Məhkəmə qərarları › İş №e-2(001)-146/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-146/2024

01.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-146/2024 01.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı torpaq sahəsinin texniki pasportda qeyd edilən ilkin vəziyyətdə bərpa edilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı torpaq sahəsinin texniki pasportda qeyd edilən ilkin vəziyyətdə bərpa edilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq nəticəsində Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus əmlak kompleksinin yerləşdiyi, dövlət mülkiyyətində olan 4346.2 kv.m. torpaq sahəsinin bir hissəsində cavabdeh tərəfindən qanunvericiliyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin razılığı alınmadan özbaşına qeyri-yaşayış obyektinin inşa edildiyi aşkar olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.46-cı yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin, özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına, onların təyinatının dəyişdirilməsinə razılıq vermək, dövlətə məxsus olan hüquqi şəxslərin və özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı üzrə istifadəsi vəziyyətinin araşdırılması məqsədilə monitorinq aparmaq və aşkar edilmiş pozuntu hallarının aradan qaldırılması üçün tədbirlər görmək; 3.0.36-ci yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərə və özəlləşdirilən hüquqi şəxslərə məxsus obyektlərin (əmlakın) və torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq Xidmətin vəzifələridir. Beləliklə, qanunvericiliyə əsasən cavabdeh tərəfindən dövlət mülkiyyətində və onun istifadəsində olan torpaq sahəsində müvafiq tikinti işlərinin aparılması üçün Əmlak Məsələləri Dövlət Xidmətindən razılıq alınmalı olduğu halda, cavabdeh belə bir razılıq almadan tikinti işlərini aparmışdır ki, bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti iddia etirazını onunla əsaslandırmışdır ki, iddiadan da göründüyü kimi iddia tələbi qərəzlidir və onu əsaslandırmaq üçün istinad olunan qanunların iddia tələbinə heç bir aidiyyatı yoxdur. Ona görə qərəzlidir ki, "Kristalİ Plus” QSC-nin fəaliyyət göstərdiyi torpaq sahəsi onun istifadəsindədir. "Özəlləşdirmə haqqında” Azərbaycan Respublikası qanunvericiliyinə əsasən həmən torpaq sahəsinin "Kristalİ Plus” QSC-nin xeyrinə özəlləşdirilməsi barədə məhkəmənin 2 ədəd qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Dövlət adından verilmiş və icra fiziki və hüquqi şəxslər üçün məcburi olan məhkəmə qətnaməsinin 2017-ci ildən bu yana iddiaçı tərəfindən icra olunmaması və bununla bağlı tələbkar kimi "xxxx" QSC-nin bütün nəzarətedici orqanlara şikayət etməsidir. Qanunun tələbindən göründüyü kimi cavabdeh istifadəsində olan hündürlüyü 5 metrdən az, sahəsi 35 m2 (iddiaçının xx.xx.2021 -ci il tarixli aktı) bir mərtəbəli yardımçı tikili olan istirahət otağının tikintisinə icazə tələb olunmur. Qanunun 79.2 maddəsinə əsasən ‘'Bu Məcəllənin 79.1.1, 79.1.2 va 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Bununla bağlı cavabdeh tərəfindən 22/146 saylı xx.xx.2022-ci il tarixli məktubla Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət ünvanlanmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4316/2022 saylı qərardadı ilə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh QSC-yə qarşı “torpaq sahəsinin texniki pasportda qeyd edilən ilkin vəziyyətinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, “ ... ünvan 3 ünvanında yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmadığından cavabdeh tərəfindən icarə haqqı ödənilməmişdir. Qeyd olunan torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli Sərəncamı ilə istehsalat kompleksinin layihələndirilməsi və tikintisi üçün “Sparklinq Star” Səhmdar Cəmiyyətinə ayrılmış, sonuncu isə həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsini Cavabdeh QSC-yə satmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2012-ci il tarixdə verilmiş ******* nömrəli Çıxarışdan isə görünür ki, ünvan 4 ünvanında yerləşən 4118.6 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsi Cavabdeh QSC-nin mülkiyyətində, 0.25902 ha torpaq sahəsi dövlət mülkiyyətindədir. Torpaq sahəsi üzərində hüququn növü isə istifadədir. Göründüyü kimi dövlət torpağı cavabdehin istifadəsinə verilsə də, torpaq sahəsinə dair cavabdeh ilə müqavilə bağlanmamış, buna görə də icarə haqqı ödənilməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin predmetini təşkil edən tələb iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Eyni zamanda, tərəflər arasında olan hüquq münasibətlərinin xarakterindən aydın olur ki, hüquq münasibəti tərəflərin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Belə olan halda məhkəmə qeyd edir ki, hazırkı mübahisənin predmetini təşkil edən tələbin və tərəflər arasında olan hüquq münasibətlərinin xarakterinin tərəflərdən yalnız birinin, yəni cavabdehin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir”. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X8 izahatında məhkəməyə bildirdi ki, mübahisəli torpaq sahəsində 35 kv.m. sahəsi olan tikili inşa edilib və hal-hazırda iddiaçı həmin tikilinin sökülərək torpaq sahəsinin texniki pasportda göstərilən vəziyyətə qaytarılmasını tələb edir. Mübahisəli torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı cavabdehin iddiaları olub, lakin həmin məsələnin hazırkı işlə hər hansı əlaqəsi yoxdur. Məhkəmə aktı icra edilib özəlləşdirilmə başa çatanadək istənilən tikili ilə əlaqədar mülkiyyətçinin rəyi alınmalı idi. Cavabdeh ilkin olaraq bildirmişdir ki, mübahisəli ərazidə hər hansı əsaslı tikili mövcud deyil, həmin yer çöl divara bitişikdir və sadəcə üzərinə şüşədən dam inşa edilib. Lakin ekspert rəyindən görünür ki, bu belə deyil, orada kafe/restoran kimi normal tikili tikilib. Mübahisəli torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı məhkəmə aktının hansı səbəblərdən bu günədək icra edilməməsi ilə bağlı onda məlumat yoxdur. Həmin aktın icrası sırf iddiaçıya aiddir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(81)-164/2015 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ .... İddiaçı "xxxx" QSC cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hərəkəti qanunsuz hesab edilməli və üzərinə "xxxx" QSC-nin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi-55 ünvanda yerləşən 0,44 hektar torpaq sahəsinin özəlləşdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. ... Göründüyü kimi, cavabdehin hərəkəti Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında» Əsasnamənin tələblərinə ziddir. Ona görə də cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hərəkəti qanunsuz hesab edilməli və digər cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında X2 Təşkili Üzrə Dövlət Agentliyinin üzərinə isə "xxxx" QSC-nin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi-55 ünvanda yerləşən 0,44 hektar torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilməsi vəzifəsi qoyulmalıdır”. Həmin qərarla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hərəkəti qanunsuz hesab edilmiş; "xxxx" QSC-nin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi-55 ünvanda yerləşən 0,44 hektar torpaq sahəsinin özəlləşdirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında X2 Təşkili X11 həvalə edilmiş, qərar xx.xx.2016-cı il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2016-cı il tarixdə müvafiq icra vərəqəsi verilmişdir.İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)- 1852/2017 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... İddiaçı "xxxx" QSC cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında X2 X1rşı - cavabdehlər Azərbaycan Respublikası Dövlət Əmlak Məsələləri Dövlət Komitəsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında X2 Təşkili Üzrə Dövlət Agentliyinin bildirişlərinin qanunsuz hesab edilməsi və Cavabdeh QSCnin istifadəsində oan Bakı şəhəri, Binəqədi rayonu Ə.Naxçivani küçəsi-55 ünvanda yerləşən 0,44 hektar torpaq sahəsinin qiymətləndirilməsini, icra sənədi verilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin tələblərinə uyğun aparılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" QSC iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-164/15 saylı xx.xx.2016cı il tarixli icra vərəqəsinə əsasən tələbkar Cavabdeh QSC-nin istifadəsində oan Bakı şəhəri, Binəqədi rayonu Ə.Naxçivani küçəsi-55 ünvanda yerləşən 0,44 hektar torpaq sahəsinin özəlləşdirilməsi Azərbaycan Respublikası Dövlət Əmlak Məsələləri Dövlət Komitəsi Yanında X2 Təşkli X11 həvalə edilmişdir. Məhkəmə qərarını Dövlət adından elan edilməsinə və onun icrasının məcburi olmasına baxmayaraq, cavabdeh tərəfindən bu günədək məhkəmə Qərarı icra edilməmişdir. Tələbin könüllü icrası ilə bağlı, Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru X10 Azərbaycan Respublikası Dövlət Əmlak Məsələləri Dövlət Komitəsi Yanında X2 Təşkli X11 xx.xx.2016-cı il tarixli, xx.xx.20156-cı il tarixli, xx.xx.2016-cı il tarixli bildirişlər göndərməsinə baxmayaraq, tələb Azərbaycan Respublikası Dövlət Əmlak Məsələləri Dövlət Komitəsi Yanında X2 X13 Agentliyi tərəfində icra edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Cavabdeh QSC yə ünvanladığı xx.xx.2016-cı il tarixli **********58 saylı bildirişlə, Cavabdeh QSC-nin istifadəsində olan, özəlləşdirilməsi barədə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin qüvvəyə minmiş 2-1(81)-164/15 saylı Qərarı olan, 4346.2 kv.m. torpaq sahəsini 869000 manata satın alınması və ya satınalma hüququ ilə icrayə götürülməsi təklif olunmuşdur. İddiaçı, Cavabdeh QSC-i tərəfindən 16/1832 saylı xx.xx.2016-cı il tarixli və 17/1901 saylı xx.xx.2017-ci il tarixli məktubları ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81 )-164/15 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən tələbkar Cavabdeh QSC-nin istifadəsində oan Bakı şəhəri, Binəqədi rayonu Ə.Naxçivani küçəsi-55 ünvanda yerləşən 0,44 hektar torpaq sahəsinin özəlləşdirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında X2 Təşkli X11 həvalə olunduğunu, AZərbaycan Respublikası Prezidntinin xx.xx.1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 13-cü bəndinə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi məhkəmənin xx.xx.2015-ci il tarixli 2-1(81)-164/2015 saylı qərarı daxil olduğu andan 20 gün müddətində özələşdirilmiş müəssisənin (obyektin) mülkiyyətçisinə torpaq sahəsinin dəyəri (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin tələblərinə uyğun) müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsinin verilməsi xahiş ediləsə də (həmin əsasnamənin tələblərinə görə istifadələrində olan torpaq sahəsi 9-cu zonada yerləşir və 1 kv.m. - 12,40 manat təşkil edir) müraciətlər cavabsız qalmışdır. ... Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" QSC-nin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi-55 ünvanda yerləşən 0,44 hektar torpaq sahəsinin qiymətləndirilməsinin, icra sənədi verilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin tələblərinə uyğun aparılmasından cavabdeh tərəfindən imtina edilməsi əsassızdır. Belə ki, göründüyü kimi, 1 savlı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 164/2015 saylı, 30 iyun 2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hərəkəti qanunsuz hesab edilməklə "xxxx" QSC-nin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi-55 ünvanda yerləşən 0,44 hektar torpaq sahəsinin özəlləşdirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında X2 Təşkili X11 həvalə edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81 )-164/2015 saylı, 30 iyun 2015-ci il tarixli qərarı xx.xx.2016-cı il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2016-cı il tarixdə icraya yönəldilmişdir. Hazırda iddiaçı "xxxx" QSC-i istifadəsində olan torpaq sahəsinin icra sənədi verilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin tələblərinə uyğun aparılmasını tələb etməkdə haqlıdır”. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 1(103)-92/2020 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... Belə ki, iş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-164/2015 saylı, 30 iyun 2015-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hərəkəti qanunsuz hesab edilməklə "xxxx" QSC-nin istifadəsində olan ünvan 7 ünvanda yerləşən 0,44 hektar torpaq sahəsinin özəlləşdirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında X2 Təşkili X11 həvalə edilmişdir. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 164/2015 saylı, 30 iyun 2015-ci il tarixli qərarı xx.xx.2016-cı il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2016-cı il tarixdə icraya yönəldilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən "xxxx" QSC ünvanlanmış 23 noyabr 2016-cı il tarixli **********58 saylı bildirişin surətindən görünür ki, "xxxx" QSC müraciətinə baxılmış ünvan 4 ünvanında özəlləşdirilmiş əmlak kompleksinin yerləşdiyi və daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarına əsasən dəyəri 869.000 manat təşkil eğən 4346.2 kv.metr torpaq sahəsi satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsi üçün "xxxx" QSC-nə təklif olunur. Torpaq sahəsinin satın alınmasına və ya icarəyə götürülməsinə razılıq bildirilmədiyi halda onun satış qiyməti «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyənləşdiriləcək. Bu bildirişin təqdim edildiyi tarixdən 15 gün müddətində torpaq sahəsinin satın alınmasından və ya icarəyə götürülməsindən imtina edildikdə, habelə bu təkliflərə göstərilən müddətdə münasibət bildirilmədikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satılacaqdır. Birinci instansiya məhkəməsi iddiaçı "xxxx" QSC-nin cavabdehlər Azərbaycan Respublikası Dövlət Əmlak Məsələləri Dövlət Komitəsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında X2 Təşkili Üzrə Dövlət Agentliyinin bildirişlərinin qanunsuz hesab edilməsinə dair iddia tələbini iddianın mümkünlüyü nöqteyi nəzərdən araşdıraraq hesab etmişdir ki, iddiaçı "xxxx" QSC-nin bildirişləri inzibati akt kimi qəbul etməklə, həmin bildirişlərin inzibati akt kimi qanunsuz hesab edilməsini tələb etməkdə haqlıdır. ... Hazırda iddiaçı "xxxx" QSC-i istifadəsində olan torpaq sahəsinin icra sənədi verilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin tələblərinə uyğun aparılmasını tələb etməkdə haqlıdır. Bu səbəbdən də Cavabdeh QSC mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında» Əsasnamənin 4-cü bəndinə əsasən - müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır. Əsasnamənin 2-ci bəndinə əsasən, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadədə olan torpaqlar nəzərdə tutulur. Əsasnamənin 6-cı bəndinə əsasən isə müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istisna olmaqla satınalma obyektləri sayılır. Həmin Əsasnamənin 13 bəndinə əsasən Əmlak Məsələləri Dövlər Komitəsi ərizənin daxil olduğu andan 20 gün müddətində obyektin mülkiyyətçisinə torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsi verir və müəyyən olunmuş məbləğ ödənildikdən sonra 10 gün müddətində alqı-satqı müqaviləsini bağlamaqla alıcıya müvafiq şəhadətnamə verir. Göründüyü kimi, cavabdehin hərəkəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli, 93 nömrəli Qərarı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında» Əsasnamənin tələblərinə ziddir. Belə ki, şərh olunduğu kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 164/2015 saylı, 30 iyun 2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hərəkəti qanunsuz hesab edilməklə "xxxx" QSC-nin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçivani küçəsi-55 ünvanda yerləşən 0,44 hektar torpaq sahəsinin özəlləşdirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında X2 Təşkili X11 həvalə edilmişdir Göstərilən xüsusata əsasən işin bu cür halında iddiaçı "xxxx" QSC-nin Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçivani küçəsi-55 ünvanda yerləşən 0,44 hektar torpaq sahəsini özəlləşdirilməsi (satın alma hüququ) göstərilən məhkəmə qərarının hələ qəbu edilməsinədək yarandığından; məhkəmə "xxxx" QSC-nin belə bir hüququnu nəzərə almaqla 30 iyun 2015-ci il tarixdə göstərilən qərarı qəbul etmişdir. Odur ki, "xxxx" QSC-nin satın alma hüququ 30 iyun 2015-ci il tarixədək qüvvədə olan qiymətlə həyata keçirilməlidir. Həmin tarixdən zaman etibarı ilə daha sonra müəyyən edilmiş qiymət "xxxx" QSC-nə tətbiqi onun vəziyyətini (maddi vəziyyətini) pisləşdirdiyindən, ona tətbiq oluna bilməz”. Həmin qərarla 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 31 may 2017-ci il tarixli, 2-1(81)-1852/2017 saylı qərarı birinci tələb üzrə dəyişdirilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Cavabdeh QSCnin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 55 ünvanda yerləşən 0,44 hektar torpaq sahəsinin yeni qiymətlərlə təklif edilməsinə dair 23 noyabr 2016-cı il tarixli bildirişi qanunsuz hesab edilmiş; qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017ci il tarixli, 2-1(81)-1852/2017 saylı qərarı və Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-92/2020 saylı qərarı qanuni qüvvəsini almış və xx.xx.2021-ci il tarixdə müvafiq icra vərəqəsi verilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, məhkəmə qətnaməsinin icrası məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli qərarında qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyali xatakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 07 may 2002-ci il tarixli qərarında eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. Hazırkı işin materiallarından göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının uzun illər ərzində icra edilməməsi yeni məhkəmə mübahisələrinin yaranmasına zəmin yaradır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/6050 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, ünvan 10 ünvanında yerləşən 4346,2 m2 torpaq sahəsində cavabdeh Kristal Plus QSC tərəfindən C literli ofis binası ilə torpaq sahəsinin sərhəd hasarı arasındakı boşluğun sağ tərəfdən 4,14 metr uzunluğunda, 4,45 metr hündürlüyündə divar ilə hörüldüyü və köməkçi sahənin (yay mətbəxi) yaradıldığı müəyyən edildi. Yaradılmış köməkçi sahənin ümumi sahəsi 39,7 m2dir (eni 4,34 m və 4,135 m, uzunluğu 9,39 metr). Köməkçi sahənin daxili hündürlüyü 3,6 - 4 metrdir. Yaradılmış sahənin tavanı aluminium konstruksiyalar və şüşə lövhələrlə örtülmüşdür. Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, Kristal Plus QSC tərəfindən yaradılmış yay mətbəxinin ümumi sahəsinin 39,7 m2, hündürlüyünün isə 3,6-4 metr olduğunu nəzərə alaraq, həmin köməkçi sahənin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinin 79.1.1-ci bəndinin tələbində nəzərdə tutulan ölçülər həddində olduğu müəyyən edilmişdir”. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. Həmin Məcəllənin 79.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə qanuni qüvvəyə minmiş və icrası məcburi olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(81)- 164/2015 saylı, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-1852/2017 saylı və Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-92/2020 saylı qərarları ilə təsbit olunanları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 3-16-16/2-10/6050 saylı ekspert rəyində göstərilənləri və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı torpaq sahəsinin texniki pasportda qeyd edilən ilkin vəziyyətdə bərpa edilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı torpaq sahəsinin texniki pasportda qeyd edilən ilkin vəziyyətdə bərpa edilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar