əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Bu ərizələr cavabdehə təqdim olunan kimi məhz qərəz nümayiş edərək, onun təqdim etdiyi öz xahişi ilə işdən çıxma ərizəsi nəzərə alınmadan, hər hansı əsaslandırma aparılmadan və işçiyə məlumat verilmədən cavabdeh onunla bağladığı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. Halbuki Əmək məcəlləsinin 72-ci maddəsinə əsasən, yalnız aşağıdak hallar kobud pozuntu hesab edilir:“a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbuledərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbuledərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.” O, bu hallardan heç birinə yol verməmiş, hər hansı birini törətməmişdir. Həmçinin Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, “İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.” Cavabdeh tərəfindən hər hansı addım atılmadığı üçün o, müvafiq inzibati orqana – Əmək müfəttişliyinə şikayət etmiş, orada ona bildirilmişdir ki, artıq səninlə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Bundan sonra o, mediasiya prosesinə başlamış, cavabdeh mediasiya zamanı da iştirak etməmişdir. Xüsusilə qeyd olunmalıdır ki, əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozularaq ona bu günə qədər işdən çıxarma əmrinin surəti, əmək kitabçası, əmək müqaviləsi təqdim edilməmiş, son haqq-hesab aparılmamışdır. Bu səbəbdən də o, qarşılıqlı olaraq razılaşdığı digər şirkətdə rəsmi olaraq işə başlaya bilmir. Əmək məcəlləsinin 83.2-ci maddəsinə əsasən, Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.” Əmək məcəlləsinin 300.1ci maddəsinə əsasən, “Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsiəşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.” Həmçinin o, bu müddət ərzində mənəvi və psixoloji sarsıntılar keçirmiş, stress altında olmuş, bunun nəticəsində nevroloji tarazılığı pozulmuşdur. Bununla əlaqədar həkimə müraciət etmiş, müvafiq müalicə təyin olunmuş, bu günə qədər o, həmin dərman vasitələrindən istifadə etməkdədir. Cavabdeh məhkəməyə iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, aşağıda qeyd edilənlərə əsasən İddiaçı iddiasını tamamilə əsassız hesab edirlər. Belə ki, xx.xx.2022-ci il tarixinə qədər iddiaçının cəmiyyətə maddi zərər vurması ilə bağlı faktları rəhbərlik tərəfindən müşahidə edilirdi. Lakin bu faktların dəqiq və etibarlı olması baxımından həmin faktların həqiqətə uyğun olub-olmaması yoxlanılır və dəqiqləşdirilirdi. Qeyd edilən faktlar ilkin olaraq öz təsdiqini tapdıqdan sonra xx.xx.2022-ci il tarixində bununla bağlı iddiaçıya şifahi olaraq məlumat verilmiş və cəmiyyətə maddi zərər vurduğu üçün onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən ləğv ediləcəyi barədə şifahi olaraq xəbərdar edilmişdir. Bundan sonra iddiaçı cəmiyyətə maddi ziyan vurması barədə faktların aşkar edildiyinə və Cavabdeh MMC tərəfindən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə əsasən ləğv ediləcəyinə əmin olduğundan onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsindən yayınmaq üçün elə həmin tarixdə başqa işə keçməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilməsi haqqında ərizə ilə cəmiyyətə müraciət etmişdir. İddiaçının fəaliyyətinin araşdırılması və yoxlanılması üçün xx.xx.2022-ci il tarixində komissiya təşkil edilmişdir. Yoxlamanın nəticələrinə əsasən iddiaçının cəmiyyətə maddi ziyan vurması aktı öz təsdiqini tapmış və bununla bağlı akt tərtib edilmişdir. İddiaçının cavabeh MMC-yə maddi ziyan vurması faktı təsdiqini tapdığı üçün onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin "c” bəndinə əsasən ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, yuxarıda qeyd edilən məzmunda izahat verdi. Əlavə olaraq bildirdi ki, o, əmək müqaviləsinə uyğun olaraq öhdəliklərini icra etmişdir. Onun barəsində qanunsuz olaraq aktı tərtib edərək işdən çıxardıblar. O, sadəcə kommersiya sirri ilə bağlı müqavilənin 2 bəndi ilə razı olmadığından həmin müqaviləni imzalamamışdır. Odur ki, onlar da onu işdən çıxartmaq istədilər, o da xx.xx.2022-ci il tarixində başqa işə düzəlməyi ilə əlaqədar işdən çıxarılmağı barədə ərizə yazdı ki, onu öz ərizəsi ilə işdən azad etsinlər. Cavabdeh Şirkətin rəhbərliyi isə ərizəsini qəbul edib işə gəlməməyini bildirmişdir. Daha sonra xəbər tutmuşdur ki, onu, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən işdən azad ediblər. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, cavabdeh şirkətdə hamıdan çox işləmişdir. Lakin buna baxmayaraq ona verilən bonus vədləri yerinə yetirilməmişdir. O da, başqa iş yerləri axtarmaq qənaətinə gəlmişdir. Ona yüksək əmək haqqı ilə iş təklifləri edilmişdir. MMC-də həmkarlar ittifaqı fəaliyyət göstərmirdi. Onun əmək haqqı 1200 manat olduğundan, işləmədiyi günlərə görə aylıq əmək haqqı ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun məzmunda izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəf iddiaçının Şirkətə maddi zərər vurduğunu iddia edirdisə, bu zaman iddiaçı və bu sahədə xüsusi biliyə sahib olan mütəxəssis (audit) Şirkətə dəvət edilməli, iddiaçının iştirakı ilə icra etdiyi işlər yoxlanılmalı, nöqsan aşkar edilərdisə bu barədə akt tərtib edilərdi. Əgər iddiaçınn iştirakı ilə keçirilmiş yoxlamanın nəticəsi ilə iddiaçı razılaşmasaydı və aktı imzalamaqdan imtina etsəydi, bu barədə də aktda qeyd aparılardı. Lakin cavabdeh Şirkət nə edir? öz əməkdaşlarından ibarət üç nəfərin iştirakı ilə (əməkdaşlardan biri də hazırda nümayəndə kimi iştirak edir) tələsik formal olaraq akt tərtib edirlər və aktda heç bir əsaslı dəlil göstərilmir. Eyni zamanda cavabdeh Şirkət iddiaçını işdən azad edərkən həmin akta da istinad etmir. Bu da əmək qanunvericiliyinin kobud şəkildə pozulması deməkdir. Cavabdeh Şirkət başqa bir əsas da gətirir ki, iddiaçı öz əri ilə xidmət müqavilələri bağlayıb və ərinə yüksək şəkildə xidmət haqqı ödəyib. Sual meydana gəlir, iddiaçı bu cür müqavilə bağlamaq səlahiyyətində olan şəxs idi? – cavab olaraq, xeyr. İşdə olan sənədlərdən də müəyyən edilir ki, iddiaçının belə müqavilə bağlamaq səlahiyyəti olmamışdır. Daha sonra cavabdeh şirkət bildirir ki, onlar iddiaçıya etimad göstərirdilər və möhürü iddiaçıya vermişdilər. Bu isə tamamilə əsassız bir mülahizədir. Möhür heç vaxt iddiaçıda olmamışdır. Əlavə olaraq, müqaviləyə möhürlə yanaşı imzada çəkilir, bəs imzanı kim çəkib? Onu da iddiaçı çəkib? Göründüyü kimi, cavabdeh çox əsassız faktorlara söykənərək iddiaçıya təzyiq göstərir. İddiaçı çox yaxşı işçi olub, öz öhdəliklərini yaxşı icra edib. Buna sübut kimi, işlədiyi dövrdə hər hansı tənbeh almaması, başqa iş yerlərindən ona yüksək əmək haqqı ilə iş təklif edilməsidir. Məhkəmə iclasında iştrak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək etirazda göstərilən məzmunda izahat verdi. Həmçinin əlavə olaraq bildirdi ki, iddiaçı ona göstərilən etimaddan sui-istifadə edərək, möhürdən istifadə edərək öz əri ilə yüksək məbləğli xidmət haqqı müqaviləsi bağlamışdır. Müqavilədə İT xidmətinə görə 4.000 manat xidmət haqqı yazılıb, lakin xidmətin nədən ibarət olduğu görünmür. Daha sonra iddiaçı müqavilə bağlamadan xidmət haqqı adı ilə 2 şəxsə şirkətdən ödənişlər edib, lakin hansı məqsədlə ödənilməsi Şirkətə məlum deyil. Bundan başqa, iddiaçı məhsulların qiymətini 2-3 dəfə şişirdərək Şirkətə satılmasına nail olmuş, bununla da şirkətə xeyli miqdarda ziyan vurmuşdur. Kommersiya sirri ilə bağlı müqaviləyə imza etməyə isə tərəf məcbur edilməmişdir. Sadəcə olaraq bu şirkətin tələbidir. Çünki, şirkətdə işçilərə başqa yerdə öyrədilməyən işlər öyrədilir. Daha sonra onlar gedib rəqib şirkətdə onlarda öyrəndiklərini tətbiq edirlər. Həmin müqavilədəki qadağalar bunlarla bağlı idi. Xanımın işdən azad olunmasına heç bir aidiyyəti yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdr. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək etirazda göstərilən məzmunda izahat verdi. Həmçinin əlavə olaraq bildirdi ki, iddiaçı özünü yaxşı işçi kimi göstərdiyinə görə onlar iddiaçıya etimad etmişlər. Möhür və imza iddiaçıda olduğuna görə, o, tapdığı Şirkətlərlə və ya fiziki şəxslərlə müqavilə bağlayıb imzalayırdı. Hazırda aparılan araşdırmada 2 naməlum şəxs müəyyən edildi ki, onlarla ümumiyyətlə müqavilə bağlanmayıb lakin onlara ödənişlər edilib. Belə faktlar çoxdur. Onlar Türkiyədə olarkən bir tədbiri təşkil etmək lazım idi, iddiaçı dedi ki, 1200 manata Türkiyədən özləri edərlər. Sonra məlum oldu ki, həmin tədbirin təşkili üçün cəmi 200-300 manat lazım imiş. İddiaçı kirayədə qaldıqlarını bildirərək, yoldaşının da onlarla işləməsini xahiş etmiş və onlarda buna etiraz etməmişdir. Lakin görünən odur ki, iddiaçı ilə əri birləşib Şirkətin pulundan sui-istifadə etmişlər. İddiaçı öz yoldaşına 3 gün xidmət göstərdiyini qeyd edib 3 gün üçün ödəniş etsə də, lakin həmin şəxs tərəfindən cəmi 1 gün xidmət gğstərmişdir. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, iddiaçıya əlavə bonuslar verilirdi. Cavabdeh şirkət özəl sektor olduğu üçün, işlərin bölgüsünü özləri həyata keçirirdi. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını və şahidin ifadəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının vəsatəti əsasında məhkəmə iclasında şahid qismində ifadə vermiş X10 bildirdi ki, o, iddiaçı ilə Cavabdehndə eyni dövrdə işləmişdir. O, Cavabdehndə layihə menecerinin köməkçisi vəzifəsində işləmişdir. Ondan işdən çıxacağı təqdirdə 5 il müddətində rəqib şirkətlərdə işləməməsi barədə müqaviləyə imza çəkməsi tələb olunmuş, lakin o, belə bir müqavilə ilə razılaşmadığı üçün məcbur qalıb könüllü qaydada ərizə yazıb işdən çıxmışdır. Əgər könüllü şəkildə ərizə yazıb işdən çıxmasaydı, onu da Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edəcəkdilər. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, Cavabdehndə 3-5 ay işləmişdir. O, həm layihə menecerinin verdiyi tapşırıqları, həm də rəhbərliyin verdiyi tapşırıqları yerinə yetirirdi. Möhür həmişə rəhbərlikdə olub, möhür heç vaxt nə ona nə də digər iş yoldaşlarına verilməyib. O, əmək funksiyalarını icra edərkən Şirkətə lazım olan xidmətləri tapırdı və qiymətlər barədə anket hazırlayıb, rəhbərliyə təqdim edirdi. Xidmət göstərən işçilərə və şirkətlərə ödənişlər rəhbərlik tərəfindən edilirdi. Belə ki, rəhbərliyin təsdiqi olmadan heç bir kəsə ödəniş edilə bilməzdi. Şirkədə işləyən Səbinə xanım onların təklif etdiyi müqaviləyə imza çəkmişdi, lakin Suzana xanım imza çəkməkdən imtina etmişdi. Günay xanıma isə ümumiyyətlə o müqaviləni imzalamasını təklif etməmişdilər. İş materiallarında olan: Cavabdeh və İddiaçı arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, sonuncu Cavabdehndə ofis inzibatçısı vəzifəsinə işə qəbul edilmişdir. İşçinin öhdəliklərinə daxildir: Marketinq tədqiqatlarının həyata keçirilməsi, marketinq planının hazırlanması; Şirkətin satış və marketinq sahəsini inkişaf etdirmək; Reklam və marketinq işlərinə nəzarət və ideyalar vermək, icra etmək; Effektiv satış planlarının hazırlanması, öncəki satışlar haqqında məlumatların təhlil olunması, gələcək fəaliyyət planlarının hazırlanması və Müştəri bazasının genişləndirilməsi və müştəri tələblərinin yerinə yetirilməsinə nəzarət olunması. İşçi xx.xx.2020-ci il tarixindən işə başlayır, müqavilə bir il müddətinə bağlanılır. İşçinin əmək haqqısı 319,55 manat təşkil edir. Cavabdeh direktoru Nümayəndə Firuddin oğlu (sifarişçi) ilə fiziki şəxs X6 (icraçı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli xidmət müqaviləsindən görünür ki, Sifarişçi informasiya texnologiyaları sahəsində dəstək xidmətlərinin göstərilməsini sifariş verib İcraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, İcraçı isə Sifarişçinin müəyyən etdiyi qaydada İnformasiya texnologiyaları sahəsində dəstək xidmətlərini göstərməyi öhdəsinə götürür. “X16” MMC–nin direktoru Nümayəndə Firuddin oğlu (sifarişçi) ilə fiziki şəxs X6 (icraçı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli xidmət müqaviləsindən və müqavilə 1 saylı Əlavədən görünür ki, Sifarişçi informasiya texnologiyaları sahəsində dəstək xidmətlərinin göstərilməsini sifariş verib İcraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, İcraçı isə Sifarişçinin müəyyən etdiyi qaydada İnformasiya texnologiyaları sahəsində dəstək xidmətlərini göstərməyi öhdəsinə götürür. İT dəstək xidmətinin haqqı-4655 manat məbləğində müəyyən edilmişdir. Tərəflər qismində Cavabdeh və İddiaçı göstərilmiş xx.xx.2022-ci il tarixli “kommersiya, peşə sirri və informasiyanın mühafizəsi haqqında” müqavilənin surətindən görünür ki, bu müqaviləyə əsasən işçi digər öhdəliklərlə yanaşı işdən azad olunduqdan sonra 5 (beş) il ərzində Şirkətin fəaliyyət göstərdiyi sahədə onunla rəqabətdə olan digər firmalarda işləməmək barədə də öhdəlik götürür. Bu müqavilə tərəflər tərəfindən imzalanmamışdır. İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, o, sonuncudan başqa işə düzəlməyi ilə əlaqədar xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Qeyd edilən ərizə Azerexpresspost tərəfindən xx.xx.2022-cı il tarixdə Cavabdehnə çatdırılmış, məktub MMCnin əməkdaşı Abdullayeva tərəfindən qəbul edilmişdir. İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, o, sonuncudan işdən azad edilməsi ilə bağlı ərizəsinə baxılmasını və müsbət rəy verilməsini, aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Qeyd edilən ərizə Azerexpresspost tərəfindən xx.xx.2022-cı il tarixdə Cavabdehnə çatdırılmış, məktub MMC-nin əməkdaşı Abdullayeva tərəfindən qəbul edilmişdir. Cavabdeh satış şöbəsinin rəhbəri Nümayəndə, İcraçı direktor X8 və baş mühasib X2 tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Cavabdeh MMC-də layihə meneceri vəzifəsində işləyən İddiaçı əmək funksiyalarını icra edərkən tutduğu vəzifəsindən sui-istifadə etməsi və bunun da nəticəsində müəssisəyə ziyan vurması ilə bağlı yaranmış şübhəli halların araşdırılmasını icra etdilər. Araşdırmanın icra edilməsi məqsədi ilə əmək funksiyalarının icra edilməsi ilə bağlı rəhbərlik tərəfindən verilmiş tapşırıqlar üzrə İddiaçı tərəfindən verilmiş tapşırıqlar icra edilmiş işlərlə bağlı sənədlər yoxlanmışdır. Araşdırma zamanı İddiaçı tərəfindən icra edilmiş işlər üzrə seçilmiş icraçılar, həmin icraçılar tərəfindən təklif edilmiş qiymətlər və bununla bağlı tərtib edilmiş sənədlər müqayisəli şəkildə analiz edilmişdir. Araşdırma zamanı aşkar edilmiş bir neçə fakt üzrə Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən verilmiş tapşırıqlar üzrə İddiaçı tərəfindən icra edilmiş işlərin real deyil şişirdilmiş qiymətlərlə icra etməsi və bunun da nəticəsində Cavabdeh MMC-yə maddi ziyan vurması faktları müəyyən edilmişdir. Belə ki, İddiaçı vəzifəsinin icrası ilə əlaqədar olaraq müxtəlif icraçılardan qiymət alaraq ən münasib qiyməti qəbul etməli olduğu halda o, yüksək və real olmayan şişirdilmiş qiymətləri qəbul etməklə Cavabdeh MMC-yə maddi ziyan vurmuşdur. Araşdırma zamanı həmçinin İddiaçı alınmış xidməti yüksək və real olmayan qiymətə öz əri X1 alması faktı da aşkar edilmişdir. Bundan başqa İddiaçı alınmayan xidmət üçün sənəd hazırlayaraq X9 və X3 alınmayan xidmət üçün elektron qaimə təqdim edilməsini təmin etməklə Cavabdeh MMC üçün xərc yaratmış və bununla da cəmiyyətə maddi ziyan vurmuşdur. Belə ki, aparılmış yoxlama nəticəsində İddiaçı yoxlama başa çatan ana qədər aşkar edilmiş faktlar üzrə Cavabdeh MMC-yə ümumilikdə 5666 manat məbləğində ziyan vurması müəyyən edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli 19 nömrəli əmrinin surətindən görünür ki, Baş ofis satış və marketinq meneceri vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ( işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) tutduğu vəzifədən sui-istifadə edərək Şirkətə maddi zərərin vurulmasına görə xx.xx.2022-ci il tarixdən xitam verilməsi, işçinin xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş 67 məzuniyyət gününün son haqq hesabın qanunvericiliyinə uyğun şəkildə hesablanıb ödənilməsinin maliyyə departamentinə həvalə edillməsi əmr edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X18 Events” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən ( işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İddiaçı tərəfindən X7 ünvanlanmış ərizə və izahatın surətlərindən görünür ki, o, sonuncuya Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edildiyini bildirərək, bu məsələnin araşdırılmasını və ona köməklik göstərilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tövsiyyə Vərəqəsinin və Resept Blanklarının surətlərindən görünür ki, İddiaçı həkim Təranə Haqverdiyevanın müayinəsində olmuş və birinciyə müalicə məqsədilə müxtəlif dərman preparatları yazılmışdır. X4 İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, sonuncunun müraciəti araşdırılmış və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Məşğulluq alt sisteminə tərəflərindən baxış keçirilərkən onunla cəmiyyətin rəhbərliyi arasında bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin "ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdə xitam verildiyi məlum olmuşdur. Eyni zamanda araşdırmaya təqdim edilmiş əmək haqqı bank hesabından çıxarışa əsasən 2770 manat son haqq-hesabının kapital bankdakı hesabına köçürüldüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Bildirilmişdir ki, Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən sənədlər təqdim olunduğu təqdirdə müraciətə yenidən baxılaraq cavab veriləcəkdir. Müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli iş təklifi məktubundan görünür ki, sonuncuya qeyd olunan MMC-də “Gross” əmək haqqı ayda 1500 manat olmaqla Marketinq işlər üzrə menecer vəzifəsi təklif edilmişdir. Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçı hazırki mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediatora müraciət etməsinə baxmayaraq, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. İddiaçı ilə 23 saylı Vəkil Bürosu arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, bu müqaviləyə görə vəkil sonuncuya əmək mübahisəsi üzrə hüquqi yardım göstərməyi, sonuncu isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli 21716 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, Vəkil1 hesabına 200 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı əmək qanunvericiliyinin aşağıda göstərilən maddi hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir; 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71.2-ci maddəsinə əsasən Bu məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması halı hesab edilir; 83-cü maddəsinin birinci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; 84.1-ci maddəsinə əsasən Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası;həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 84.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Beləliklə, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanaraq, iddiaçı cavabdeh Şirkətdə ofis inzibatçısı vəzifəsinə işə qəbul edilmiş və iddiaçı aşağıdakı əmək funksiyaları icra etməyi öhdəsinə götürmüşdür. -marketinq tədqiqatlarının həyata keçirilməsi; -marketinq planının hazırlanması; -Şirkətin satış və marketinq sahəsini inkişaf etdirmək; -reklam və marketinq işlərinə nəzarət və ideyalar vermək və icra etmək; -effektiv satış planlarının hazırlanması, öncəki satışlar haqqında məlumatların təhlil olunması; -gələcək fəaliyyət planlarının hazırlanması; -müştəri bazasının genişləndirilməsi və müştəri tələblərinin yerinə yetirilməsinə nəzarət olunması. xx.xx.2022-ci il tarixdə iddiaçı cavabdeh Şirkətə müraciət edərək, öz xahişi ilə işdən azad edilməsini xahiş etmiş, lakin cavabdeh Şirkət xx.xx.2022-ci il tarixdə iddiaçını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ( işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) işdən azad etmişdir. Hazırda iddiaçının tələbləri aşağıdaklardır: 1.cavabdeh tərəfindən qəbul edilmiş, cavabdeh ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 19 saylı, xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi;

2. onun xx.xx.2022-ci il tarixli ərizəsi əsasında cavabdehlə bağladığı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən xitam verilməsi; 3.dəymiş ziyan qismində qətnamə icra olunduğu günə qədər işləmədiyi dövr üçün orta aylıq 1200 manat əmək haqqının hesablanaraq ödənilməsi; 4.mənəvi ziyana görə 5.000 manat kompensasiyanın tutulması; 5.mediasiya xərci olaraq ödənilmiş 50 manat və vəkilə hüquqi yardım üçün ödənilmiş 200 manatın cavabdehdən tutularaq ona ödənilməsi. Məhkəmə birinci tələblə bağlı qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən verilmiş əmək müqaviləsinə xitam verilməsi barədə 19 saylı, xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsini iddia etməkdə haqlıdır. Əvvəla qeyd edilməlidir ki, cavabdeh tərəfindən verilmiş əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə iddiaçının yol verdiyi pozuntunun xarakteri və hansı nəticələrə səbəb olduğu ümumiyyətlə göstərilməmişdir. Məhkəmənin qənaətinə görə, işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmrin əsaslandırılmaması, eləcə də işçinin əmək funksiyalarının pozulmasına səbəb olan hərəkətlərinə dair rəsmiləşdirmənin aparılmaması əmək münasibətlərinin tərəfi kimi işçinin hüquqlarının pozulmasına səbəb olan hallardır. Cavabdeh tərəf əmrin verilməsinə əsasın Cavabdeh satış şöbəsinin rəhbəri Nümayəndə, İcraçı direktor X8 və baş mühasib X2 tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş akt olduğunu bildirsə də, lakin həmin akt əmrdə əmək müqaviləsinin ləğv edilməsi üçün əsas hesab olunan rəsmi sənəd kimi göstərilməmişdir. Cavabdehin nümayəndələri məhkəmə iclasında xx.xx.2022-ci il tarixdə tərtib edilmiş akta əsaslanaraq, İddiaçı tərəfindən icra edilmiş işlərin real deyil, şişirdilmiş qiymətlərlə icra edildiyi, yüksək və real olmayan qiymətə öz əri X1 xidmətlərin alınması barədə müqavilələr bağladığını, alınmayan xidmət üçün sənəd hazırlayaraq elektron qaimə təqdim edilməsini təmin etməklə MMC üçün xərc yaratdığını və bununla da cəmiyyətə 5666 manat məbləğində ziyan vurduğunu bildirsələr də, məhkəmə qeyd olunan aktı mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin akt cavabdehin əməkdaşları tərəfindən birtərəfli olaraq tərtib edilmiş, həmin akt tərtib edilərkən iddiaçı iştirak etməmiş və göstərilən pozuntulara dair izahatı alınmamış, ümumiyyətlə hər hansı xüsusi araşdırma aparılmamışdır. Bundan əlavə, məhkəməyə təqdim edilmiş əmək müqaviləsindən konkret olaraq görünür ki, iddiaçıya hər hansı müqavilənin bağlanması kimi əmək funksiyası tapşırılmamışdır. Cavabdeh tərəf iddiaçıya yüksək etimad göstərildiyi üçün müqavilələrin bağlamasının ona tapşırıldığını, eyni zamanda imza və möhürün ona verildiyini bildirsə də, qeyd olunanlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.Göründüyü kimi, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir. Göründüyü kimi, iddiaçı cavabdeh Şirkətə öz xahişi ilə işdən azad edilməsi ilə bağlı ərizə ilə müraciət etdikdən dərhal sonra cavabdehin qəti mövqedən çıxış edərək əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmadan birbaşa əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verməsi düzgün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli və cavabdeh tərəfindən qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçi əvvəlki vəzifəsinə bərpa edilməlidir. Məhkəmə iddia tələbinin dəymiş ziyan qismində qətnamə icra olunduğu günə qədər işləmədiyi dövr üçün orta aylıq 1200 manat əmək haqqının hesablanaraq işləmədiyi dövr üzrə ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Əvvəla ona görə ki, iddiaçının aylıq əmək haqqının 1200 manat olmasına dair işdə mötəbər sübut yoxdur. İkincisi də artıq məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qənaətinə gəlinmişdir, yəni qətnamə icra olunarkən onsuz da işburaxma müddəti üçün mövcud olan əmək haqqı tutulacaqdır. Bu zaman əmək haqqının məbləğinin fərqli olması mümkündür. Məhkəmə iddia tələbinin “iddiaçının xx.xx.2022-ci il tarixli ərizəsi əsasında cavabdehlə bağladığı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən xitam verilməsi” hissəsi ilə əlaqədar isə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən (cavabdeh) tərəfindən xx.xx.2022-ci il tarixində Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi səbəbindən onun (iddiaçının) xx.xx.2022-ci il tarixli ərizəsinə işəgötürən (cavabdeh) tərəfindən zəruri hüquqi qiymət verilməsi mümkün olmamışdır. Çünki Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci bəndi işəgötürən tərəfindən əmək müqaviləsinə yalnız bir əsasla xitam verilə bilməsini nəzərdə tutur. Başqa sözlə, işçi (iddiaçı) işəgötürən (cavabdeh) tərəfindən başqa əsasla işdən çıxarıldığından işəgötürən onun (iddiaçının) işdən çıxma ərizəsinə ümumiyyətlə münasibət bildirməmişdir. İndiki halda isə məhkəmənin gəldiyi qənaətə görə, tərəflər arasında əmək münasibətləri bərpa edilməlidir. Bu mənada məhkəmənin qənaəti ondan ibarətdir ki, həmin ərizəyə iddiaçının əvvəlki vəzifəsinə işə faktiki olaraq bərpa edilməsindən sonra işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinə müvafiq olaraq qiymət verilməlidir. Qeyd edilməlidir ki, Əmək Məcəllənin 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Əgər iddiaçı işə bərpa edildikdən sonra cavabdeh onun ərizəsindəki xahişini təmin etməzsə (əmək müqaviləsinə iddiaçının təşəbbüsü ilə xitam verilməzsə), iddiaçı bununla bağlı ümumi qaydada məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki halda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məqsədəmüvafiq deyildir. Məhkəmə iddia tələbinin “5.000 məbləğində mənəvi zərərin tutulması” hissəsi ilə əlaqədar isə qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə araşdırması zamanı iddiaçının məhz cavabdehin hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi halı müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi 5.000 manat məbləğində mənəvi zərərin tutulması hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən nəhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş mediasiya xərcinin 25 manatı və vəkilin göstərdiyi yardıma görə ödənilmiş xərcin 100 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh xx.xx.2022-ci il tarixli, 19 nömrəli əmri ləğv edilsin, o, əvvəlki vəzifəsinə işə bərpa edilsin və məcburi işburaxma günləri üçün ona əmək haqqı ödənilsin. Cavabdehndən ödənilmiş mediasiya xərcinin 25 (iyirmi beş) manatı və vəkilin göstərdiyi yardıma görə xərcin 100 (bir yüz) manatı İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar