Məhkəmə qərarları › İş №e-2(001)-1571/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1571/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1571/2023 19.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (MMC) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 19 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5317,33 manatın, eləcə də dövlət rüsumunun əvəzi qismində 74 manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 25 oktyabr 2021-ci il tarixdə “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya 5433 manat borcu olduğunu etiraf etmiş və həmin məbləği 30 noyabr 2021-ci il tarixdən hər ay tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. 23 noyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 23 noyabr 2022-ci il tarixə iddiaçıya 5317,33 manat borcu qalmaqdadır. Cavabdeh tərəfindən həmin borcdan hazırki tarixədək heç bir ödəniş etməmiş, borc məbləği dəyişmədən qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərmişdir ki, o, borcun yaranması barədə şirkətə əvvəlcədən məlumat vermişdir. Lakin, borc məbləği şişirilmişdir. Təxminən 5-6 ay əvvəl iddiaçı ona 3800 manat borcunun olduğunu bildirmişdir. Mülki iş materiallarında olan: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25 oktyabr 2021-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında müqavilə”dən görünür ki, “OBA köhnə 3 MKR- 2” mağazasında adminstrator vəzifəsində çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində nəticəsində Cavabdeh 5433 manat məbləğdə zərər vurması müəyyən edilmişdir. Cavabdeh İddiaçı MMC-yə 5433 manat borcu olduğunu etiraf etmiş, 30 noyabr 2021-ci il tarixdən başlayaraq hər ay 452,75 manat ödəmək şərti ilə 12 ay ərzində borcu tam ödəməyi öhdəsinə götürmüşdür. - 23 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 23 noyabr 2022-ci il tarixə İddiaçı MMC-yə 5317,33 manat borcu vardır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə hesab edir ki, yaranmış borcun məbləği ilə cavabdeh razılaşmasa da, 5433 manat borcunun olmasına dair müvafiq müqavilə onun iştirakı ilə tərtib edilmiş, həm iddiaçının, həm də onun tərəfindən imzalanmış, həmin müqavilədə borcu ödənilmə qaydası və müddəti göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci (sübutetmə yükü) maddəsinin tələblərinə zidd olaraq, cavabdeh borcunun iddia tələbində göstərilən məbləğdən az olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etmədiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 5317,33 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 74 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 5317,33 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumunun əvəzi kimi 74 manat məbləğində pul vəsaiti də Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar