Məhkəmə qərarları › İş №e-2(001)-1521/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1521/2025

18.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1521/2025 18.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı mülki iş üzrə (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin məzkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayədəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin məzkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin məzkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin məzkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin cavabdehlər Cavabdeh2 və X1 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, 2023-cü ilin may ayından etibarən “Bossman Pub”da aşbaz olaraq işləməyə başlamış və xx.xx.2024-cü il tarixindən işdən çıxmışdır. Bundan sonra yeni işə qəbul olunmaq üçün elektron sistemə əmək müqaviləsinin əlavə edilməsi zamanı rəsmi əmək müqaviləsinin olduğunu müəyyən etmiş və həmin yerdə artıq işləməsə də işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmədiyini görmüşdür. Artıq xx.xx.2024-cü il tarixindən etibarən o, işdən çıxsa da işəgötürən Cavabdeh2 tərəfindən elektron portalda işçinin əmək müqaviləsi bildirişinə rəsmi olaraq xitam verilməmişdir. İşəgötürən Cavabdeh2 tərəfindən elektron portalda əmək müqaviləsi bildirişinə xitam verilməməsi nəticəsində başqa işəgötürənlə əmək müqaviləsi bağlamaqda çətinliklər yaşamaqdadır. Eyni zamanda xx.xx.2024-cü il tarixindən o, fərdi sahibkar olan Cavabdeh2 ilə şifahi və yazılı şəkildə əlaqə saxlamağa çalışsa da buna nail ola bilməmişdir, belə ki, ümumiyyətlə Cavabdeh2 harda olması və hal-hazırda hansı işlə məşğul olması ilə bağlı məlumat ala bilmir. Bu səbəbdən xx.xx.2024-cü il tarixində o, ərizə ilə Cavabdeh2 müraciət etmiş və əmək münasibətlərinin artıq davam etməməsi səbəbindən əmək müqaviləsinə elektron sistemdə xitam verilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh2 ilə əlaqə saxlamaq mümkün olmadığından, o, xx.xx.2024-cü il tarixli məktubla həmçinin X2 müraciət etmiş və müraciətdə cavabdeh fərdi sahibkar Cavabdeh2 tapa bilmədiyi üçün əmək müqaviləsinə elektron sistemdə xitam verilməsini xahiş etmişdir. Lakin X1 xx.xx.2024-cü il tarixli, 3-17-5/2-72986/2024saylı məktubunda bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi üçün rayon (şəhər) məhkəməsinə müraciət edilməli, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və məşğulluq” alt sistemində qeydlərin aparılması hüququ X3 Xidmətinə həvalə edilməlidir. Bundan sonra əmək müqaviləsinə xitam verilməsi və bildirişin müvafiq sistemə əlavə edilməsi cavabdeh X3 tərəfindən icra ediləcəkdir. O, əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin məzkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi tələbi ilə bağlı mediasiyaya müraciət etmiş, hər iki cavabdeh mediasiyaya dəvət edilmişdir. Lakin mediasiyaya dəvət məktubu hər iki cavabdehə çatırılsa da onlar mediasiyada iştirak etməmişlər. Bakı 15 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/MT015/2024-0397/02 saylı “İlkin mediasiyada iştirak edilməməsi barədə” arayışa əsasən tərəflər ilkin mediasiyada iştirak etməmişlər. Bu səbəbdən o, əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin məzkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayədəsi-vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdehər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməmənin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işin materialları:

5. Mygov elektron sistemdən əmək müqaviləsi bildirişinə dair xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanılmışdır. İddiaçı aşbaz vəzifəsinə işə qəbul edilmiş, aylıq əmək haqqının məbləği 345 manat təşkil edir və hazırda əmək müqaviləsi bildirişinin statusu aktivdir.

6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhəri idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 5-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti haqqında Əsasnamə”yə əsasən Xidmət mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, o cümlədən sözügedən Əsasnamədə müraciətdə qeyd olunan hallarla bağlı Xidmətə əmək müqaviləsinə xitam verilməi səlahiyyəti verilməmişdir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişlərinin “Əmək və Məşğulluq" altsisteminə daxil edilməsi hüququ X3 Xidmətinə həvalə edilməlidir.

7. Bakı 15 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/15/2024-0397/02 nömrəli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayişindan görünür ki, əmək müqaviləsinə xitam verilməsinə dair mübahisə predmeti barədə xx.xx.2024-cü il tarixində mediasiya sessiyası keçirilmiş, lakin Cavabdeh2 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mediasiya sessiyasında iştirak etməmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

9. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə görə əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

10. 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

11. 42-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.

12. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 49-cu maddənin 5-ci hissəsinə əsasən Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

13. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

14. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

15. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

16. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

17. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 91.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qanunun 8-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu müəyyən edilmişdir.

Məhkəmənin mövqeyi

19. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

20. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq qeyd edir ki, AR Konstitusiyasında və əmək qanunvericiliyində əməyin azadlığı prinsip təsbit olunmuşdur. Əməyin azadlığı prinsipi hər kəsə özünün əmək qabiliyyəti barəsində sərbəst surətdə sərəncam vermək, sərbəst surətdə özünə fəaliyyət növü və iş yeri seçmək imkanının verilməsindən ibarətdir. Əməyin azadlığı həmçinin əmək müqaviləsinin azadlığını da ehtiva edir. Belə ki, əmək münasibətləri yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə, habelə şəxsin iradəsi olmadan onunla əmək müqaviləsi bağlanıla bilməz.

21. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanılmış və həmin müqavilə elektron informasiya sisteminə daxil edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixindən işdən çıxsa da barəsində olan əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı bildiriş “Əmək və məşğulluq” altsisteminə daxil edilməmişdir. Bu halda da iddiaçının başqa işlə təmin olunması hüququ cavabdeh tərəfindən pozulmaqdadır.

22. İddiaçının tələb etməyinə baxmayaraq onunla Cavabdeh2 arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməmiş və bu səbəbdən iddiaçının yeni əmək müqaviləsi bağlamaq hüququ məhdudlaşdırılmışdır.

23. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 288-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi məsələləri fərdi əmək mübahisələrinin predmetini təşkil edir və bu fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

24. Hazırki işin müəyyən edilən hallarından aydın olur ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqaviləsinə xitam verilməsini tələb edir. İddiaçının (işçinin) bu tələbi işəgötürən tərəfindən yerinə yetirilməli olduğu halda yerinə yetirilməmişdir. Ona görə də iddiaçı haqlı olaraq əmək müqaviləsinə xitam verilməsi üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir.

25. Məhkəmə həmçinin qeyd edir ki, Əmək Məcəlləsinin 49.5-ci maddəsinə əsasən Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinin və “Dövlət rüsumu haqqında” Qanununun 91.1.1-ci maddəsinin tələbinə uyğun olaraq hazırki iddia tələbi əmək fəaliyyəti ilə bağlı tələblərə aid olduğundan və iddiaçı həmin iddia tələbi üzrə dövlət rüsumu ödəməkdən azad olunduğundan dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

27. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməli, əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş elektron informasiya sisteminə daxil edilməli, qətnamənin icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməli, 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin məzkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddiası təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilsin və əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş elektron informasiya sisteminə daxil edilsin. Qətnamənin icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilsin. Cavabdeh2 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar