Məhkəmə qərarları › İş №e-2(001)-1684/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1684/2023

12.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1684/2023 12.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 12 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64,7 kv.metr olan mənzil 20 aprel 2012-ci il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. İddiaçının oğlu X4 ilə Cavabdeh 27 aprel 2004-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, ailə qurduqdan sonra iddiaçıya məxsus, yuxarıda göstərilən evdə yaşamışlar. Sonradan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 2(001)-1598/2020 saylı qətnaməsi əsasında X4 ilə Cavabdeh arasındakı nikah pozulmuş, tərəflərin birgə nikahdan olan 07 mart 2005-ci il təvəllüdlü X9 adlı uşaqlarının atası X2, 02 mart 2007-ci il təvəllüdlü X3 adlı uşaqlarının isə anası Cavabdeh yanında saxlanmaları qərara alınmışdır. İddia tələbi: Hazırda iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətindəki yuxarıda göstərilən mənzildən cavabdehin istifadə hüququnun olmamasının müəyyən edilməsi və cavabdehin həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsası: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının keçmiş gəlinidir. İddiaçının oğlu ilə cavabdeh arasında nikah pozulduqdan sonra iddiaçının oğlu öz mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, 18a saylı evin 74 saylı mənzilini oğlu X6 bağışlamışdır. İddiaçının oğlu ilə cavabdeh arasındakı nikah pozulmasına baxmayaraq, cavabdeh iddiaçıya məxsus evdən çıxmır. Cavabdeh iddiaçıya münasibətdə ailə üzvü olmamaqla iddiaçıya məxsus evdə yaşaması iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozmaqdadır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamış, habelə iddiaya öz yazılı münasibətini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almaqla, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, iddiaçının oğludur, cavabdeh onun keçmiş arvadıdır. Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, 18a saylı evin 74 saylı mənzili onun mülkiyyətində olmuşdur. Sonradan o, həmin mənzili oğlu Əliyə bağışlamışdır. Hazırda o növbəti dəfə ailə qurmuşdur. O, cavabdehə dəfələrlə oğluna bağışladığı evə köçmələrini təklif etsə də, cavabdeh iddiaçıya məxsus, onların yaşadıqları evdən çıxmır. Tədqiq edilən sübutlar: Mülki iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarış, OM seriyalı, ******* nömrəli Qeydiyyat vəsiqəsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 2(001)-1598/2020 saylı qətnaməsi sübut kimi qəbul edilərək, tədqiq edilmişdir. Habelə, məhkəməyə təqdim edilmiş digər çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, 18a saylı evin 74 saylı mənzili 05 may 2022-ci il tarixdə X5 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasının: - 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında hüquq münasibətləri 01 sentyabr 2000-ci il tarixdən sonra, yəni, 2004-cü ildə yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Lakin məhkəməyə belə bir razılaşmanın mövcudluğu barədə hər hansı bir sübut təqdim olunmamışdır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia predmeti olan mənzil iddiaçının mülkiyyətində olduğundan, mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair heç bir sübut, habelə cavabdehlə iddiaçı arasında ailə münasibətləri (gəlin-qaynata) mövcud olmadığından onunla cavabdehin iddiaçının mənzilində yaşaması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Buna görə də, cavabdeh həmin mənzildən çıxarılmalı, beləliklə iddia bu hissədə təmin edilməlidir. İddia tələbinin cavabdehin həmin mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, qanunvericiliyə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur və bu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli qərarında da öz əksini tapmışdır. Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur” Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbində məhz istifadə hüququnun olmamasının müəyyən edilməsi ilk növbədə iddiaçı üçün hansı hüquqi nəticələr doğuracağını əsaslandırdığı halda, bu hüququn olub olmamasına xüsusi icraat qaydasında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun12 aprel 2019-cu il tarixli Qərarının 1.2-ci bəndində qeyd olunmuşdur ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməli, iddiaçıya bu tələblə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.2-ci maddəsinin tələblərinə uyğun olaraq xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 179 saylı evin 35 saylı mənzilindən çıxarılsın. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar