Məhkəmə qərarları › İş №e-2(001)-1669/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1669/2025

18.03.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1669/2025 18.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı İnqlab oğlunun və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə İddiaçı İnqlab oğlunun Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı İnqlab oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehin 317-4/3-2-2223/2024 saylı xx.xx.2024-cü il tarixli İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi, İddiaçı işə bərpa olunması və məcburi işə buraxmaya görə əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi, İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində işlədiyi istirahət günləri üçün ödənilməli olan əlavə ödənişlər ödənilməsi, iddia ərizəsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixindən qanunsuz şəkildə vəzifəsindən azad olunduğu xx.xx.2024-cü il tarixinə qədər cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qazanxana operatoru vəzifəsində çalışmışdır. İddiaçı qeyd olunan müəssəsədə çalışdığı 4 ildən artıq müddət ərzində işini tam peşəkarlıqla yerinə yetirmiş, işinə heç bir zaman gecikməmiş və ya üzrsüz səbəblərdən işə getməmişdir. Əlavə olaraq iddiaçı müəssisədə işlədiyi müddət ərzində qanunla nəzərdə tutulan həftəlik istirahət günlərində və bayram günlərində heç bir əlavə ödəniş olunmadan işləmişdir. İddiaçının işinə belə məsuliyyətli və peşəkar yanaşmasına baxmayaraq onun əmək müqaviləsinə cavabdeh tərəfindən heç bir əsaslı səbəb olmadan qanunsuz şəkildə xitam verilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-4/3-2-2223/2024 saylı əmri ilə iddiaçı güya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. Bildirmək istərdim ki qeyd olunan əmr qanunsuz və tam əsassızdır, ləğv edilməlidir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsində 6 günlük iş həftəsi nəzərdə tutulsa da, iddiaçı nəzərdə tutulan istirahət günlərdində və bayram günlərində də heç bir əlavə ödəniş almadan işləmişdir. Bundan başqa, cavabdeh öz əmrində iddiaçıın güya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini qeyd etmişdir. Lakin hansı öhdəliklərini icra etmədiyini qeyd etməmiş bununla bağlı heç bir sübut və akt təqdim etməmişdir. Əlavə olaraq, bildirmək istərdim ki 4 il fasiləsiz işlədiyi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Respublika Reabilitasiya Mərkəzi”-nin qazanxanası bərbad vəziyyətdə olması onun sağlamlığına təsir göstərmiş və xəstə vəziyyətinə salmışdır. Nəticədə yalnız 1 gün xx.xx.2024-cü il tarixində xəstə olmağı ilə bağlı işə gedə bilməmişdir. Bunula bağlı tərəfindən şifahi şəkildə telefon vasitəsi ilə Respublika X1 müdürinə məlumat verilmişdir.Tərəfindən cavabdehə məlumat verilməsinə baxmayaraq xəstəliyi ucbatından yalnız 1 gün işə gəlməməyi nəzərə alınmamış, əsassız və qanunsuz şəkildə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ bəndinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Cavabdeh isə mənim sağlam və təhlükəsiz şəraitdə işləmək hüququmu pozmuşdur. Nəticədə mən xəstələnmiş və işə gedə bilməmişəm. Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinə əsasən Hər kəsin istirahət hüququ vardır və İİ. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Lakin cavabdeh onun istirahət hüququmu pozmuş əmək müqaviləsi üzrə həftəlik 6 günlük iş rejimi olmasına baxmayaraq istirahət günlərində də, işləməyə məcbur etmiş və əlavə ödənişlər etməmişdir. AR Əmək məcəlləsinin 187-cı maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Lakin hazır ki iş üzrə iddiaçı üzrlü səbəbdən xx.xx.2024-cü il tarixində işə gəlməməsinə baxmayaraq, cavabdeh tərəfindən intizam tənbehi xx.xx.2024-cü il tarixində yəni qanunvericilikdə icazə veriləndən daha sonra tətbiq edilmişdir Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Əfqan müəllimlə telefon danışığının olmasını desə də, lakin tarixi səhv xatırlamışdır. Onun Əfqan müəllimlə telefon danışığı həmin gündən əvvəlki növbədə olmuşdur. Hansı ki, həmin gün də halı yox idi və onun həmkarı onun bu vəziyyətini görərək Əfqan müəllimə zəng vurmuş və onun vəziyyəti barədə məlumat vermişdir. Lakin o, belə xatırlayır ki, xx.xx.2024-cü il tarixdə Əfqan müəllimə zəng vursa da sonuncu telefonu götürməmişdir. Verilən suallara cavab olaraq iddiaçı bildirdi ki, xx.xx.2024-cü il tarixdə işə çıxa bilməməsi barədə nə iş yoldaşına məlumat vermiş, nə də Əfqan müəllimlə danışa bilməmişdir. Orda iş şəraiti çox bərbat olmuşdur və bir qızdırıcı belə qoyulmamışdır. Bu səbəbdən də böyrək ağrısından əziyyət çəkmişdir. Həmin gün də vəziyyəti pis olduğuna görə işə gəlməyəcəyi barədə məlumat verə bilməmişdir. Lakin onun vəziyyəti barədə 2 gün əvvəl Əfqan müəllimdə məlumat olmuşdur. Bazar günləri mərkəz işləməmiş çox vaxt boş-boşuna işə getmişlər. İlin həmin vaxtında ümumiyyətlə qazanxana fəaliyyət göstərməmişdir.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatına bildirmişdir ki, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Respublika Reabilitasiya Mərkəzi”-nin qazanxanası bərbad vəziyyətdə olması onun sağlamlığına təsir göstərmiş və xəstə vəziyyətinə salmışdır. Nəticədə yalnız 1 gün xx.xx.2024-cü il tarixində xəstə olmağı ilə bağlı işə gedə bilməmişdir. Bununla bağlı tərəfindən şifahi şəkildə 3 dəfə telefon vasitəsi ilə Respublika X1 müdiri Əfqan müəllimə məlumat vermək istəsə də, telefon zəglərinə cavab verməmişdir. Lakin buna baxmayaraq xəstəliyi ucbatından yalnız 1 gün işə gəlməməyi nəzərə alınmamış, əsassız və qanunsuz şəkildə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. O, hətta işə başlamazdan bir gün əvvəl iş yoldaşı Gülağa adlı şəxsin yanında Respublika X1 müdüri Əfqan müəllimə zəng edərək, səhhəti ilə əlaqədar işə gələ bilməyəcəyini bildirmişdir. Hətta iş yoldaşı Gülağa da onun tər içində olduğunu, ümumiyyətlə səhhətinin pis olmasını Əfqan müəllimə bildirmişdir. Lakin Əfqan müəllim 15 dəqiqədən sonra onunla əlaqə saxlayacağını bildirsə də, geri zəng etməmişdir və telefon zənglərinə cavab verməmişdir. Ondan əvvəl növbədə olmalı olan iş yoldaşı da işdə olmamışdır. Belə olan halda həmin şəxsi də işdən çıxarmalı idilər, lakin Gülağanı işdən çıxarmamışlar. O, işində məsuliyyətli olmuş, oğurluq edən şəxsi tutub rəhbərliyə təhvil vermişdir. O, cavabdehin qanunsuz hərəkətləri barədə Əmək Müfəttişliyinə şikayət etsə də, şikayətinə baxılmamışdır. Onun izahatı da, alınmamışdır. xx.xx.2024-cü il tarixdə işə gəldikdə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyə getməyinii bildirdilər. Agentlikdə olan zaman səhhəti ilə bağlı işə gəlmədiyini bildirmiş, lakin dinləyən olmamışdır. Daha sonra isə ona işində olmağını bildirdilər və 1 ayda əlavə işlədib, daha sonra işdən çıxartdılar. İşdə olmadığı günün səhərisi Səfəralı adlı iş yoldaşıma zəng edərək, işdə olmadığı vaxt hər hansı bir problemin olub-olmadığını soruşmuş, Səfərəli isə işdə heç bir problemin olmadığını bildirmişdir.

5. Əlavə olaraq bildirir ki, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Respublika Reabilitasiya Mərkəzi”-nin qazanxanası bərbad vəziyyətdə olması mənim sağlamlığıma təsir göstərmiş və xəstə vəziyyətinə salmışdır. Belə ki, iş yerinin soyuq olmasına baxmayaraq, dəfələrlə müraciəti etsələr də, otağa qızdırıcı qoyulmamışdır. Nəticədə yalnız 1 gün xx.xx.2024-cü il tarixində xəstə olmağı ilə bağlı işə gedə bilməmişdir. Bununla bağlı tərəfindən şifahi şəkildə 3 dəfə telefon vasitəsi ilə Respublika X1 müdüri Əfqan müəllimə məlumat vermək istəsə də, telefon zəglərinə cavab verməmişdir.Lakin buna baxmayaraq xəstəliyi ucbatından yalnız 1 gün işə gəlməməyi nəzərə alınmamış, əsassız və qanunsuz şəkildə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. xx.xx.2024-cü il tarixli izahatı özü yazmamış, izahatı Mərkəzin Coşqun adlı əməkdaşı yazmışdır, o, isə oxumadan imzalamışdır. Özü latın əlifbası ilə nə yaza, nə də ki, oxuya bilmir. Komissiyanın iclasında Əfqan iştirak etmirdi. İcazəni Əfqan müəllimdən alırdılar, lakin bu günə kimi bir dəfə olsun icazə almamışdır.Son vaxtlar bazar günü iş olmadığına görə işə getmirdilər.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, əmr əsaslandırılmamışdır və bununla bağlı Ali Məhkəmədə formalaşmış məhkəmə təcrübəsi vardır.

7. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatlarında bildirmişdir ki, İddiaçı uzun müddət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qazanxana operatoru vəzifəsində çalışmışdır. İddiaçı xx.xx.2024-cü il tarixində xəstə olmağı ilə bağlı 1 gün işə gedə bilməmişdir. Bununla bağlı iddiaçı şifahi şəkildə telefon vasitəsi ilə Respublika Reabilitasiya Mərkəzinin rəhbərliyinə məlumat vermək istəsə də, bazar günü olduğundan heç kimlə əlaqə saxlaya bilməmişdir. Daha sonra əsassız və qanunsuz şəkildə, yəni 1 ay sonra xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı işdən azad olunmuşdur. Hətta əmrin məzmunu da əsassız şəkildə tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarından da görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin tələbləri baxımından işəgötürən həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı olduğu halda, mübahisələndirilən əmrdə ümumi olaraq “əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyi” göstərilmiş, konkret olaraq hansı öhdəliyi və funksiyanı yerinə yetirmədiyi qeyd olunmamış, yəni əmr qeyd olunan normanın tələbləri baxımından əsaslandırılmamışdır. Hazır ki iş üzrə də cavabdeh tərəfindən verilən xx.xx.2024-cü il tarixli əmr də iddiaçının hansı öhdəliklərini yerinə yetirmədiyi qeyd olunmamış, ümumi sözlərlə əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün əmək müqaviləsinə xitam verildiyi qeyd olunmuşdur. Hesab edirəm ki, işçinin 1 gün işə getməməsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması düzgün deyildir, iddiaçı barəsində başqa intizam tənbehi tətbiq edilə bilərdi. Bundan başqa iddiaçı qeyd olunan müəssəsədə 5 il yarımdan çox işlədiyi müddətdə işini tam peşəkarlıqla yerinə yetirmiş, işinə heç bir zaman gecikməmiş və ya üzrsüz səbəblərdən işə getməmişdir. Əlavə olaraq iddiaçı müəssəsədə işlədiyi müddət ərzində qanunla nəzərdə tutulan həftəlik istirahət günlərində və bayram günlərində heç bir əlavə ödəniş olunmadan işləmişdir. İddiaçının işinə belə məsuliyyətli və peşəkar yanaşmasına baxmayaraq onun əmək müqaviləsinə cavabdeh tərəfindən heç bir əsaslı səbəb olmadan qanunsuz şəkildə xitam verilmişdir. Müəssisədə hər gün iş olmuşdur.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və iddiaçının dedikləri ilə razılaşmayaraq bildirmişdir ki, mərkəzdə həmişə əlillər və reabilitasiya olunmalı şəxslər olmuşdur. Rəhbərliyin də narazılığı məhz ondan ibarət olmuşdur ki, belə bir məsuliyyətli vəzifəyə iddiaçı laqeyd yanaşmış və heç kimə məlumat vermədən işə gəlməmişdir. Həmin vaxt istənilən hadisə baş verə bilərdi və mərkəzin xarakteri nəzərə alındıqda ağır nəticələrə səbəb ola bilərdi. Bundan başqa barışıq üçün məhkəmə tərəfindən əlavə vaxt verilməsinə zərurət görmür, çünki bu barədə dəfələrlə rəhbərliklə söhbətləri olmuş və iddiaçının əmrinin dəyişdirilməsinə razılıq verilməmişdir.

9. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi izahatlarında bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, Respublika Reabilitasiya Mərkəzi yüksək təhlükə mənbəyi olan yerdə, yəni idiaçı qazanxana operatoru vəzifəsində işləməsinə baxmayaraq, heç kimə məlumat vermədən özbaşına iş yerini tərk etməsi, iş yerində olmaması kobud pozuntudur. İddiaçı işdən azad olunmamışdan əvvəl iddiaçının iştirakı ilə komissiyanın iclası keçirilmişdir. Özü də komissiyanın üzvü olmuşdur. İddiaçı iclasda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasını yox, öz ərizəsi ilə işdən azad olunmasını xahiş etmişdir. Bu barədə rəhbərliyə məruzə etsələr də, rəhbərlik tərəfindən iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasını bildirilmişdir. Hətta rəhbərlik onun mediasiya mərhələsində iştirak etməsinə icazə verməmişdir. Bundan başqa iş barədə daha ətraflı Əfqan müəllim izahat verə bilər. Məhkəmə baxış iclasında Əfqan şahid qismində məhkəmədə izahat verə bilər. Belə ki, işlə bağlı Əfqanın daha çox məlumatı vardır.

10. Cavabdehin nümayəndəsi iddiaya etirazında göstərir: İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika X1 və Təminat şöbəsində növbəli iş rejimi ilə qazanxana operatoru vəzifəsində çalışmışdır. İddiaçının əmək funksiyalarına əmək müqaviləsi ilə öhdəlik götürdüyü: Qazanların qızdırılması, işə salınması və dayandırılması və onlarnı su ilə qidalandırılması, qazanlarda suyun səviyyəsinə, buxar təzyiqinə və qızdırıcı sistemə verilən suyun temperaturuna nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən müşahidə, əsas aqreqatlara xidmət zonasında yerləşən istilik qovşağı boyler qurğularına və ya işlənmiş buxar stansiyasına xidmət, işlənmiş buxarın təmizlənməsi və suyun deaeriyası, Nasos mühərriki, hava dəyişdirici və digər köməkçi mexanizmlərin işə salınması və dayandırılması, armatur və qazan cihazlarının təmizlənməsi və xidmət olunan avadanlığın təmirində iştirak etmək aiddir. Növbəli iş rejimi cədvəlinə uyğun iş yerində olmalı olduğu xx.xx.2024-cü il tarixdə müəyyən edilmişdir ki, İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini pozmuş və bütün iş günü ərzində öz xidmət yerində olmamışdır. Bununla bağlı eyni tarixli akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı izahatı alınmışdır. Şəxs xidmət yerində olmadığını etiraf etmiş, xidmət yerində olmama səbəbini səhhəti ilə bağlı problemlərlə bağlı olduğunu izahatda qeyd etmiş, lakin bu halla bağlı heç bir zəruri sübut təqdim etməmiş və heç kimi bu barədə xəbərdar etməmişdir. Həmçinin iddiaçı özünü təqsirli bilmişdir. İddiaçı öz iddiası ilə açıq şəkildə bütün iş günü ərzində işdə olmadığını etiraf edir, o, işdə olmamasının üzürlü səbəbi (xəstəliyi vəs) barədə iş yerində heç kimə məlumat verməmişdir, işəgötürənə hər hansı rəsmi sənəd təqdim etməmişdir. İddiaçı barəsində verilmiş xx.xx.2024-cü il tarixli işdən azad edilmə əmri prosessual müddət çərçivəsində, müddət ötürülməməklə 1 ay ərzində verilmişdir. Belə ki, iddiaçının bütün iş günü ərzində işdə olmamağı xx.xx.2024-cü il tarixdə aşkar edilib aktlaşdırılıb, xx.xx.2024-cü il tarixdə izahatı alınıb və xx.xx.2024-cü il tarixində (bir aylıq müddət daxilində) əmri verilib. Əmək Məcəlləsinin 8-ci maddəsinin 2-ci hissəsinə əsasən müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. İddiaçının əmək müqaviləsinin 4.7-ci bəndində açıq-aydın yazılıb ki, işçinin işə başlama və bitmə vaxtı növbəlilik cədvəli əsasında müəyyən edilir. xx.xx.2024-cü il tarixi onun növbəli iş rejimi cədvəli üzrə iş günü olmuşdur. Əlavə olaraq İddiaçı işlədiyi müddətdə əvəllər də dəfələrlə əmək intizamını və vəzifə öhdəliklərinin icrasını pozmuş, buna görə də onun barəsində xx.xx.2022-ci il tarixli, **********1 nömrəli əmr ilə intizam tənbehi (töhmət) verilmiş və xx.xx.2023-cü il tarixli, 3-17- 4/3-2-1723/2023 nömrəli əmri ilə yazılı xəbərdarlıq edilmişdir.

11. Məhkəmə iclasında şahid qismində dindirilən X9 izahatında bildirmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə ona zəng vurmamışdır və onunla hər hansı formada danışığı olmamışdır. Lazım gələrsə telefon danışıqlarının çıxarılmasına etiraz etmir. Həqiqətən həmin vaxt istilik sistemi qoşulu olmamışdır, belə ki, istilik sistemi dövlətdə olduğu kimi noyabr ayının 15-i aktivləşir. Gecə vaxtı rəhbərlikdən ona zəng gəldi və əməkdaşın qazanxanada olmadığının daxili nəzarət tərəfindən aşkar edildiyi bildirildi və yerində müşahidə edib aktlaşdırmağı tapşırıldı. O isə gecə vaxtı iş yerinə getmiş və həqiqətən heç kimin olmadığını aşkar etmiş və səhərisi gün bu barədə AKT-tərtib etmişdir. Qazanxananın binası köməkçi tikilidir və o, eyni zamanda ərazidə yerləşən əlillərin yaşayış binasını da istiliklə təmin edir. Bundan başqa iddiaçının xx.xx.2024-cü il tarixdə ona zəng vurmasını xatırlamır və əgər belə bir hadisə olsaydı mütləq yadına gələrdi. xx.xx.2024-cü il tarixdə gecə vaxtı ona zəng vurulandan sonra məsələni araşdırmaq üçün iddiaçıya zəng vurmamışdır, düşünmüşdür ki, həmin məsələni sabah aydınlaşdırar. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar:

12. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə İddiaçı arasında bağlanan 25 sentyabr 2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, işçi Respublika Reabilitasiya Mərkəzinin Texniki şöbəsinin qazanxana operatoru vəzifəsinə müvəqqəti təyin edilmiş, işçinin xx.xx.2020-ci il tarixindən işə başlaması göstərilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən işçiyə aylıq vəzifə maaşı ştat cədvəlinə uyğun təyin edilir. 4.7-ci bəndinə əsasənişə başlama və bitmə vaxtı növbəlilik cədvəli əsasında müəyyən edilir.

13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron portalından olan İddiaçı əmək müqaviləsinin məzmununa dair çıxarışa görə aylıq əmək haqqı 800 manat, iş rejimi 6 günlük, iş vaxtı rejimi İ növbə saat 09:00dan-21:00-dək, nahar fasiləsi 12:00-14:00, İİ növbə saat 21:00-dan – 09:00-dək, nahar 00:00-02:00 olaraq müəyyən edilmişdir.

14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzinin qazanxana operatorlarının 2024-cü ilin oktyabr ayı üçün növbəlilik qrafikinə görə İddiaçı oktyabr ayının 20-si tarixində gecə növbəsində işə çıxmalıdır.

15. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə ünvanlana əmək müqaviləsinin ləğv edilməsinin razılaşdırılması haqqında xidməti məruzədə göstərilir: Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) Daxili nezaret, audit, monitorinq və təhlil departamenti tərəfindən Agentliyin tabeliyində olan qururilarda daxili nəzarət tədbirləri çərçivəsində əməkdaşların nizam-intizam qaydalarına riayət edilme məsələsi mütəmadi olaraq yoxlanılır ve monitorinq edilir. Belə ki, xx.xx.2024-cü il tarixində, saat 20:00 radələrində Agentliyin Respublika Reabilitasiya Mərkəzində (bundan sonra - Mərkəz) daxili nəzarət tədbirləri zamanı aparılmış növbəti monitorinq zamanı, həmin Mərkəzin Təsərrüfat və təminat şöbəsində qazanxana operatoru vəzifəsində çalışan İddiaçı iş yerində olmaması müəyyən edilmişdi. Aşkar olunmuş vəziyyətlə bağlı dərhal Mərkəzin məhsul şəxsləri ilə əlaqə saxlanılmış, İddiaçı iş yerinin tərk etməsi ilə bağlı heç bir icazə alınmaması müəyyən edilmiş və bu barədə müvafiq akt tərtib edilmişdi (akt əlavə olunur). Göstərilən faktın araşdırılması və qiymətləndirilməsi məqsədi ilə Vəliyev X3 Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinə dəvət olunmuş və ondan məsələ ilə bağlı yazılı izahat alınmışdır (izahat əlavə olunur). İddiaçı verdiyi yazılı İzahatı ilə səhhəti ilə əlaqədar rəhbərliyinə məluma vermədən iş yerini tərk etdiyini bildirmiş, yol verdiyi nöqsanları tam etiraf etmişdır (izahat əlavə olunur). Bu zaman, İddiaçı tərəfindən səhhətində yaranmış problemlərlə bağ heç bir tibbi sənəd təqdim edilməmişdir. İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirilməsi və Agentliyinin intizam, etik və davranış qaydalarının tələblərini dəfələrlə pozduğuna görə, xx.xx.2022-ci il tarixli, **********1 nömrəli əmr ilə intizam tənbehi (töhmət), 7 xx.xx.2023-cü il tarixli, 3-17-4/3-2-1723/2023 nömrəli əmri ilə yazılı xəbərdarlıq edilmişdir. Yuxarıda göstərilənlərlə və aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı ona tətbiq edilmiş intizam tənbehindən, eyni zamanda rəhbərlik tərəfindən onunla dəfələrlə aparılan profilaktik işlərdən heç bir nəticə çıxartmamış və ona həvalə olmuş əmək funksiyalarının vicdanla yerinə yetirilməsi istiqamətində pozuntu hallarına davam etmişdir. Bununla da, Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin, Daxili nəzarət və audit şöbəsi tərəfindən faktların araşdırılması və qiymətləndirilməsi nəticəsində Agentliyin Respublika X1 və təminat şöbəsində qazanıxana operatoru vəzifəsində çalışan İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin "a", "b" bəndlərinin tələblərinin pozulması, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməməsi müəyyən edilmişdir. Aparılmış araşdırmanın nəticələrini nəzərə alaraq, Agentliyin Respublika X1 və təminat şöbəsində qazanxana operatoru vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə münasibət bildirilməsi xahiş edilmişdir.

16. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli 3-17-4/3-2- 2223/2024 saylı əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika X1 və təminat şöbəsində qazanxana operatoru vəzifəsində çalışan İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün tutduğu vəzifədən azad edilməsi və onunla 2020-ci ilin 28 sentyabr tarixində bağlanmış əmək müqaviləsinə 2024cü ilin 21 noyabr tarixindən xitam verilməsi, İddiaçı son haqq hesabı və istifadə edilməmiş 9 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi və s. əmr edilmişdir.

17. İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədrinə yazılan xx.xx.2024-cü il tarixli izahatında göstərir: xx.xx.2019-cu ildən Respublika RM-də qazanxana operatoru vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixində səhhəti ilə əlaqədar xidməti yerini tərk etmiş, bunu rəhbər şəxsə bildirməmiş, səbəbi isə səhhətində olan problemlə əlaqədar olmuşdur. Baş vermiş halın bir daha olmayacağına və işini vicdanla yerinə yetirəcəyinə söz verir.

18. Respulika X1 və təminat şöbəsinin müdiri X9, anbardarı X10, təsərrüfat bacısı X5 tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, həmin mərkəzin təsərrüfat - təminat şöbəsinin qazanxana operatoru vəzifəsində çalışan İddiaçı 20 oktyabr 2024-cü il tarixində saat 21:00 radələrində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 nəzarət, audit, monitorinq və təhlil departamentinin əməkdaşlar tərəfindən aparılmış yoxlama nəticəsində yerində olmadığı müəyyən edilmişdir. Aparılan araşdırmalar nəticəsində təsdiqlənmiş aylıq tabeldəki növbəsinə əsasən İddiaçı xidmət yerində olmadığı məlum olmuş və bu barədə heç kəsə məlumat verməmişdir.

19. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika X1 və təminat şöbəsinin müdiri X9 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədrinə ünvanlanan izahatda göstərilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika X1 və təminat şöbəsində qazanxana operatoru vəzifəsində çalışan İddiaçı 2024-cü ilin oktyabr ayının 20-dən 21-nə keçən gün nöbəsinə və xidməti fəaliyyət yerinə gəlməmiş, bu barədə ona nə şifahi, nə də, yazılı məlumat verməmişdir.

20. Azərbaycan Dövlət İdarələri və İtimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X7 Komitəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika X1 və təminat şöbəsində qazanxana operatoru vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi məsələsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X7 Komitəsinin üzvlərinin iştirakı ilə müzakirə edilmişdir. Təqdim edilən xidməti məruzəyə əsasən Agentliyin Respublika X1 və təminat şöbəsinin qazanxana operatoru vəzifəsində çalışan İddiaçı əmək vəzifəsini kobud şəkildə pozması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasan xitam verilməsinə etiraz etməmişdir.

21. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı və S.Qədimova intizam tənbehinin verilməsi haqqında xx.xx.2022-ci il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin b bəndinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin intizam, etik və davranış qaydalarının tələblərinin pozulmasına görə Dövlət Tibbi –Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olan Respublika Reabilitasiya Mərkəzinin texniki şöbəsinin qazanxana operatorları İddiaçı və X6 töhmət verilməsi əmr edilmişdir.

22. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı xəbərdarlıq edilməsi haqqında xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, daxili nizam-intizam və ektik davranış qaydalarını kobud şəkildə pozduğu üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika X1 və təminat şöbəsində qazanxana operatoru vəzifəsində çalışan İddiaçı xəbərdarlıq edilməsi əmr edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

23. İddiaçı xx.xx.2020-ci il tarixdən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qazanxana operatoru vəzifəsində çalışmış və onun əmək müqaviləsi üzrə vəzifəsi qazanları qızdırmaq, işə salmaq, dayandırmaq və onları su ilə qidalandırmaq, qazanları suyun səviyyəsinə, buxar təzyiqinə və qızdırıcı sistemə verilən suyun temperaturuna nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən müşahidə, əsas aqreqatlara xidmət zonasında yerləşən istilik qovşağı boyler qurğularına və ya işlənmiş buxar stansiyasına xidmət, işlənmiş buxarın təmizlənməsi və suyun dearasiyası, nasos mühərriki, hava dəyişdirici və digər köməkçi mexanizmlərin işə salınması və dayandırılması, armatur və qazan cihazlarının təmizlənməsi, xidmət olunan avadanlığın təmirində iştirak etmək olmuşdur.

24. Növbəlilik üzrə iş rejiminə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdə 21:00-dan 09:00-a dək iş vaxtı olmuşdur. Lakin İddiaçı həmin iş növbəsinə gəlməmişdir. Bunu Agentliyin daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin əməkdaşları yoxlama zamanı müəyyən etmişlər. İşçinin işə çıxmaması barədə şöbənin müdirinin məlumatı olmamışdır.

25. xx.xx.2024-cü il tarixdə onun sözləri ilə yazılmış izahat İddiaçı tərəfindən imzalanmışdır. İddiaçı səhhətində olan problemə görə xx.xx.2024-cü il tarixdə işə çıxmadığını etiraf edir.

26. İşçi ilə əmək müqaviləsinə xitam verilməsinin razılaşdırılması barədə Agentliyin idarə heyətinin sədr müavini tərəfindən AR-nın Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə xidməti məruzə edilmiş, sonuncunun və AR-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X7 Komitəsinin razılığına əsasən işçi ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

27. Bu barədə Agentliyin sədr müavini tərəfindən xx.xx.2024-cü il tarixdə əmr verilmişdir. ƏMR belə əsaslandırılmışdır ki, Agentliyin Təsərrüfat və təminat şöbəsində qazanxana operatoru vəzifəsində çalışan İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməlidir.

28. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız olduğunu iddia edir və tələbini belə əsaslandırır ki, səhhətində qəflətən pisləşmə nəticəsində işə çıxa bilməmişdir, bu barədə şöbə müdirinə şifahi məlumat versə də sonuncu ona geri dönüş etməmişdir. Məhkəmə iclaslarında isə bildirmişdir ki, şöbə müdirinə zəng vursa da, sonuncu telefonu açmamışdır. Bundan əlavə son vaxtlar həftənin bazar günləri işə çıxmağa zərurət olmamışdır, çünki qazanxana ilin həmin fəslində işləməmişdir. Eyni zamanda onun səhhətində olan pisləşmə iş şəraitindən qaynaqlanmışdır. Bundan başqa işlədiyi dövrdə hər hansı nöqsanlara yol verməmiş və bu hadisəyə görə ən ağır intizam tənbehi seçilməsi qanunsuz olmuşdur. İddiaçının nümayəndəsi isə əmrin kifayət qədər əsaslandırılmamasına və işçinin işdə olmamasının işəgötürənin qanunla qorunan mənafelərinə ziyan vurmadığına görə əmri qanunsuz hesab edir. Eyni zamanda intizam tənbehi verilməsi ilə bağlı müddət ötürülmüşdür.

29. Cavabdeh isə iddiaçının tələbinin dəlillərinə etiraz olaraq bildirir ki, işçi işə çıxmaması barədə heç kimə məlumat verməmiş və xəstəliyi ilə əlaqədar hər hansı sənəd təqdim etməmişdir. Bundan başqa həmin vaxt istilik sistemi aktiv olmasa da, qazanxana yüksək təhlükə mənbəyidir və daimi nəzarət tələb edir. Bundan başqa işçinin də məlumatı olduğu kimi müəyyən edilmiş iş rejimi vardır və qazaxananın həmin vaxt işlək olmaması işçiyə özbaşına işə gəlməməsinə əsas vermir. Bundan əlavə işçiyə buna qədər bir neçə dəfə də intizam tənbehi tətbiq edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

30. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

31. 10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; əmək qanunvericiliyinin tələblərinə əməl etmək və.s işçinin əmək müqaviləsi üzrə əsas vəzifələrinə aiddir.

32. 68.1-ci maddəsinə əsasən Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

33. 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir.

34. 71.2 2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

35. 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

36. 72-ci maddəsinin a bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

37. 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

38. 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

39. 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

40. 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

41. 84.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

42. 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhbət vermək, b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; d) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

43. 186.3 İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

44. 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

45. 187.2 İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

46. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

47. Məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə iddiaçının tələbinin hüquqi əsasını Əmək Məcəlləsinin 300.1-ci maddəsi təşkil edir. Hansı ki, həmin normaya əsasən məhkəmə işəgötürənin əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozub-pozmadığını, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırıbəsaslandırmadığını, işçi ilə bağlanan əmək müqaviləsinə xitam verilməsinin qadağan edilib-edilmədiyini yoxlayır.

48. İşin mübahisəsiz halı kimi müəyyən edilir ki, işçi növbəlilik üzrə xx.xx.2024ci il tarixdə 21:00-dan növbəti gün 09:00-dək işdə olmalı olduğu halda işə çıxmamışdır. İşçi işə çıxmamasının üzrlü səbəbləri barədə hər hansı sübut təqdim etməmiş, şöbə müdirinə məlumat verməsi barədə iddia ərizəsində göstərdiyi dəlillərini isə şahidin dindirilməsi zamanı təqzib etmişdir. Bununla yanaşı bazar günlərində işə çıxılmasına, qazanxananın işləmədiyi dövrdə hər hansı əmək funksiyasının icra edilməsinə zərurət olmadığı, iş yerinin soyuq olmasına görə(işəgötürən tərəfindən qızdırıcı qoyulmamasından narazı şəkildə) gecə qalmağın mümkün olmadığı, səhərisi gün işi təhvil almağa gələn növbə yoldaşından gecə hər hansı problem olmadığını soruşması barədə fikirləri məhkəmədə onun əmək müqaviləsi üzrə vəzifələrinin icrasına vicdanla yanaşmadığı barədə qənaət formalaşdırmışdır. Bundan əlavə iddiaçı avadanlıqlara xüsusi nəzarətin tələb edildiyini bildiyi halda ən azından növbə yoldaşını və ya digər əməkdaşları işə gəlməyəcəyi barədə məlumatlandırmamış, iş növbəsinin başqa əməkdaşla yerdəyişməsinə cəhd etməmişdir. Nəticə etibarı ilə işçi qazanxana kimi yüksək təhlükə mənbəyinin operatoru kimi əməyin mühafizəsi qaydalarına etinasız yanaşaraq əmək və icra intizamının normal ahəngini pozmuşdur.

49. Əmrin əsaslandırılmaması və əmrdə kobud pozuntunun nədən ibarət olmasının göstərilməməsi barədə iddiaçının dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, əmrdə Əmək Məcəlləsinin 84.1-ci maddəsində nəzərdə tutulan məlumatlar göstərilmiş və işçiyə işdən azad edilməsinin səbəbi məlum olmuşdur. Belə ki, bununla bağlı komissiya təşkil edilmiş, işçinin, şöbə müdirinin izahatı alınmışdır.

50. Bundan əlavə işəgötürən əmək müqaviləsinə xitam verilməsi qaydalarına riayət etmiş, yəni həmkərlar ittifaqının razılığını almış və intizam tənbehi verilməsi qaydalarına uyğun olaraq əmək və ya icra intizamının pozulduğunu aşkar etdiyi gündən bir ay keçənədək intizam tənbehi vermişdir. Tətbiq edilən prosessual normalar:

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

52. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

53. 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

54. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

55. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı İnqlab oğlunun Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir.

56. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddiaçı İnqlab oğlunun Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar