Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1637/2022 01.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin işçinin işdən azad edilməsi barədə ********** saylı, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə işə bərpa olunaraq, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X6 iddianı qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz, habelə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, bildirmişdir ki, iddiaçı X3 yeməkxanasında aşpaz vəzifəsində işləmişdir. Agentliyin xx.xx.2021-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Həmin əmr iddiaçının xx.xx.2021-ci il tarixli ərizəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2021-ci il tarixli razılığı ilə rəsmiləşdirilmişdir. İddiaçı öz ərizəsində müddət gözlənilmədən işdən azad olunmağını xahiş etmişdir. Qüvvədə olan əmək qanunvericiliyinin bu məsələləri tənzimləyən normalarından da göründüyü kimi, işəgötürəni bir ay qabaqcadan xəbərdar etmək işçinin vəzifəsi, həmin müddəti gözləyib-gözləməmək isə işəgötürənin huququdur. Agentlik də iddiaçının müddət gözlənilmədən işdən azad olunması barədə xahişi ilə razılaşmış və onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bu da öz növbəsində iddianın əsassız olmasını təsdiq edir. Digər tərəfdən iddiaçı hazırki iddianı qaldırmaq üçün iddia müddətini də ötürmüşdür. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilməsinə baxmayaraq, iddiaçı əmək qanunvericiliyi ilə müəyyən edilmiş 1 aylıq müddət ərzində iddianı qaldırmamış, həmin müddəti ötürmüşdür. Bu səbəbdən iddia həm əsassız olması səbəbindən, həm də iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Reabilitasiya Pansionatının yeməkxanasında aşpaz vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə yazılı ərizə ilə müraciət edərək, öz arzusu ilə müddət gözləmədən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli əmri ilə iddiaçı öz arzusu ilə tutduğu aşpaz vəzifəsindən azad edilmiş və onunla xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. Bundan sonra iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, Agentliyin rəhbərliyi tərəfindən ona göstərilən təzyiq nəticəsində tutduğu vəzifədən azad edilməsi barədə ərizə yazdığını, 9 ilə yaxın müddətdir ki, həmin vəzifədə işlədiyini, daim nümunəvi işi ilə fərqləndiyini, barəsində hər hansı inzibati tənbeh tədbirinin tədbiq edilməməsini, həm bu, həm də ailəsinin maddi tələbatlarını bu yolla ödəməsi səbəbindən işdən çıxmaq istəmədiyini bildirmiş və əmək müqaviləsinin ləğv edilməsi və işdən azad olunması barədə ərizəsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçının bundan əvvəl edilmiş müraciətinə cavab olaraq, müqaviləyə qanuni əsaslarla xitam verildiyi, bu halın aparılmış araşdırma zamanı öz təsdiqini tapdığı bildirilmişdir. Hazırda iddiaçı cavabdehə qarşı iddia qaldıraraq tutduğu vəzifədən azad edilməsi barədə ərizəni iradəsinə zidd olaraq, cavabdeh qurumun rəhbərliyinin təzyiqi altında yazdığını, ərizədə tarix göstərmədiyini, bu baxımdan ona 1 aylıq xəbərdarlıq müddətinin verilməli olduğunu, lakin verilmədiyini və ərizənin yazıldığı gün onun əmək müqaviləsinə xitam verildiyini, həmin vəzifəyə başqa şəxsin qəbul edildiyini, bu barədə də ona yazılı xəbərdarlıq edilmədiyini (məlumat verilmədiyini), ərizə yazdığı tarixdən 1 ay müddət keçmədən bu ərizənin etibarsız hesab edilməsi barədə müraciətinə də məhəl qoyulmadığını, bu hərəkətlərlə də cavabdeh tərəfindən Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərinin pozulduğunu iddia edir və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsini, tutduğu vəzifəyə bərpa olunmasını və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini tələb edir. Cavabdeh iddianı qəbul etmir, iddiaçının bu barədə ərizəsində müddət gözlənilmədən tutduğu vəzifədən azad edilməsini xahiş etdiyini və cavadbehin bu xahişlə razılaşdığını, ərizənin yazıldığı günü iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyini, bundan sonra həmin vəzifəyə başqa şəxsin işə qəbul edildiyini, həmçinin, hazırki iddianın bu qəbildən olan iddialar üçün nəzərdə tutulmuş 1 aylıq müddət ərzində verilmədiyini, bununla da müddətin ötürüldüyünü bildirir və bu barədə ərizə təqdim edərək, həm iddianın əsassız olması, həm də iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci bəndinin “a” hissəsinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi müəyyən edilmişdir; 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər; 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər; 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur; 69-cu maddənin 5-ci bəndinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir; 69-cu maddəsinin 7-ci bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır; 83-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; 83-cü maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; Məhkəmə Əmək Məcəlləsinin 69-cu maddəsinə istinadən qeyd edir ki, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizə ilə xəbərdarlıq etməklə onunla bağlanmış əmək müqaviləsini ləğv etmək hüququna malikdir. Eyni zamanda, xəbərdarlıq müddətinin qısaldılması imkanı da nəzərdə tutulmuşdur. Bu baxımdan işəgötürən işçinin tələbi ilə xəbərdarlıq müddəti bitdikdən sonra deyil, müəyyən hallarla əlaqədar işi davam etdirməsinin qeyri-mümkün olması səbəbindən işçinin istədiyi müddətdə əmək müqaviləsini ləğv etməyə borcludur. Başqa sözlə, belə bir hal mövcud olduqda heç bir xəbərdarlıq müddəti müəyyən edilmədən işçi ərizəsində göstərdiyi gündən işəgötürən onunla əmək müqaviləsini ləğv etməlidir. Bununla belə, işçinin işəgötürənlə bağladığı əmək müqaviləsinin ləğv edilməsinin müddət baxımından iki forması təsbit edilmişdir: birincisi - bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizə ilə xəbərdar etməklə, ikincisi – ərizədə dəqiq gün göstərilməklə. Xəbərdarlıq müddəti isə hər bir halda, əmək müqaviləsinin ləğv edilməsi barədə yazılı ərizənin verildiyi tarixdən əmək müqaviləsinin ləğv edilməli olan tarixədək dövrü əhatə edir. Lakin nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə ünvanladığı ərizəsində onun öz arzusu ilə müddəti gözləmədən tutduğu vəzifədən azad edilməsini (onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini) xahiş etmişdir. Ərizənin bu məzmunda yazılması iddiaçının onunla bağlanmış əmək müqaviləsinə məhz bir təqvim ayı bitdikdən sonra xitam vermək niyyətində olması kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı belə bir məzmunda ərizə ilə müraciət etməklə, hüquqi nəticə etibarı ilə müddət məsələsinə toxunmuş və xəbərdarlıq müddətinin gözlənilməsi arzusunda olmadığını ifadə etmişdir. Bununla da əmək qanunvericiliyində bu hallar üçün təsbit edilmiş xəbərdarlıq müddətindən istifadə etmək hüququndan birmənalı şəkildə imtina etmişdir. Məzmun və məna etibarı ilə onun ərizəsi əmək münasibətlərinə məhz xx.xx.2021-ci il tarixdən xitam verilməsi barədə ərizə ilə eynidir. Bu səbəbdən iddiaçı tərəfindən ərizədə “müddəti gözləmədən” ifadəsinin işlədilməsi onun cavabdehlə aralarında olan əmək münasibətlərinə məhz ərizənin yazıldığı gün, yəni xx.xx.2021-ci il tarixdə xitam verilməsini özündə ehtiva edir. Bu da öz növbəsində cavabdeh tərəfindən hər hansı xəbərdarlıq müddətinin gözlənilməsini istisna edir. Bu baxımdan cavabdeh məhz xx.xx.2021-ci il tarixdən sərbəst şəkildə həmin vəzifəyə istənilən işçini işə qəbul etmək hüququnu əldə etmişdir və bu barədə iddiaçıya rəsmi qaydada yazılı xəbərdarlıq etmək vəzifəsini artıq daşımırdı. Bununla belə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə əməl edilməklə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Bu hadisədən 27 gün sonra iddiaçının əvvəlki ərizəni etibarsız hesab etmək barədə müraciətinin artıq hər hansı hüquqi qüvvəsi olmamışdır. İddiaçı həmin ərizəni cavabdeh qurumun rəhbərliyinin təzyiqi ilə öz iradəsinin əleyhinə yazdığını iddia etsə də, belə bir halın mövcud olduğunu sübuta yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi “əmrin ləğvi” hissəsində rədd edilməlidir. Məhkəmə, iddia üzrə "əmrin ləğvi" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin "işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi" hissəsinin törəmə tələb olduğunu və bu hissənin təminolunub olunmamasının bilavasitə "əmrin ləğvi" hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alıb belə qənaətə gəlir ki, iddia tələbi "işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi" hissəsində də əsassızdır və rədd edilməlidir. Məhkəmə, iddianı əsassız hesab etdiyindən iddiaya iddia müddətinin tətbiq edilməli olub-olmamasına hüquqi qiymət verməyi zəruri hesab etmir. Bununla bağlı ümumilikdə qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə iddiaçının ərizəsi (təşəbbüsü) əsasında xitam verilmişdir. Bu baxımdan digər, o cümlədən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” və”ç” bəndlərində göstərilən əsaslardan fərqli olaraq iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsasları və səbəbləri barədə tam məlumatlı idi. Belə olan halda, iddiaçıya bu barədə əmrin verilmə tarixi əhəmiyyət kəsb etmir. Belə ki, ərizəni təzyiq altında yazdığını iddia edən iddiaçıya artıq xx.xx.2021-ci il tarixdə onun hüquqlarının pozulduğu aşkar idi. Lakin iddiaçı mediasiya prosesinə yalnız xx.xx.2021-ci il tarixdə, yəni ümumi müddətin bitməsinə 2 gün qalmış başlamış və iddia müddətinin axımı məhz bu prosesə başlaması ilə bağlı, yəni xx.xx.2021-ci il tarixdə dayanmışdır (Mülki Məcəllənin 379-cu maddəsi). Başqa sözlə, mediasiya prosesi bitdikdən sonra iddiaçının hazırki iddianı qaldırmaq üçün cəmi 2 gün vaxtı qalmışdır. Lakin ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayış xx.xx.2022-ci il tarixdə tərtib edilməsinə baxmayaraq iddiaçı hazırki iddianı yalnız xx.xx.2022-ci il tarixdə qaldırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №e-2(001)-1637/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1637/2022
01.04.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver