Məhkəmə qərarları › İş №e-2(001)-138/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-138/2023

07.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-138/2023 07.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin 143 saylı, 03 mart 2006-cı il tarixli qərarı ilə, Biləcəri Bələdiyyəsi hüdudları daxilində 500 kv.m. torpaq sahəsi alqı-satqı yolu ilə, fərdi yaşayış evi tikmək məqsədi ilə, əlavə olunmuş cizgi əsasında iddiaçının adına sənədləşdirilmişdir. İddiaçı həmin torpaq sahəsinə böyük xərclər hesabına hasar çəkdirmişdir. Qərarın verildiyi tarixdən bu günə qədər həmin torpaq sahəsi tam olaraq 16 il iddiaçının və ailə üzvlərinin istifadəsində olmuşdur. Onlar birlikdə bu 16 il ərzində həmin torpaq sahəsinə qulluq etmiş, göyərti və tərəvəz əkib becərmiş, torpağa faktiki olaraq sahiblik etmiş və torpaqdan istifadə etmişlər. Lakin sonradan, təxminən bir il bundan əvvəl biz həmin torpaq sahəsinə baş çəkmək üçün gedən zaman, torpaq sahəsinin başqa bir şəxs - Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edildiyini gördülər. İddiaçı cavabdehdən torpaq sahəsini tərk etməyi tələb etmiş, lakin cavabdeh iddiaçıya məxsus olan torpaq sahəsini tərk etmək əvəzinə, həmin torpaq sahəsinə daş və qum daşıtdıraraq fərdi yaşayış evi tikməyə hazırlaşmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə görə, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə işə mahiyyəti üzrə baxılmasını və iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini məhkəmədən xahiş etdi, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, mübahisəli torpaq sahəsi anası olan cavabdehə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən 30 dekabr 2005-ci il tarixli, 1938 saylı qərarla verilmişdir. Həmin torpaq sahəsi anası Cavabdeh məxsusdur və həmin torpaq sahəsində iddiaçı tərəfindən heç bir abadlıq işləri aparılmamış, ağaclar əkilməmişdir. Belə ki, həmin ərazidə ümumiyyətlə suvarma sistemi yoxdur, torpaqda nəsə becərmək üçün isə su lazımdır. Həmin torpaq sahəsinin ümumiyyətlə Bakı şəhəri Biləcəri Bələdiyyəsinə hər hansı aidiyyəti yoxdur. Belə olan halda iddiaçının anasına qarşı irəli sürdüyü tələblərin qanuni əsasları ona aydın deyil. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 1938 saylı qərarından görünür ki, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 500 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə Cavabdeh mülkiyyətinə ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri X1 xx.xx.2006-cı il tarixli, 143 saylı qərarının təsdiq olunmamış surətindən görünür ki, Biləcəri bələdiyyəsi hüdudları daxilində uzun müddətdən bəri tikdirdiyi evin (*halbuki, iddiaçı özü iddia ərizəsində həmin ərazidə yalnız göyərti-tərəvəz əkdiyini, evin tikilməsinə isə cavabdehin hazırlıq görməsini bildirmişdir) altındakı və ətrafındakı 500 kv.m. torpaq sahəsinin əlavə edilmiş cizgi əsasında alqı-satqı yolu ilə İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən sənədlərin təsdiq olunmuş surətlərini və müvafiq məlumatları əldə etmək üçün həm Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə, həm də Bakı şəhəri Biləcəri qəsəbə Bələdiyyəsinə sorğu verilmişdir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən məhkəməyə müvafiq sənədlər göndərilmiş və aşağıdakı məzmunda cavab verilmişdir: “ ... Binəqədi qəsəbə Bələdiyyəsinin 1938 saylı, 30 dekabr 2005-ci il tarixli Qərarına əsasən vətəndaş Cavabdeh, Binəqədi qəsəbəsinin inzibati ərazisinin hududları daxilində fərdi yaşayış evinin tikintisi ücün 500 kv.m. torpaq sahəsi ayıraraq adına rəsmiləşdirilmişdir. Qeyd olunan torpaq sahəsinə iddiaçı qismində çıxış edən İddiaçı Binəqədi qəsəbə Bələdiyyəsinə hər hansı məqsədlə heç bir müraciəti daxil olmamış və adına Binəqədi qəsəbə Bələdiyyəsində torpaq sahəsinin alqı-satqısına dair sənədləşmə mövcud deyildir”. Bakı şəhəri Biləcəri qəsəbə Bələdiyyəsi tərəfindən isə məhkəmənin sorğusuna hər hansı cavab verilməmiş, müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir.. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 2343/2022 saylı qərardadı ilə məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: “1. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 143 saylı qərarı ilə İddiaçı ayrılmış 500 kv.m. torpaq sahəsi Biləcəri Bələdiyyəsinin hüdudları daxilində yerləşirmi? 2. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 143 saylı qərarı ilə İddiaçı ayrılmış 500 kv.m. torpaq sahəsi məqsədli təyinatına və hüquqi rejiminə görə hansı kateqoriya torpaqlara aiddir? 3. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 143 saylı qərarı ilə İddiaçı ayrılmış 500 kv.m. torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdirmi?

4. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 143 saylı qərarı ilə İddiaçı ayrılmış 500 kv.m. torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 1938 saylı qərarı ilə Cavabdeh ayrılmış 500 kv.m. torpaq sahəsi ilə üstüstə düşürmü?”. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2022-ci il tarixli, 10/8235 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ … Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdsarəsinin mütəxəssis rəyinə əsasən, göstərilmiş ərazinin dövlət mülkiyyətində olduğu və sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilmədiyi müəyyən olundu. Mütəxəssis rəyinə əsasən, göstərilən sahənin “Yaşayış məntəqələri torpaqları” kateqoriyasına aid olduğu müəyyən olundu. Faktiki olaraq 783 kv.m. təşkil edən torpaq sahəsi dövlət qeydiyyatına alınmadığı üçün və bələdiyyə sənədlərinə əlavə edilmiş çizgidə dəqiq istinad məsafələri və ölçüləri göstərilmədiyi üçün torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilib-edilməməsinə dair sualını cavablandırmaq mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, torpaq sahəsi dövlət qeydiyyatına alınmadığı üçün ayrılmış 500 kv.m. torpaq sahəsinin sənəd üzrə üst-üstə düşüb-düşməməsi müəyyənləşdirmək mümkün olmamışdır”. Beləliklə, ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi ümumiyyətlə dövlət mülkiyyətinə aiddir və hər hansı bələdiyyənin həmin torpaq sahəsi üzrə sərəncam vermək hüququnun mövcud olması iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmır. Eyni zamanda iddiaçı ona bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini iddia etsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2022-ci il tarixli, 10/8235 saylı ekspert rəyi ilə isə iddia ərizəsində qeyd olunanlar öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi irəli sürülməzdən əvvəl Bakı şəhəri X1 xx.xx.2006-cı il tarixli, 143 saylı Qərarı ilə İddiaçı mülkiyyətinə ayrılmış torpaq sahəsinin bələdiyyə tərəfindən ona naturada təhvil verilməsi və torpağa dair miqyas, koordinat, hər hansı istinad nöqtəsindən məsafə göstərilən cizginin tərtib edilməsi zəruri idi. Hazırkı vəziyyətdə isə iddiaçının məhz mübahisələndirdiyi torpaq sahəsinə hər hansı hüqunun olmasını iş materiallarında olan sənədlərə əsasən müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, “ ... mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar