Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1348/2023 19.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs Taşı qızı cəlb edilməklə) “cavabdehin evdən istifadə hüququna xitam verilməklə həmin evdən pasport qeydiyyatından çıxarılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci Şimal Tingliyi, Xutor yaşayış sahəsi, 28/28 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə həmin evdən pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlar, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci Şimal tingliyi, Xutor yaşayış sahəsi, 28/28 ünvanında yerləşən fərdi yaşayış evinin hər biri müvafiq olaraq 2 otaqdan ibarət ½ hissənin mülkiyyətçiləridir. Üçüncü şəxs Maraqlı şəxs Taşı qızı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci Şimal tingliyi, Xutor yaşayış sahəsi, ev 28/28 ünvanında yerləşən fərdi yaşayış evinin 3-cü yaşayış otağının mülkiyyətçisidir. Bu hal Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, Qeydiyyat № ********** Dövlət Reyestrindən Seriya RX №0542651 Çıxarışa əsasən öz təsdiqini tapır. Həmin fərdi yaşayış evində hazırda cavabdeh - xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh qeydiyyatdadır, lakin ailə qurub Türkiyə Cümhuriyyətinə köçüb getdiyi səbəbindən qeyd olunan fərdi yaşayış evində yaşamır və həmin evdən yaşayış sahəsi kimi istifadə etmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, ******* saylı arayışından da görünür ki, xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh hazırda Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci Şimal tingliyi, Xutor yaşayış sahəsi, 28/28 ünvanında qeydiyyatdadır. Onlar, Binəqədi rayon Polis idarəsinə müraciət edərək, xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci Şimal tingliyi, Xutor yaşayş sahəsi, 28/28 ünvanında olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin Binəqədi rayon Polis İdarəsindən onlara xx.xx.2022-ci il tarixli 059-41707M-322 nömrəli məktubla imtina cavabı verilərək məhkəməyə müraciət etmək hüquqlarının olduğu bildirilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 14-29/249 saylı arayışında göstərilir ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci Şimal tingliyi, Xutor yaşayış sahəsi, 28/28 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olsa da, həmin evdə yaşamır. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci Şimal tingliyi, Xutor yaşayış sahəsi, 28/28 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olsa da, həmin evdə yaşamadığını aşağıda adları qeyd olunan qonşular: X2 - Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci Şimal tingliyi, Xutor yaşayış sahəsi, ev 6/6 ünvanında yaşayan; X1 - ünvan 5 ünvanında yaşayan təsdiq edə bilərlər. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən aşağıda göstərilənlərə əsasən imtina edilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli 244 saylı Fərmanının 2.2-ci bəndinə əsasən “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri hüdudlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və onun müvafiq qurumları (qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri) həyata keçirirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci Şimal Tingliyi, Xutor yaşayış sahəsi, 28/28 ünvanında yerləşən fərdi yaşayış evdə qeydiyyatda olsa da, həmin ünvanda yaşamır. Hazırda da iddiaçılar faktiki olaraq mülkiyyətlərində olan evdən formal olaraq qeydiyyatda olan şəxsin qeydiyyatdan çıxarılmasını xahiş edirlər. Bu isə yuxarıda qeyd edilən Plenum qərarında müəyyən edilmiş hüquqi mövqeyə uyğun olaraq mülki məhkəmə icraatının predmeti deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmçinin, iddia ərizəsinə əlavə edilmiş Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2022ci il tarixli məktubundan görünür ki, İddiaçı2 cavabdehin qeydiyyatdan çıxarılması ilə bağlı müraciətinə imtina cavabı almışdır. Beləliklə, hazırki iddiaya mülki məhkəmə icraatı qaydasında deyil, inzibati icraat qaydasında baxılmalı olduğundan ərizənin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçılara izah edilməlidir ki, onlar, mülkiyyətlərində olan fərdi yaşayış evindən cavabdehin qeydiyyatdan çıxarılması öhdəliyini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq qurumunun üzərinə qoyulması ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. Adı çəkilən Məcəllənin 114.1. və 114.1.2-ci maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır; Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edildiyindən İddiaçı2 tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (xx.xx.2022-ci il tarixli ********** nömrəli qəbz) da onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs Taşı qızı cəlb edilməklə) “cavabdehin evdən istifadə hüququna xitam verilməklə həmin evdən pasport qeydiyyatından çıxarılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçılara izah edilir ki, onlar, mülkiyyətlərində olan fərdi yaşayış evindən cavabdehin qeydiyyatdan çıxarılması öhdəliyini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq qurumunun üzərinə qoyulması ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edə bilərlər. İddiaçı2 tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2022-ci il tarixli ********** nömrəli qəbz) onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-1348/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1348/2023
19.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver