Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1661/2024 04.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi, Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “evdən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsi, ev 47 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisində yaşayış sahəsində dəhlizdən sağ tərəfdə olan 31,9 kv.m., 4,9 kv.m., 7,1 kv.m. otaqlar İddiaçı şəxsi istifadəsində, 14,4 kv.m., 13,9 kv.m. otaqlar Cavabdeh şəxsi istifadəsində saxlanılmaqla, 12,9 kv.m. giriş dəhlizi, 8,3 kv.m. olan yemək otağı və 3,2 kv.m. mətbəx ümumi istifadədə olmaqla evdən istifadə qaydaları müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İsmayıl Həbib oğlu Cavabdeh ilə 17 oktyabr 2003-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Nikaha daxil olan vaxtdan ünvan 1 ünvanında iddiaçının atası və qardaşı Valeh Veyisov tərəfindən atasına məxsus torpaq sahəsində inşa edilmiş kürsülü fərdi yaşayış evdə yaşamağa başlamışlar. Həmin evdə birgə nikahdan 20 iyul 2004-cü il təvəllüdlü övladları X2 anadan olmuşdur. Qarabağ müharibəsi qazisi, İİ qrup əlillik dərəcəsi olan İddiaçı müraciəti əsasında Binəqədi RİH Başçısının 379 saylı xx.xx.2007-ci il tarixli və 274 saylı xx.xx.2008-ci il tarixli Sərəncamları əsasında həmin kürsülü evə iki otaq tikilməklə və evin damı təmir edilərək əlavələr edilmiş və ev hal-hazırki vəziyyətə gətirilmişdir. İddiaçı və cavabdeh arasında Bakışəhəri Binəqədi Rayon Məhkəməsinin 03 aprel 2014-cü il tarixli qətnaməsinə əsasən nikah pozulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyul 2016-cı il tarixli, 2(001)-8823/2016 saylı qətnaməsinə əsasən Cavabdeh və xx.xx.2004-cü il təvəllüdlü X1 Bakı şəhəri, Binəqədi RİH Başçısının 379 saylı xx.xx.2007-ci il tarixli, 274 saylı xx.xx.2008-ci il tarixli Sərəncamları əsasında ünvan 1 ünvanında həyətyanı boş torpaq sahəsində inşa edilmiş kürsülü fərdi yaşayış evinə istifadə hüquqları tanınmışdır. İddia ərizəsinə əlavə edilmiş Binəqədi Rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli cinayət təqibinə xitam verilməsi və şəxsin cinayət məsuliyytindən azad edilməsi barədə Qərardan da görünür ki, iddiaçının keçmiş arvadı Cavabdeh ilə münasibətləri çox pisdir və nikah pozulduqdan sonra da bir evdə yaşayan iddiaçı və cavabdeh arasında olan münasibətlər kəskin vəziyyətdədir. Belə ki,evdə olarkən Cavabdeh iddiaçıya öz evində rahat yaşamasına imkan vermək istəmir. Bu şəraitdə onların bir evdən adi qaydada istifadə etmələri qeyri-mümkündür. İddiaçı ilə cavabdehin birgəyaşayışı mümkünsüz olduğundan və gələcəkdə hər hansı ola biləcək xoşagəlməz hadisələrin qarşısının alınması üçün evdən istifadə qaydalarının müəyyənləşdiriməsinə ehtiyac vardır. İddiaçı İİ dərəcəliəlliliyi baş-beyin travamatik xəstəliyi olaraq müəyyən olunmuşdur. Ambulator kitabçasından (xəstəlik tarixindən) çıxarışdan da görünür ki, iddiaçı keçirilmiş qapalı kəllə-beyin travmasının yaranan fəsadlarından hal-hazırda da mütəmadiambulartor müalicə alır. Həmçinin İddiaçı ürəyində iki dəfə cərrahiyə əməliyyatıaparılaraq stent qoyulmuşdur. İddiaçıya sakit, əsəbilik olmayan bir mühit tələb olunur. İddiaçıya ona qulluq edən şəxsin evdə qala bilməsinə ehtiyacı vardır. Belə ki, həkim göstərişlərinin yerinə yetirilməsi, əlil şəxsə xidmət göstərən şəxsin qalması üçün şəraitə ehtiyac var. Göstərilən səbəblərdən iddiaçı hesab edir ki, cavabdehlə evdən istifadə qaydalarının müəyyənləşdirilməlidir. Evin yaşayış hissəsi 2 dəhlizdən, 4 yaşayış otağından və mətbəxdən ibarətdir. Sanitar qovşaqları və hamam yarımzirzəmidə yerləşir. Hesab edirik ki, cavabdehlə iddiaçıarasında evdən istifadə qaydalarıaşağıdakı kimi müəyyən edilməlidir: hər iki tərəfin ümumi istifadəsində 12,9 kv.m. giriş dəhlizi, 8,3 kv.m. olan yemək otağı və 3,2 kv.m. mətbəx, hamam və sanitar qovşağı olmaqla, İddiaçı şəxsi istifadəsində 4,9 kv.m. dəhliz, 31,9 kv.m. və 7,1 kv.m. otaqlar, Cavabdeh şəxsi istifadəsində 14,4 kv.m., 13,9 kv.m. otaqlar olsun. İsitifadə qaydalarının müəyyənləşdirilməsi ilə əlaqədar yarana biləcək mənzildaxili təmir (qapıaçılması və digər) işləri iddiaçı öz hesabına aparmağı üzərinə götürə bilər. Evin sxemi sonuncu 13 iyun 1990-cı il tarixli Texniki Pasportunda öz əksini tapmışdır. Evdən istifadə qaydalarının müəyyən edilməsi iddiaçıya öz evində normal yaşayışına şərait yaradacaq. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddiasını müdafiə etmişdir. İddiaçıdan evin naturada bölünməsi hüquqi nəticəsinin arzulanıb-arzlanmadığı dəqiqləşdirilmiş, iddiaçı tərəf təkidlə evdən istifadə qaydasının müəyyən edilməsinin müəyyən edilməsini xahiş etmişdir. İddiaçı bildirdi ki, evin qaraj və onun üzərində olan hissəsini(hazırda qonaq otağı olan) nikahdan əvvəl tikmiş, nikah vaxtı isə artırmaları etmişlər. Bundan əlavə bildirdi ki, mübahisəli ev ata evi olduğuna görə sata bilməz, evdə o, oğlu və cavabdeh yaşayırlar.
4. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi, vəkil bildirmişdir ki, tikilinin köhnə texpasportunda göstərilən cizgilərə əsasən otaqların istifadə qaydasının müəyyən edilməsini xahiş edirlər. Bundan əlavə bildirmişdir ki, cavabdeh gəlin köçərkən fərdi yaşayış evi qanunsuz tikili statusunda olmuşdur. Evi iddiaçının atası və və qardaşı tikmişdir, lakin birgə nikah dövründə artırma işləri aparılmışdır. Hazırda evin çıxarışı yoxdur və bu səbəbdən naturada ayrılması tələbini deyil, istifadə qaydasının müəyyən edilməsini tələbini irəli sürmüşlər.
5. Məhkəmə iclaslarında cavabdeh iştirak edərək iddiaya etiraz etmiş və etirazını belə əsaslandırmışdır ki, iddiaçı ilə birlikdə yaşamaları mümkün deyildir, oğlunun artıq 20 yaşı var, onu evləndirməlidir, evin satılıb pulun aralarında bölünməsinə razıdır, lakin iddiaçının təklif etdiyi məbləğ çox azdır, həmin məbləği o iddiaçıya təklif etsə də iddiaçı razılaşmır, özünün razılaşmadığı məbləğlə onun və yanında yaşayan oğlunun qane olmasını gözləyir. Bundan əlavə evi 2006-cı ildə tikmişlər, evin altında qaraj olmaqla 1 mərtəbəlidir, evin kommunal xərclərini özü çəkir, iddiaçı avtomobilini qarajda saxlasa da, özü iki ildir ki onlarla yaşamır. Evin yerləşdiyi torpaq sahəsi 1.5 sotdur və nikah dövründə tikmişlər. Evin 1 otağından və zaldan istifadə edir, digər iki otağın şəraiti yoxdur. İddiaçı ondan xəbərsiz öz qardaşının adına çıxarış alsa da, sonradan məhkəmə qətnaməsi ilə həmin çıxarışı ləğv elətdirmişdir. Hazırda evin nömrəsi 47C-dir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
6. Tərəflər arasında bağlanmış nikah 2014-cü il tarixdə pozulmuşdur və tərəflərin birgə nikahlarından X2 adlı 1 yetkinlik yaşına çatmış uşaqları vardır.
7. Cavabdeh oğlu ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsi, ev 47 ünvanında yerləşən fərdi yaşayış evində daimi olaraq yaşayır, iddiaçı isə həmin evdə daimi olaraq yaşamır. Cavabdeh iddiaçının həmin evdə daimi olaraq yaşamasına prinsip etibarı ilə etiraz etməsə də, faktiki olaraq suni maneələr yaradır. Bu maneələri isə iddiaçının kommunal xərcləri ödəməməsi, aralarında tez-tez münaqişə olması ilə əsaslandırır. İddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarından qeydiyyatda olduğu ünvan BAKİ ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, M. Ə. RƏSULZADƏ QƏSƏBƏSİ, 8 MART KÜÇƏSİ, EV 47 kimi göstərilsə də, cavabdehin qeydiyyat ünvan BAKİ, M.Ə.RƏSULZADƏ QƏS. 8 MART KÜÇ. KÜÇƏSİ EV 47C kimi göstərilmişdir. Mübahisəli fərdi yaşayış evi hazırda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bununla belə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-4165/2018 saylı qərarına əsasən, Cavabdeh və oğlu X1 ünvan 2 ünvanına qeydiyyata alınmaları vəzifəsi Binəqədi Rayon Polis İdarəsinə həvalə edilmişdir. Bundan əlavə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli2(001)-8823/2016 nömrəli qətnaməsinə əsasən Cavabdeh və X1 Bakı şəhəri Binəqədi RİH Başçısının xx.xx.2007-ci il tarixli, 379 saylı və xx.xx.2008-ci il tarixli, 274 saylı sərəncamları əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsi, ev 47 ünvanında həyətyanı boş torpaq sahəsində inşa edilmiş kürsülü fərdi yaşayış evinə istifadə hüquqları tanınmışdır. Bundan başqa İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi” barədə tələbi də məhkəmə qətnamələrinə əsasən təmin edilməmişdir.
8. Məhkəmə tərəfindən mübahisəli fərdi yaşayış evinə yerində baxış keçirilmiş və yerində müayinə zamanı müəyyən edilmişdir ki, ev natamam şəkildə 2 mərtəbəlidir. Belə ki, birinci mərtəbədə yalnız sanitar qovşağı, zirzəmiyə keçid qapısı və ikinci mərtəbəyə qalxmaq üçün pilləkən yerləşir. İkinci mərtəbəyə pilləkənlə qalxdıqdan sonra sağ tərəfdə otaqlar, qarşıda isə 2 hissəli mətbəx yerləşir. Mətbəxin bir hissəsində oturmaq üçün, digər hissəsində isə mətbəx mebelləri və məişət aksesuarları üçün yer nəzərdə tutulmuşdur. Otaqlar olan hissədə isə 3 otağa keçid üçün 4.9 kv m dəhliz, dəhlizin sol tərəfində 13.9 kv.m yataq otağı, dəhlizin sol tərəfində 7.1 kv.m yataq otağı, dəhlizin qarşısında 31.9 kv.m qonaq otağı yerləşir. 14.4 kv.m olan yataq otağına isə keçid qonaq otağındandır. Müayinə zamanı 7.1 kv.m olan otaqdan tərəflərin oğlunun, 14.4 kv.m olan otaqdan isə cavabdehin istifadə etdiyi, 13.9 kv.m olan otağın isə müəyyən əşyaları yerləşdirilmiş boş otaq olduğu müəyyən edildi.
9. Tərəflərə məhkəmə iclası zamanı mübahisənin məhkəmədən kənar həll edilməsi və ya barışıq sazişi ilə yekunlaşması təklif edilsə də, tərəflər arasında razılıq əldə edilməmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
10. Məhkəmə əvvəla qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
11. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
12. İşin mübahisəsiz halı ondan ibarətdir ki, ev hazırki vəziyyətə tərəflərin nikahda olduqları dövrdə ərsəyə gəlmişdir və iddiaçının da cavabdehlə eyni həcmdə həmin əşyadan istifadə etmək və ona sahiblik etmək hüququ vardır. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iqtisadi dəyər kimi mövcuddur və evin tikintisi də həm nikahdan əvvəl, həm də birgə nikah dövründə onun vəsaiti hesabına aparılmışdır. İstifadə qaydasının müəyyən edilməsi isə məhz sahiblik və istifadə hüququnun həyata keçirilməsinin mahiyyətindən irəli gəlir. Bu səbəbdən də məhkəmə o qənaətə gəlir ki, nə qədər ki bununla bağlı tərəflər arasında mübahisə var, məhkəmə hüquqi müəyyənliyi təmin etmək və tərəflərin hüquqlarının pozulmasının qarşısını almaq üçün fərdi yaşayış evindən istifadə qaydasını müəyyən etməlidir.
13. Bununla bağlı Mənzil Məcəlləsinin 12.5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.
14. Həmin Məcəllənin 12.1 və 12.2-ci maddələrinə əsasən Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür.
15. Bundan başqa həmin məcəllənin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir.
16. Həmin Məcəllənin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
17. Yuxarıda sadalanan normalardan da göründüyü kimi yaşayış sahəsi orada yaşayan şəxslərin məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan hissələrinin məcmusudur və həmin şəxslər orada yaşayan digər şəxslərin hüquqlarına, qanuni mənafelərinə və.s tələblərə riayət etməlidirlər.
18. Məhkəmə həm mübahisəli evin faktiki ölçülərini, həm də evdə yaşayan şəxslərin sayını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və aşağıdakı qaydada istifadə qaydası müəyyən edilməlidir.
19. Həm yerində müayinə zamanı müəyyən edilənləri, həm də tikilinin mövcud vəziyyətinə uyğun gələn texniki sənədləri nəzərə alaraq məhkəmə hesab edir ki, evdə həcmcə 2 böyük yataq otağı, 1 balaca yataq otağı vardır və onlardan 14.4 kv.m olan otaqda cavabdeh, 7.1 kv.m olan otaqda isə tərəflərin oğlu yaşayır və əşyaları yerləşir. Bu səbəbdən də digər yataq otağı, yəni 13.9 kv.m olan yataq otağı iddiaçının istifadəsinə verilməlidir. Fərdi yaşayış evinin digər hissələri isə ümumi istifadə üçün nəzərdə tutulduğundan birgə istifadə qaydası müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:
20. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
21. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
22. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
23. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
24. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
25. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində dəhlizdən sol tərəfdə 13.9 kv.m olan yataq otağı iddiaçının şəxsi istifadəsində, 14.4 kv.m olan yataq otağı cavabdehin istifadəsində, dəhlizdən sağ tərəfdə 7.1 kv.m olan otaq uşaq otağı kimi saxlanılmaqla, digər sahələrdən-31.9 kv.m qonaq otağı, zirzəmi, dəhlizlər, mətbəx, sanitar qovşaqdan ümumi istifadə qaydası müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində dəhlizdən sol tərəfdə olan yataq otağı(13.9 kv.m) İddiaçı şəxsi istifadəsində, qonaq otağına bitişik olan yataq otağı(14.4 kv.m) Cavabdeh istifadəsində, dəhlizdən sağ tərəfdə 7.1 kv.m olan otaq uşaq otağı kimi saxlanılmaqla, digər sahələrdən-31.9 kv.m qonaq otağı, zirzəmi, dəhlizlər, mətbəx, sanitar qovşaqdan ümumi istifadə qaydası müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev