Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1610/2022 19.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili X2 Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2194,74 manat məbləğində pul vəsaitinin və ödənilmiş 42 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında 25.05.2016-cı il tarixdə illik icarə haqqı 3000 manat olmaqla, icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı 109 saylı bağ sahəsində 8 kv.m sahə mobil baza stansiyasının quraşdırılması üçün İddiaçı MMC-nin istifadəsinə verməyi, iddiaçı isə bunun əvəzində razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. 25.05.2019-cu il tarixdən 25.05.2020-ci il tarixədək olan dövr üçün icarə haqqı qabaqcadan ödənilmişdir. 06.09.2019-cu il tarixdə cavabdehə icarə müqaviləsinə xitam veriləcəyi barədə bildiriş göndərilmiş və 27.09.2019-cu il tarixdə mobil baza stansiyası icarə obyektindən götürülmüş və icarə obyektindən götürülmüş və icarə obyekti cavabdehə təhvil verilmişdir. İcarə müqaviləsinin 2.1.9-cu maddəsinə əsasən, müqaviləyə istənilən səbəbdən xitam verildikdə, icarəyə verənə qabaqcadan ödənilmiş icarə haqqını icarəçiyə geri qaytarılmalıdır. Bu səbəbdən də iddiaçı hesab edir ki, qabaqcadan ödənilmiş icarə haqqının istifadə olunmayan müddət üçün qalıq hissəsi, yəni 2194,74 manat geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Ələmov iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Budaqov məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini, tələbin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 25.05.2016-cı il tarixli icarə müqaviləsinə əsasən, Cavabdeh Ənvəq qızı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı, 109 saylı bağ sahəsində yerləşən 8 kv.m olan qeyri-yaşayış sahəsini İddiaçı MMC-yə icarəyə verilmiş, illik icarə haqqı 3000 manat olmaqla icarə müqaviləsi 25.05.2016-cı ildən 25.05.2021-ci il tarixədək bağlanmışdır. Müqavilənin 2.1.9-cu bəndinə əsasən, müqaviləyə istənilən səbəbdən vaxtından əvvəl xitam verildikdə, icarəyə verənə qabaqcadan ödənilmiş və istifadə edilməmiş pul vəsaiti (icarə haqqı) icarəçiyə geri qaytarılır. - 06.09.2019-cu il tarixli bildirişlə, iddiaçı "xxxx" MMC Cavabdeh arasında imzalanmış 25.05.2016-cı il tarixli İcarə müqaviləsinə 20.09.2019-cu il tarixdən etibarən xitam verildiyi barədə məlumat göndərilmişdir. - 27.09.2019-cu il tarixli təhvil-təslim aktına əsasən, İddiaçı MMC-nin podratçı şirkəti olan "xxxx" MMC şirkəti tərəfindən tikilən mobil baza sahəsinin tikinti zamanı hər hansı bir zərər vurulmamış və heç bir narazılıq olmamışdır. Sahəni icarəyə verən X3 (nümayəndəsi-oğlu) görülən işlərlə bağlı İddiaçı və "xxxx" MMC-yə hər hansı bir iddiasının olmadığını bildirmişdir. - 27.12.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh 2194,74 manat məbləğində icarə haqqının İddiaçı MMC-yə geri qaytarılması xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 697.3. Kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: -191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. -191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına və icarə müqaviləsinin müvafiq bəndinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2194,74 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2194,74 (iki min yüz doxsan dörd manat yetmiş dörd qəpik) manat pul məbləği və 42 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-1610/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1610/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver