Məhkəmə qərarları › İş №e-2(001)-1338/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1338/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1338/2025 11.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh X3 qarşı mülki iş üzrə (Açar sözlər: debitor borcun ödənilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:

1. İddiaçı İB cavabdeh X3 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək İddiaçınə olan debitor borc üzrə 2503,33 manat pulun və 45,04 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 2548,37 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2020-ci il tarixində 07- 760 nömrəli qazın alqı-satqısı barədə müqavilə bağlanmış, İddiaçı İB fərdi yaşayış evini təbii qazla təchiz edən G-4T markalı qaz sayğacı quraşdrmışdır. Cavabdeh yuxarıda qeyd edilən müqavilənin 2.3.2-ci yarımbəndinin tələblərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmişdir. Bildirilir ki, cavabdehin ödənilməmiş 2020-ci ilin may-dekabr ayları üzrə 134,40 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 623,30 manat sərfiyyat borcu və limitdən əlavə 16,95 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 628,87 manat sərfiyyat borcu və limitdən əlavə 26,88 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-dekabr ayları üzrə 511,87 manat sərfiyyat borcu və limitdən əlavə 58,88 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar-oktyabr ayları üzrə 451,76 manat sərfiyyat borcu və limitdən əlavə 36,74 manat sərfiiyyat borcu, cəmi 2503,33 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin may ayından 2024-cü ilin oktyabr ayına qədər cavabdeh 60 manat ödəniş etmişdir. Beləliklə cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği, yəni onun debitor borcu hazırda Abonentin saldosu üzrə ümumilikdə 2503,33 manat təşkil etməkdədir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir.

Mülki işin materialları:

5. xx.xx.2020-ci il tarixli, 07-760 nömrəli qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, qaz paylayıcı İddiaçı İB ilə istehlakçı X4 arasında fərdi yaşayış evinə dair müqavilə bağlanmış və həmin mənzilə qaz sayğacı quraşdırılmışdır.

6. Abonentin saldosundan müəyyən olunur ki, X2 qaz sərfiyyatına görə borcu 2024-ci ilin oktyabr ayı üçün 2503,33 manat təşkil edir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

7. Məhkəmə tərəfin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

8. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı İB ilə abonent X4 arasında xx.xx.2020-ci il tarixli, 07-760 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentin fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00065 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda qeyd edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) tələblərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmişdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

9. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

10. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzinin ödəməyə borcludur.

11. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:

12. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

13. 136.4-cü maddəsinə əsasən Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir.

14. 139.1-ci maddəsinə əsasən Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.

15. Azərbaycan Respublikası “Qaz təchizatı haqqında” Qanunun 13.10-cu bəndinə əsasən paylacının səlahiyyətli şəxsinin bu qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

16. Azərbaycan Respublikası Prezidentinin, “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” xx.xx.2000-ci il tarixli, 356 nömrəli Fərmanın 9-cu bəndində qeyd olunur ki, İddiaçı təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı il təsdiq edilmiş “Qazdan istifadə qaydalarının” 3.2.1-ci bəndinə əsasən istehlakçı qazdan istifadə və texniki təhlükəzlik üzrə qanunvericiliyin tələblərinə və bu “Qaydaların 1.6-cı bəndinə göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüququ akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir.

18. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı təbii qazdan istifadəyə görə yaranmış borcu tələb etməkdə haqlıdır.

19. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2.1-ci bəndinə əsasən paylayıcı, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etməlidir. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Qeyd edilən müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı qazdan istifadə qaydalarının tələblərinə əməl etməlidir. Göstərilən müqavilənin 2.3.6-cı bəndinə əsasən istehlakçı müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıyır.

20. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh təbii qazdan fasiləsiz istifadə etmək hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqaviləyə uyğun olaraq qaz sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə müqavilə əsasında təbii qazdan fasiləsiz istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqaviləyə uyğun olaraq qaz sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini ödəməli olmasına dair vəzifələrini isə yerinə yetirməmişdir.

21. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, debitor borc üzrə 2503,33 manat pul cavabdeh X1 tutularaq İddiaçı hesabına ödənilməlidir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 45,04 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

24. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X1 debitor borc üzrə 2503,33 manat və 45,04 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı cavabdeh X3 qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh X1 debitor borc üzrə 2503,33 (iki min beş yüz üç manat otuz üç qəpik) manat debitor borc və 45,04 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar