Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1449/2024 04.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə (MTK) qarşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə, “sənədlərin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 04 aprel 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin halları: Podratçı” olaraq Cavabdeh2 ilə “Sifarişçi” adlanan İddiaçı arasında bağlanmış 19 mart 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”yə əsasən, “Podratçı” Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., S.S.Axundov küçəsi, 3123-cü məhəllədə tikilməkdə olan yaşayış binasının 3-cü blokunda 17-ci mərtəbədə 1 otaqlı R nömrəli, ümumi sahəsi 68 kv.metr olan mənzilin tikintisini öz öhdəsinə götürmüş, mənzilin qiyməti 47600 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən mənzilin dəyəri tam olaraq ödənilməsinə baxmayaraq, cavabdehlər mənzilin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləri iddiaçıya verməkdən yayınmışlar. Buna görə də, İddiaçı Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün həmin mənzilin ona verilməsi barədə mənzil—tikinti kooperativinin üzvlərinin ümumi yığıncağının qərarının (plan-cizgi əlavə edilməklə) və borcunun olmaması barədə maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 ilə 19 mart 2012-ci il tarixdə çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə bağlamışdır. Müqavilə bağlanılan zaman cavabdeh podratçı qismində çıxış edərək fərdi sahibkar kimi müqaviləyə imza ataraq, möhür vurmuşdur. Lakin müqaviləyə və müqaviləyə 1 saylı Əlavəyə vurulan möhürün xaricində fiziki şəxs kimi cavabdehin adı və vöen-i qeyd edilsə də, möhürün daxilində 2-ci cavabdeh olan Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin adı qeyd edilmişdir. Müqaviləyə görə cavabdeh ünvan 2cü məhəllədə tikilməkdə olan yaşayış binasının 3-cü blokunda, XVİİ mərtəbədə, ümumi sahəsi 68 kv.m-dən ibarət olan 1 otaqlı R nömrəli mənzilin tikilib iddiaçıya təhvil verməsini öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti 47600 manat olmaqla, 12 ay müddətinə bağlanmışdır. Sonradan bina tikilib qurtarandan sonra iddiaçıya bildirilmişdir ki, ünvan dəyişdirilib və ona məxsus mənzil ünvan 2cü məhəllədə tikilən çoxmənzilli yaşayış binasının 401 saylı blokunda, 17-ci mərtəbədə 1 otaqlı 367 nömrəli mənzildir. Nəhayət, bina tikilib yekunlaşmış, sakin kimi iddiaçı mənzilini təmir etdirirək hal-hazırda da həmin mənzildə yaşamaqdadır. İddiaçı mənzilin dəyərini 12 aya ödəməsə də, bu iddianın verildiyi tarixə tam ödəniş edərək öz öhdəliyini 100% yerinə yetrimişdir. Bununla bağlı ödəniş qəbzləri mövcuddur. Mənzilin dəyərini iddiaçı cavabdehlərin kassasına ödəmiş və ona hər ödənişə görə sözügedən mənzilin dəyərinin ödənilməsi barədə imzalı, möhürlü qəbz və ya arayış verilmişdir. Bina istismara qəbul edildiyindən və artıq sakinlərin öz mülkiyyətlərini dövlət reyestrində qeydiyyata aldırdığından (reyestrdən çıxarış), iddiaçı da cavabdehlərə borcu olmadığından mənzilinə çıxarışın alınması üçün maliyyə arayışının, ümumi yığıncağın qərarının (plancizgi əlavə edilməklə) verilməsi ilə bağlı müraciət etmişdir. Lakin cavabdehlər mənzilə dair həmin sənədlərin verilməsindən imtina edərək, əvvəl 2000 manat ödəniş, daha sonra isə 20000 manat gecikməyə görə ödəniş tələb etmişlər. Həmin ödənişlərin hansı əsasla, müqavilənin hansı bəndinə, qanunvericiliyin hansı müddəasına əsasən 11 ildən sonra istəmələrini əsaslandıra bilməyərək, hər hansı yazılı cavab verməmişlər. Mənzil almaq üçün müqavilə ilə müəyyən edilmiş pul vəsaitini tam ödəmiş şəxsdən hər hansı əlavə ödənişin tələb edilməsi tamamilə qanunsuzdur. İştirak etdiyi əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) Vəkil1 iddianı müdafiə etdiklərini bildirərək, izahatında göstərmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 19 mart 2012-ci il tarixli müqaviləyə əsasən, iddiaçı sözügedən mənzilin dəyəri olan 47600 manatın 21 faizini ilkin ödəniş kimi etmiş, qalan 79 faizi isə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Həmin qalıq ödəniş 12 ay deyil, daha gec müddətə həyata keçirilsə də, nəticə olaraq hazırki dövrdə iddiaçının mənzilə görə cavabdehə borcu yoxdur. Lakin, cavabdeh əsassız olaraq mənzilin dövlət qeydiyyatına alınması üçün əsas olan sənədləri iddiaçıya təqdim etmir. İştirak etdiyi əvvəlki məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil2 izahatında göstərmişdir ki, iddianı qəbul etmirlər, iddiaçının mənzillə bağlı borcunun olmadığı məlumdur. Lakin, iddiaçı mənzilin dəyərini 11 ilə ödəmişdir. Hazırda Cavabdeh2 İddiaçı qarşı mənzilin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də, həmin mübahisəyə baxılıb yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: - “Podratçı” olaraq Cavabdeh2 ilə “Sifarişçi” adlanan İddiaçı arasında bağlanmış 19 mart 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”dən görünür ki, “Podratçı” Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., S.S.Axundov küçəsi, 3123-cü məhəllədə tikilməkdə olan yaşayış binasının 3-cü blokunda 17-ci mərtəbədə 1 otaqlı R nömrəli, ümumi sahəsi 68 kv.metr olan mənzilin tikintisini öz öhdəsinə götürmüş, mənzilin qiyməti 47600 manat müəyyən edilmiş, müqavilə imzalanarkən “Sifarişçi” mənzilin ümumi dəyərinin 21 faizini ödəməyi, qalan 79 faizini isə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə “Podratçı” qismində Cavabdeh2 tərəfindən imzalanmış, Cavabdeh1 MTK-nın möhürü ilə təsdiq edilmişdir. - Cavabdeh2 tərəfindən verilmiş arayışda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., S.S.Axundov küçəsi, 3123-cü məhəllədəki yaşayış binasında 3-cü blok, 17-ci mərtəbədə 367 nömrəli mənzil İddiaçı məxsusdur. - Ödəniş qəbzlərindən (arayışlardan) görünür ki, iddiaçı tərəfindən sözügedən mənzillə bağlı 2012-ci ildən 2023-cü ilədək olan dövrdə hissəvi şəkildə olsa da, nəticə etibarilə tam ödəniş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139-1.1-ci və 139-1.1.6-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əsas hesab olunur. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. - 442.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. - 113.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyriyaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. - 113.2-ci maddəsinə əsasən, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İşin müəyyən edilən hallarına görə tərəflər arasında 19 mart 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” bağlanmış, həmin podrat müqaviləsində ünvan 2cü məhəllədə tikilməkdə olan yaşayış binasının 3-cü blokunda, XVİİ mərtəbədə, ümumi sahəsi 68 kv.m-dən ibarət olan 1 otaqlı R nömrəli mənzilin tikilib iddiaçıya təhvil verməsini cavabdeh öhdəsinə götürmüş, Buna görə 47600 manat məbləğində pulun 12 ay müddətinə ödənilməsi öhdəliyini iddiaçı üzərinə götürmüşdür. Müqavilə üzrə öhdəliklərin icra edilməsi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı sözügedən mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması ilə bağlı zəruri sənədlərin cavabdeh tərəfindən verilməməsi ilə bağlıdır. Məhkəmə aşağıdakılara əsasən iddiaçının dəlilləri ilə razılaşır. İlk növbədə qeyd olunamılıdır ki, iddiaçının mülkiyyət hüquqları rəsmi reyestrdə qeydə alınmasa da, həmin mənzil sonuncunun qanuni sahibliyi və istifadəsindədir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, “....Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri¬¬yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır.”. Həmin Qərarda belə nəticəyə gəlinmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.”. Hazırkı halda iddiaçı tərəfindən mübahisəli mənzilə dair pay haqqını tam ödəməsi iş üzrə mübahisələndirilmir. Cavabdehin isə mənzilə görə haqqın müqavilə ilə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə iddiaçıya zəruri sənədləri verməkdən imtina etməsi əsassızdır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İşin faktiki halları və təqdim edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçı ilə cavabdehlər arasında 19 mart 2012-ci il tarixdə müqavilə bağlanmış və bununla da onlar arasında öhdəlik münasibətləri yaranmışdır. İddiaçı mənzilin müqavilədə razılaşdırılmış dəyərini tam olaraq cavabdehə ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mənzilə görə 19 mart 2012-ci il tarixdən etibarən mütəmadi hissəvi şəkildə pulun ödənilməsinə cavabdehlər etiraz etməmiş, faktiki olaraq iddiaçının üzərinə göterdüyü öhdəliyi üzrə icranı qəbul edərək, mənzili ona təhvil vermişlər. Belə olan halda iddiaçının qanuni sahibliyində və istifadəsində olan ünvan 1 ünvanında yerləşən mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün zəruri sənədlərin cavabdehlər tərəfindən verilməsindən imtina olunması əsassızdır və iddiaçının mülkiyyət hüquqlarını pozmaqla yanaşı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə də ziddir. Odur ki, iddia təmin edilməlidir. İddia təmin edildiyindən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaiti də müştərək qaydada cavabdehlərdən iddiaçının xeyinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzilə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün həmin mənzilin ona verilməsi barədə mənzil-tikinti kooperativinin üzvlərinin ümumi yığıncağının qərarının (plan-cizgi əlavə edilməklə) və borcunun olmaması barədə maliyyə arayışının verilməsi öhdəliyi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə həvalə olunsun. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 MTK-dan İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-1449/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1449/2024
04.04.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver