Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1692/2024 07.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh təcili pul lazım olduğundan bankdan pul götürmək istəyirdi və iddiaçıdan xahiş etdi ki, onunla banka gedib və ona zamin olsun. Dost münasibətləri olduğu üçün iddiaçı imtina edə bilmədi. Beləliklə də, iddiaçı Cavabdeh ilə ABB ASC-nin Sabunçu filialına getdilər və bankla cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 212RZL********** nömrəli müqavilə baglandı. İddiaçı da zaminlik müqaviləsinə imza etdi. Bank tərəfindən cavabdehə 16000 manat nağd kredit verildi. Bir müddət keçənnən sonra bankdan iddiaçıya zəng gəldi ki, banka olan borc ödənilmir. İddiaçı dərhal cavabdehlə əlaqə saxlamaq məcburiyyətində qaldı, lakin onu tapa bilmədi. Məcbur olub cavabdeh tərəfindən ödənilməyən qalan borcu özü ödədi. Fəhləlik edib min bir əziyyətlə pul qazanaraq, cavabdehin banka olan borcunu ödəsə də, cavabdeh iddiaçının pulunu könüllü şəkildə qaytarmaq istəmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, BPM**********66 saylı Kredit müqaviləsi bağlanmış, sonuncuya 48 ay müddətinə, illik 24% ödəmək şərtilə 16000 manat kredit verilmiş, İddiaçı isə həmin tarixli Zaminlik müqaviləsinə əsasən Cavabdeh bank qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi üçün bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıdığını qəbul etmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... Bankın Sabunçu filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 212RZL********** saylı müqavilə üzrə İddiaçı tərəfindən aşağıda qeyd edilən miqdarlarda məbləğlər ödənilmiş və sonuncu tərəfindən xx.xx.2023-cü ii tarixdə kredit borcu tam bağlanılaraq müqaviləyə xitam verilmişdir.
1. ******************** saylı hesabından tutulmuşdur - 5702,04 manat;
2. ******************** saylı hesabından tutulmuşdur - 3116,60 manat; 3.Nağd olaraq mədaxil edilmişdir - 6440 manat. Cəmi: 15258,64 manat”. Qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 475.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Bu maddədə işlədilən “həmin öhdəlik üzrə hüquqlar” ifadəsi ilə hazırkı işdə kredit müqaviləsi üzrə bankın hüquqları nəzərdə tutulur. Ona görə də, zamin (İddiaçı) icra sənədi üzrə ödədiyi pulun ona qaytarılması üçün borcluya (Cavabdeh) qarşı reqres tələb irəli sürməsi və Mülki Məcəllədə nəzərdə tutulan digər hüquqlarından istifadə etməsi qanuni və əsaslıdır. İddia ərizəsindən göründüyü kimi, iddiaçı cavabdehdən 11000 manat məbləğində pul tələb edir və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəmənin sorğusuna əsasən göndərilmiş sənədlərdən onun tərəfindən tələb olunan məbləğdən artıq məbləğin ödənilməsi müəyyən edilsə də, məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş tələblər çərçivəsində işə baxmaq məcburiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, 11000 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi təmin edilsin. 11000 (on bir min) manat məbləğində pul və 124 (yüz iyirmi dörd) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Nigar Nəbizadə