Məhkəmə qərarları › İş №e-2(001)-1424/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1424/2025

07.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1424/2025 07.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Maqsudova (Abbasova) Təranə Qaryağdı qızının və Cavabdeh2 onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X.Dairəvi küçəsi, ev 5, 6 saylı mənzil onun mülkiyyətindədir. Cavabdehlər onun keçmiş gəlini və nəvəsidir. X10 cavabdeh Maqsudova (Abbasova) Təranə Qaryağdı qızı ilə xx.xx.2002-ci il tarixində nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar. Onların həmin nikahdan xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh2 adlı uşağı olmuşdur. X1 Rayon Məhkəməsinə müraciət edərək oğlu ilə aralarındakı nikahın pozulmasını xahiş etmişdir. Həmin iddia tələbi xx.xx.2008-ci il tarixli məhkəmə iclasında Maqsudova (Abbasova) Təranə Qaryağdı qızı bildirmişdir ki, aralarında yaranan xasiyyət uyğunsuzluğu və digər səbəblərdən 2008-ci il tarixində ünvan 2 ünvandan çıxmış və bir daha geri qayıtmamışdır. Beləliklə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(001)-64/2009 saylı qətnaməsi ilə oğlu və keçmiş gəlini arasındakı nikah pozulmuşdur. Artıq 2008-ci ildən bugünə kimi cavabdehlər onun mülkiyyətində olan ünvanda yaşamırlar. Lakin bugünə kimi cavabdehlər onun mülkiyyəti olan ünvan 2 ünvanda pasport qeydiyyatında qalmışdır. Mənzilin bütün kommunal xərclərini o, ödəyir. Həmin şəxslərin evində qeydiyyatda qalmağı ona maddi cəhətdən ziyan vurduğundan əlavə kommunal xərcləri ödəmək məcburiyyətində qalır və mənzilinə mülkiyyət hüquqlarından istifadə edə bilmir. Ona görə də cavabdehlərin ona məxsus evdən istifadə hüququ itirilməlidir. Azərbaycan Respublikası Konsititusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd edildiyi kimi icarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edir. Cavabdeh1 nümayəndəsi X7 27 yanvar 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbini qəbul etmir, cavabdehlərin mənzilə köçürülməsi barədə Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 12 fevral 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Onların həmin mənzilə köçürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Onu təhqir etdikləri üçün hal-hazırda həmin mənzildə yaşaya bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X7 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir, cavabdehlərin mənzilə köçürülməsi barədə Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilmiş digər Cavabdeh2 isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* №-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Xarici dairəvi küçəsi, məhəllə 3123-də istifadədə olan 0.11 ha torpaq sahəsində yerləşən 5 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində, 59.24 kv.m ümumi, 37.04 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 6 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 844 nömrəli reyestr kitabının 78599 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X22, Cavabdeh1, X11, İddiaçı, X21, Cavabdeh2 və X8 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X.Dairəvi küçəsi, ev 5, 6 saylı mənzildə daimi qeydiyyatdadırlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 yanvar 2009-cu il tarixli, 2(001)- 64/2009 saylı qətnaməsinin surətindən görünür ki, X5 ilə X21 arasında xx.xx.2002-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində 727 № ilə qeydə alınmış nikah pozulmuş, nikah pozularkən xx xxxxxxxx 2003-cü ildə anadan olmuş X13 anası X2 himayəsində saxlanılması qət edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X.Dairəvi küçəsi, ev 5 ünvanında qeydiyyatda olan X18 (AZE № 8221969, mənzil 7), X12 (AA № 2854766, mənzil 5) və X6 (AZE № 16300181, mənzil 1) tərəfindən imzalanmış 14 yanvar 2025-ci il tarixli Aktdan görünür ki, qonşuları İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, X.Dairəvi küçəsi, ev 5 ünvanında yerləşən 6 saylı mənzildə ev sahibinin keçmiş gəlini Maqsudova (Abbasova) Təranə Qaryağdı qızı və onun oğlu Cavabdeh2 uzun müddətdir yaşamır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-954/2009 saylı, 29 mart 2009-cu il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı X2 cavabdeh X14, İddiaçı Kərim oğluna, X15 və X9 qarşı “mənzilə köçürülmə və mənzildən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçı X2 azyaşlı oğlu Elcanla birlikdə daimi qeydiyyatda olduqları Bakı şəhəri, Binəqədi rayonu, Xarici dairəvi küçəsi 5 saylı evin 6 saylı mənzilinə köçürülmələri qət olunmuşdur. Həmin qətnamədən aydın olur ki, məhkəmə iddianın qismən əsaslı qənaətinə gələrkən mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə istinadən belə əsaslandırmışdır ki, mülkiyyətçi İddiaçı Kərim oğlunun Bakı şəhəri, Binəqədi rayonu, Xarici dairəvi küçəsi 5 saylı evin 6 saylı mənzili üzərindəki mülkiyyət hüquqları dövlət tərəfindən tanınan və qorunan hüquq olduğu kimi, X2 da həmin mənzil üzərindəki istifadə hüquqları dövlət tərəfindən tanınan və qorunan hüquqdur, həmçinin onların həmin mənzildən istifadə hüquqları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən mülkiyyətçi İddiaçı Kərim oğlu tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 2(103)-2728/2009 saylı, 05 iyun 2009-cu il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin olunmayaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-954/2009 saylı, 29 mart 2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Binəqədi rayon məhkəmə icraçıları şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2009-cu il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 954/2009 saylı, 29 mart 2009-cu il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 80 saylı Mənzil- Kommunal İstismar Sahəsinin məhkəməyə ünvanladığı 26 fevral 2025-ci il tarixli, 11 №-li cavab məktubundan görünür ki, ünvan 4 ünvanına tərəflərindən baxış keçirilən zaman məlum oldu ki, Cavabdeh1 və Cavabdeh2 həmin ünvanda yaşamırlar. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən Binəqədi Rayon Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin Bakı şəhəri, Binəqədi rayonu, Xarici dairəvi küçəsi 5 saylı evin 6 saylı mənzili üzərində istifadə hüquqlarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaranmış olduğu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsbit edilmişdir və bu baxımdan həmin məsələsinin ayrıca araşdırılmasına ümumiyyətlə zərurət olmamaqla bu, prosessual qənaət prinsipinə də uyğun hesab edilməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Beləliklə də, məhkəmə hesab edir ki, cavabdehlərin ünvan 1 ünvanda yerləşən mənzilə istifadə hüquqları qanuni əsaslarla mövcud olduğundan və hal-hazırda iddiaçı tərəfindən cavabdehlərin həmin yaşayış sahəsinə ehtiyacının aradan qalxmasına dair məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən onların həmin mənzildən istifadə hüquqlarının itirilməsi barədə iddia tələbi əsassızdır. Eyni zamanda, mənzilin mülkiyyətçisi tərəfindən cavabdehlərə istifadə hüququnun itirilməsi əvəzində kompensasiya verilməsi ilə bağlı iddia tələbi verilmədiyindən, məhkəmə tərəfindən belə bir hal üzrə araşdırma aparılmamalı və mövcud tələb üzrə qərar qəbul edilməməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi barədə iddia ərizəsi, yəni “cavabdehlər Maqsudova (Abbasova) Təranə Qaryağdı qızının və Cavabdeh2 onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə həmçinin hesab edir ki, iddia əsassız olduğundan iş üzrə ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar