Məhkəmə qərarları › İş №e-2(001)-1478/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1478/2023

04.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1478/2023 04.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh Cavabdeh2, Cavabdehlərin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Bayram oğluna və Cavabdeh2 Bayram qızına qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 Bayram oğluna və Cavabdeh2 Bayram qızına qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stroydetal ünvanında yerləşən evə köçürülmələrini və mənzildən istifadəyə cavabdehlər tərəfindən yaradılmış maneənin aradan qaldırılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçinin nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, onun azyaşlı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stroydetal ünvanında yerləşən evə yaşayış hüququnun tanınması, evə köçürülmələri, evdə yaşamaq hüququna yaradılmış maneənin qadağan edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2013-cü il tarixdə Cavabdeh1 Bayram oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və bu nikahdan Murad və Nərmin adlı uşaqları anadan olmuşlar. Ailə həyatı qurduqdan sonra Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stroydetal ünvanında yerləşən evə gəlin köçmüş, iddiaçının cehiz əşyaları da həmin evə yerləşdirilmişdir. Bir müddət sonra evin yerləşdiyi yerdə həyətdə olan digər tikilidə təmir işləri apararaq, oraya yerləşmişlər. Evin təmir xərci iddiaçı tərəfindən qarşılanmışdır. Həmin tikili iki otaqdan (qonaq və yataq otaqları), mətbəx və sanitar qovşaqdan ibarətdir. Uşaqlar həmin evdə dünyaya gəlib böyümüşlər. Cavabdeh1 iddiaçının mülkiyyətində olan nikahdan əvvəl əldə edilmiş ünvan 2 ünvanında yerləş 162 saylı mənzili iddiaçının xəbəri və razılığı olmadan etibarnamə əsasında özgəninkiləşdirmişdir. Bu səbəbdən tərəflər arasında narazılıq yaramışdır. Həmin alqısatqıdan iddiaçı gec məlumatlı olmuşdur. Qaynanası Cavabdeh2 həmin narazılıqdan qəsdən istifadə edərək, iddiaşını yaşadığı evdən qovmaqla hədələyir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh N.Yusifzadə iddia tələbini qəbul etməyərək, bildirdi ki, sözügedən ev ona məxsusdur. Həmin evdə iddiaçıya məxsus heç bir əşya yoxdur. Ev iddiaçı ora gəlin köçməzdən əvvəl mövcud idi. Evə dair bütün xərclər cavabdeh N.Yusifzadə və mərhum həyat yoldaşı tərəfindən çəkilmişdir. İddiaçı sözügedən evə gəlin köçmüş, bir müddət orada yaşadıqdan sonra həyat yoldaşı ilə birlikdə Əhmədlidə yerləşən evə köçmüşlər. Cavabdeh1 ilə birlikdə həmin evi satmışlar. Hazırki evin rəsmi qeydiyyatı yoxdur, bütün kommunal ödənişlər (qaz xaric) onun adına olduğunu bildirdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi-vəkili Vəkil iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - nikah haqqında şəhadətnamədən görünür ki, tərəflər xx.xx.2013-cü il tarixdə 670 nömrəli akt qeydi ilə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində nikah bağlamışlar. - doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 atası Cavabdeh1 Bayram oğlu, anası İddiaçıdır. - Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi üzrə icra nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 192 №-li arayışına əsasən, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stroydetal ünvanında yerləşən evdə qeydiyyatsız yaşayır. - Abonent saldosundan görünür ki, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stroydetal ünvanında yerləşən evdə təbii qaza aid kommunal ödənişlər İddiaçı adınadır. - xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı mülkiyyətində olan (RX seriyalı, ********** nömrəli, qeydiyyat tarixi xx.xx.2013-cü il olan Çıxarışa əsasən) ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 40.1 kv.m, yaşayış sahəsi 19.1 kv.m,yardımçı sahəsi 21 kv.m olan birotaqlı mənzili 40000 (iyirmi dörd min) manata X1. - Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi xx.xx.2023-cü il tarixli, 02/112 №-li sorğuya cavab məktubuna əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stroydetal ünvanında yerləşən fərdi yaşayış evinin altındakı və həyətyanı sahəsindəki torpaq sahəsinin rəsmiləşdirilməsi ilə bağlı vətəndaşlar İddiaçı, Cavabdeh1 Bayram oğlunun və Cavabdeh2 Bayram qızının adına Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən torpaqayırma qaydasında müvafiq qərar verilməmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-295/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, iddia tələbi təmin edilmiş, Cavabdeh1 ilə Yusifzadə (Hacıyeva) Jalə Bayram qızı arasında xx.xx.2013-cü il tarixdə 670 №-li akt qeydi ilə Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması qət edilmişdir. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2351 nömrəli məktublu ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, baxış zamanı təqdim olunmuş mübahisəli torpaq sahəsində 3 fərdi yaşayış evinin olduğu, bu evlərdən ikisinin cavabdehlərin, birinin isə iddiaçının faktiki istifadəsində olduğu müəyyən olunmuşdur. Məhkəmə tərəflərin izahatlarından və məhkəmə baxışı zamanı müəyyən edilən işin digər hallarından aydın olur ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stroydetal ünvanında özbaşına tikilmiş fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində hər hansı şəxsin adına qeydə alınmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, İddiaçı onun övladları ilə birlikdə həmin mənzilə yaşayış hüququnun tanınmasını tələb etmək hüququna malik deyildir. Belə ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Lakin, dövlət yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Yəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. -180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. -180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, özbaşına inşa edilmə nəticəsində yeni yaranmış əmlak olan mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində nə iddiaçının, nə də cavabdehlərin adına qeydə alınmadığından, iddiaçının özbaşına tikiliyə yaşamaq hüququnun tanınması yolverilməzdir. İddia tələbinin digər hissəsinə münasibətdə Məhkəmə hesab edir ki, iddiaçının və övladlarının hazırki özbaşına tikiliyə köçürülməsinə dair iddia tələbi üzrə bir sıra hallar üzrə araşdırma aparılması zəruridir: 1.Tərəflər arasında münasibətlərin yaranma müddəti; İş materiallarından müəyyən edilir ki, tərəflər arasında münasibətlər 2013-cü il tarixdə yarandığından, yəni mübahisə predmeti olan evlə bağlı tərəflər arasında mülki hüquq münasibətləri 2009-cu il oktyabrın 1-dən sonra yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə MPM-nin 13.4-cü maddəsinə əsasən, hesab edir ki, hazırki iş üzrə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadığından, məhkəmə analoji hüquq münasibətlərini tənzimləyən hüquq normalarına müraciət etməlidir. Məhkəmə hesab edir ki, işin bu cür halında iddiaçının mövcud iddia tələbi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu maddəsinin qaydalarına uyğun olaraq həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd edilən Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən iddiaçı cavabdehin digər qohumu hesab edilmir. 2.Özbaşına tikililərin kimə aid olması; İş materiallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2013-cü il tarixdə Cavabdeh1 ilə ailə qurduqdan sonra mübahisəli evə köçmüşdür, yəni həmin ev artıq mövcud olmuşdur. Beləliklə, mübahisə predmetini təşkil edən fərdi yaşayış evinin birgə nikah dövründə əldə edilməməsi işin mübahisəsiz halıdır. 3.Özbaşına tikilinin əldə edilməsində, yenidən qurulmasında, təmir edilməsində və ya artırmaların aparılmasında iddiaçının bilavasitə və ya dolayısıyla (atası, qardaşı və s. tərəfindən maddi yardımın edilməsi, tikinti materiallarının verilməsi və s.) iştirakı; Məhkəmə bununla bağlı qeyd edir ki, mübahisələndirilən ev birgə nikah dövründə əldə edilməmişdir(işin mübahisəsiz halıdır) və iddiaçının hər-hansı özbaşına tikilinin əldə edilməsində, yenidən qurulmasında, təmir edilməsində və ya artırmaların aparılmasında bilavasitə və ya dolayısıyla iştirakını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan müəyyən edilir ki, iddiaçının və övladlarının köçürülməsini istədiyi yaşayış sahəsi hazırda onun istifadə və sahibliyindədir. Odur ki, iddiaçının və övladlarının həmin evdə yaşamasına hazıki vəziyyətdə heç bir maneə yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar