Məhkəmə qərarları › İş №e-2(001)-1579/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(001)-1579/2025

05.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1579/2025 05.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (açar sözlər: mənzilə istifadə hüququ) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh mülkiyyətimdə olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı daha sonra iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətimdə olan ünvan 2 ünvanında yerləşən mənzilə istifadə hüququnun olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən mənzil tam nülkiyyət hüququ üzrə iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* qeydiyyat nömrəli, xx.xx.2009-cu il tarixli çıxarışa əsasən göstərilən əmlakın tam pay hüququ ilə onun mülkiyyətində olması təsdiq olunur. ünvan 3 ünvanında yerləşən mənzildə o, öz ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh oğlu ilə nikaha daxil olduqdan bir müddət sonra nikahları pozulmuşdur. Cavabdehin onun mülkiyyətində olan evdə istifadə hüquqlarının qalması onun mülkiyyət hüququnun həyata keçirilməsinə maneəçilik törədir. O, həmin mənzildə yaşamır, lakin formal olaraq qeydiyyatda qalmaqdadır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, bundan əlavə bildirdi ki, cavabdeh tərəfindən boşanmadan sonra həmin evdən köçmüşdür, lakin qeydiyyatda qalmışdır, hazırda başqa ünvanda yaşayır və bu səbəbdən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçı isə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyindən, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı, ******* saylı Çıxarışdan surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2009-cu il tarixdən İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyatdan alınmışdır. - Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzil ünvanında qeydiyyatdadır. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(001)-2860/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X1 arasında 5 Saylı Bakı “Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixdə bağlanmış və akt qeydləri kitabında 952 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından olan xx.xx.2017-ci il təvəllüdlü X2 ana Cavabdeh himayəsində saxlanılması qət edilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir, cavabdeh iddiaçının keçmiş gəlinidir. Hazırda cavabdeh həmin mənzildə pasport qeydiyyatındadır, iddiaçının oğlu ilə cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan uşaq ananın himayəsində saxlanılmışdır. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olubolmaması məsələsi araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh sözügedən yaşayış sahəsində istifadə hüququnun mövcud olub-olmaması məsələsinin ayrıca araşdırılmasına zərurət yoxdur. Belə ki, cavabdehin mübahisəli yaşayış sahəsində istifadə hüququnun yaranmış olduğu mübahisə mövzusu deyildir. Çünki buna dair qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Cavabdeh istifadə hüququnun olmamasının müəyyən edilməsi ilə bağlı isə aşağıdakılar qeyd edilməlidir: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmiş, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququ olduğunu vurğulamışdır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında isə həmin məhkəmə, bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə toxunmuş və hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Qeyd olunan Qərarında Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan “istifadə hüququ”nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan “istifadə hüququ” notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi özözlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar”. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, Cavabdeh iddiaçı ilə arasında etibarlı ailə əlaqələri yoxdur. Cavabdeh yaşayış sahəsinə olan ehtiyacını iddiaçının mülkiyyətindəki yaşayış sahəsindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması da sübuta yetirilmir. Bu hal özü-özlüyündə cavabdehin sözügedən yaşayış sahəsinə ehtiyaclarının aradan qalxdığına dəlalət edir. Bu baxımdan məhkəmənin qənaətinə görə, cavabdehin mübahisəsi gedən yaşayış sahəsindən Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsi ona kompensasiya ödənilmədən mümkündür. Məhkəmə onu da qeyd edir ki, cavabdehin mübahisəli mənzildə hazırkı dövrədək qeydiyyatda qalması da onun həmin ünvana istifadə hüququnun olması mənasına gəlmir; Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”. Beləliklə məhkəmə yuxarıda sadalanan hallara və qanunuvericilik normalarına əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., İ.Dadaşov küçəsi, ev 71, 130 saylı mənzilə istifadə hüququnun olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., İ.Dadaşov küçəsi, ev 71, 130 saylı mənzilinə istifadə hüququnun olmaması müəyyən edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid olunsun. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar