Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1463/2021 02.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində xx xxxxxxx 2020-ci il tarixdə qeydə alınmış 2222 nömrəli nikah qeydinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 2017-ci ildə valideynləri vasitəsilə tanış olmuşdur. Həmin vaxt onun 21 yaşı olmuşdur. Belə ki, cavabdehin anası Abdullayevə İlhamə Hakim qızı ilə onun anası X2 yaxın rəfiqə olmuş, ataları da bir-birlərini tanımışlar. O, Ruminiya Respublikasının Buxarest şəhərində təhsil alırdı. Anası demişdir ki, İlhamə xalanın qızını ona almaq istəyir, yaxşı qızdı, ailəsini tanıyırlar, ali təhsillidir. O, buna etiraz etmiş və demişdir ki, onu yaxşı tanımır, xasiyyətini bilmir, həm də onun hələ evlənmək fikrim yoxdur, çünki o, oxumaq istəyir. Lakin, anası demişdir ki, atan da bunu istəyir, atası da həmin vaxt xəstə olmuşdur. 2018-ci ilin yay aylarında o, Ruminiyadan gəlmiş və avqust ayında cavabdehlə nişanlanmışlar. Daha sonra o, təhsilini davam etdirmək üçün Ruminiyaya getmişdir. Cavabdehlə ünsiyyəti ancaq telefon vasitəsilə olmuşdur. 2020-ci ilin yanvar ayında o, Ruminiyadan gəlmiş, lakin pandemiyaya görə evlənə bilməmişlər. Ölkədə olan sərt karantin rejiminə görə cavabdehlə şəhərə çıxa bilməmiş və ünsiyyətdə ola bilməmişlər. Sərt karantin rejimi yumşaldıqdan sonra arada bir cavabdeh ilə görüşüb ünsiyyət qurmaq imkanları olmuşdur. Lakin o, hiss etmişdir ki, onu yaxşı tanımır və xasiyyətləri uyğun gəlmir, bunu anası Abdullayevə Həcərə bildirdikdə, anası narahat olma, sən hələ cavansan evlənəndə yaxşı olacaq deyə onu yola vermişdir. 2020-ci ilin oktyabr ayına toylarına təyin olunmuş, onlar nikahlarını rəsmiləşdirmək üçün 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsinə müraciət etmiş və nikahları 2222 nömrəli qeydlə rəsmiləşdirilmişdir. Lakin, toyların keçirilməsi qadağan olunduğuna görə toyları olmamışdır. Bu müddətdə cavabdehlə onun görüşü mütəmadi xarakter almış və onlar görüşdükcə hiss etmişdir ki, cavabdeh onunla ünsiyyətdən qaçır və onların xarakterləri tamamilə bir-birinə ziddir, onların ailə qurmaları və bu ailənin davamlı olacağı mümkün deyildir. O, bu barədə cavabdehə bildirmiş və onlara qərara gəlmişlər ki, nişanı qaytarsınlar və evlənməyi dayandırsınlar. Bu barədə qəti fikirləri valideynlərinə bildirmişlər və valideynləri də məcbur qalıb onların fikri ilə razılaşmışlar. O, cavabdehlə 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsinə getmişdir ki, nikahlarını etibarsız hesab etsinlər. Lakin onlara məhkəməyə müraciət etməli olduqları bildirilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, o, valideynlərinin təkidi ilə nikaha daxil olmuşdur. Belə ki, onun yaşına və təhsilinə görə hələ ailə qurmaq niyyəti olmasa da, anası dəfələrlə təkid etmişdir ki, atası xəstədir və onun arzusu oğlunun toyunu görməkdir. Həqiqətən də həmin vaxt atası xəstə olduğundan o da bir övlad kimi məcbur qalıb, nikaha daxil olmağa razılıq vermişdir. O, cavabdehlə heç vaxt birlikdə yaşamamışdır, birgə təsərrüfat aparmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh iddianı qəbul edərək izahatında bildirmişdir ki, o, iddiaçı ilə anasının vasitəsilə tanış olmuşdur. Belə ki, onun anası ilə iddiaçının anası yaxın rəfiqə olmuşlar. Onların arasında 2018-ci ildə nişan mərasimi olmuşdur. Daha sonra toyun vaxtı təyin edilsə də lakin, koronovirus pandemiyasına görə toy keçirilməmişdir. Onun iddiaçı ilə nikaha daxil olmaq niyyəti olmamışdır, O valideyninin təsiri ilə nikaha daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçının anasıdır. O, cavabdehin anası ilə yaxın rəfiqə olmuşdur. Münasibətləri hal-hazırda da yaxşıdır. Oğlu İddiaçı Ruminiya Respublikasında təhsil alır. O, oğlunu rəfiqəsinin qızı ilə evləndirmək istəyirdi. Bununla bağlı rəfiqəsinin yəni, cavabdehin anasına bildirəndə o da razılıq vermişdir. Oğlu ilə cavabdeh əvvəllər razı olmasalar da, sonradan məcbur qalıb razılaşdılar. 2020-ci ilin oktyabrında oğlu ilə cavabdeh arasında nikah bağlanmışdır. Pandemiya olduğuna görə toy edə bilmədilər. İddiaçı ilə cavabdehin arasında münasibətlərə 2020-ci ilin noyabr ayının 2-də son qoyulmuşdur. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Nişan mərasimi 2018-ci il tarixdə olmuşdur. İddiaçı ilə cavabdehin arasında münasibətlər 2020-ci ilin yanvar ayından başlayaraq soyumuşdur. İddiaçı ilə cavabdehin arasında münasibətlər 2020-ci ilin noyabr ayının 2-dən əvvəldə yaxşı olmamışdır. O, oğluna demişdir ki, cavabdehlə nikaha daxil ol, o isə etiraz etdi ki, cavabdehi tam tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abdullayeva İlhamə Hakim qızı məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, cavabdehin anasıdır. İddiaçını və onun ailəsini yaxşı ailə kimi tanımışlar. Bu nikah valideynlərin məsləhəti ilə olmuşdur. Onlar inanırdılar ki, nikaha daxil olduqdan sonra iddiaçı ilə cavabdeh aralarında münasibətlər yaxşı olacaq. Onların arasında münasibətlər 2020-ci ilin oktyabr-noyabr aylarında soyumuşdur. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2020-ci ilin noyabr ayının 2-də nişan pozulmuşdur, belə ki, oktyabr ayında qızı ona demişdir ki, onların xasiyyətləri uyğun gəlmir. Nişan mərasimi 2018-ci il tarixdə olmuşdur. İddiaçı təhsili ilə əlaqədar, qızı Cavabdeh isə işi ilə əlaqədar bir-biriləri ilə ünsiyyətləri olmamışdır. O, qızına Cavabdeh məsləhət vermişdir ki, iddiaçı ilə nikaha daxil olsun. İş materiallarında olan: 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 418851 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh xx xxxxxxx 2020-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2222 nömrə ilə akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada “Abdullayeva” soyadı verilmişdir. Cavabdeh tərəfindən notarial qaydada verilmiş ərizədən görünür ki, İddiaçı ona qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddianı qəbul edir və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən ailə cəmiyyətin əsas özəyi olmaqla dövlətin xüsusi himayəsindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır; 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır; 25.4-ci maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər xx xxxxxxx 2020-ci il tarixdə valideynlərinin təkidi ilə nikaha daxil olmuşlar, onların hər ikisinin ailə qurmaq niyyəti olmamışdır. Tərəflər nikaha daxil olduqdan sonra bir yerdə ailə kimi yaşamamış, birgə təsərrüfat aparmamışlar. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxxx 2020-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2222 nömrə ilə qeyd edilmiş nikah bağlandığı gündən etibarsız sayılmalı, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx xxxxxxx 2020-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2222 nömrə ilə qeyd edilmiş nikah bağlandığı gündən etibarsız sayılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-1463/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1463/2021
02.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver