Məhkəmə qərarları › İş №e-2(001)-173/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-173/2025

18.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-173/2025 18.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi X11 oğlunun katibliyi Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın naturada ayrılması” tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı, Cavabdeh1 və Cavabdeh2 arasında paylarına uyğun olaraq bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 13 sentyabr 2018-ci il tarixli vəsiyyətnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək sonuncuya məxsus olan bütün əmlak X5 vəsiyyət edilmişdir. 21 sentyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında 2V-82 saylı şəhadətnamə ilə X2 vərəsəsi X3miras əmlakdan 1/6 hissədə pay almışdır. 21 sentyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında 2V-81 saylı şəhadətnamə ilə X2 vərəsəsinəvəsi X6miras əmlakdan 1/2 hissədə pay almışdır. 21 sentyabr 2021-ci il tarixli miras payın bağışlanma müqaviləsi ilə X3 vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X1 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ona düşən vərəsəlik pay hüququnu ölənin vərəsə sırasında olan nəvəsi X5 bağışlamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsiev 41 ünvanında yerləşən fərdi mənzilin çıxarışına əsasən sözügedən mənzildə X6 2/3 hissə, Cavabdeh1 1/6 hissə, Cavabdeh2 1/6 hissə payçıdır. Buna görə də ünvan 4 ünvanında yerləşən fərdi mənzilin payçılar- İddiaçı, Cavabdeh2 və Cavabdeh1 arasında naturada bölünməsizərurəti yaranmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, iclasın iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, ekspert tərəfindən təqdim olunan rəy obyektiv həqiqəti əks etdirmir. Belə ki, hər iki tərəf həmin həyətyanı sahədə əlavə tikililərin olmadığını təkidlə bildirirlər. Orada sırf texniki pasporta uyğun tikililər var. Odur ki, iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə zərurət vardır.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, evin özündə hal-hazırda yaşayış var. Özünündə, cavabdeh olan bacısının da, iddiaçının özünün də, evə ayrı giriş-çıxışları vardır. İddiaçının özünün ayrı evi belə var. Evin yerləşdiyi torpaq dövlət torpağı olsa da, iddiaçı torpaq sahəsi barədə də, sənədləşmə aparmışdır. Egər torpaq da, miras əmlak sayılacaqsa, üçü arasında bölünməlidir. Əslində iddiaçı tərəflə razılığa cəhd etsələr də, bu mümkün olmamışdır. İddiaçının payının dəyərini ödəmək üçün maddi imkanı olmasa da, onun payının dəyəri ödənəcəyi təqdirdə evdən çıxa bilər.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, hazırda həmin evdə yaşayır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə X4 2/3 hissədə payı xx.xx.2021-ci il tarixində, Cavabdeh1 1/6 hissədə payı xx.xx.2021-ci il tarixində, Cavabdeh2 1/6 hissədə payı xx.xx.2021-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2024-cü il tarixli, 10/4602 saylı ekspert (Elməddin Aslanlı) rəyində göstərilir: ünvan 6 ünvanında yerləşən tədqiq olunan həyətyanı torpaq sahəsində tikililərin yerləşmə vəziyyətini, otaqların yerləşmə vəziyyətini, köməkçi tikililərin sayını, həyətyanı sahədə texniki pasportda öz əksini tapmayan köməkçi tikililərin inşa olunduğunu, bəzi otaqların arakəsmələrlə bölündüyünü, mülkiyyətçinin payına düşən sahəni, həmin paya uyğun yaşayış və köməkçi sahələrin mövcud olmadığını, torpaq sahələrinə giriş çıxışın qonşu sahədən təmin olunduğunu nəzərə alaraq, İddiaçı (2/3 hissədə), Cavabdeh1 (1/6 hissədə) və Cavabdeh2 (1/6 hissədə) payının naturada ayrılmasının AZDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları”-nın 5.2, 5.5, 5.6, 5.7 və 5.8-ci bəndlərində göstərilənlərə və “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işləni hazırlanması” metodikasının tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olundu.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2025-ci il tarixli, 10/10250 saylı ekspert (Təhmasib Kərimov) rəyində göstərilir: ünvan 6 ünvanında yerləşən tədqiq olunan həyətyanı torpaq sahəsində tikililərin yerləşmə vəziyyətini,paylara uyğun şəkildə yaşayış sahələrinin və köməkçi sahələrinin mövcud olmadığını və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin bir istiqamətdən yola çıxışının olmasını (texniki pasportda qonşu kimi qeyd olunan sahədən istifadə etməklə) nəzərə alınaraq, həmin ünvanda yerləşən fərdi yaşayış evinin iddiaçı X4 (2/3 hissədə), cavabdehlər Cavabdeh1 (1/6 hissədə) və Cavabdeh2 (1/6 hissədə) payına uyun formada naturada təcrid şəklində bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatınn dəyəri 100 manatdır.

10. 29.01.2024-cü il tarixli mədaxil qəbzlərinin surətindən görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 100 manat məbləğində rüsum ödəmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

11. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, hazırda iddiaçı 2/3 hissədə payına uyğun olaraq qeyd edilən əmlakın ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölünməsini xahiş edir. Cavabdehlərin isə fərdi yaşayış evinə 1/6 hissədə payları dövlət qeydiyyatına alınmışdır.

12. İddiaçının iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 220.3-cü maddəsi təşkil edir.

13. Mübahisənin obyektiv həlli üçün məhkəmə tərəfindən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin naturda bölgüsünun mümkünlüyünün müəyyən edilməsi məqsədilə iki dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, verilən rəylərlə əmlakın iddiaçı X4 (2/3 hissədə), cavabdehlər Cavabdeh1 (1/6 hissədə) və Cavabdeh2 (1/6 hissədə) payına uyun formada naturada təcrid şəklində bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

15. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. 213.1 və 213.2-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

17. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

18. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

19. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə xx.xx.2024-cü il tarixli Qərardadında qeyd edilmişdir ki, Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221ci maddəsi ilə tənzimlənir.

21. Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həmmüllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur.

22. Mülki Məcəllənin 220-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarındakı izahlardan müəyyən olunur ki, ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması aşağıdakı üç mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması; 2) kompensasiya (payın dəyəri) ödənilməsi; 3) əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi.

23. Bu tələblər üzrə hər növbəti mərhələnin yoxlanılmasına özündən əvvəlki mərhələnin tətbiqi mümkün olmadığı halda yol verilir. Yəni əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Bu qaydalara əsasən əvvəlki iki mərhələnin tətbiqi mümkün olmadığı halda isə əşya məhkəmə qərarı ilə açıq hərracdan satıla və əldə olunan vəsait paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülə bilər.

24. Birinci mərhələ üzrə məhkəmə tərəfindən ilk növbədə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olub-olmadığı, ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlib-gəlmədiyi istiqamətində araşdırma aparılmalıdır. Əşyanın xüsusiyyətləri nəzərə alınmaqla onun naturada bölgüsünün aşkar surətdə mümkünsüzlüyü halında məhkəmə hər hansı əlavə araşdırma aparmadan bu mərhələnin yoxlanılmasını yekunlaşdırmaqla, iddiaçının istəyinə uyğun olaraq ikinci mərhələyə keçid etməlidir.

25. Naturada ayrılma mümkün olmadıqda ikinci mərhələnin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 4 aprel tarixli qərarında göstərilmişdir ki, ...mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil.

26. Göründüyü kimi, payın naturada ayrılması mümkün olmadıqda ikinci mərhələ üzrə məhkəmə araşdırmasının aparılması iddiaçının iradəsindən asılı olmaqla, yalnız o, digər mülkiyyətçilərdən payının dəyəri kimi ona kompensasiyanın ödənilməsini tələb etdiyi halda mümkündür. İddiaçı payının dəyəri kimi kompensasiya ödənilməsini tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla ümumi mülkiyyətdən payın naturada ayrılması barədə iddiası rədd olunmalı və ona gələcəkdə ikinci mərhələdən başlanmaqla müvafiq ardıcıllıq üzrə iddia qaldırmaq hüququ izah edilməlidir.

27. İşin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.044180 ha torpaq sahəsi tərəflərin paylı mülkiyyətindədir. İddiaçı isə paylı mülkiyyətdə olan əşyadan payının natura formasında ayrılmasını tələb edir. Lakin aparılmış ekspertiza tədqiqatlarının nəticəsindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin tərəflər arasında 3 ayrı formada bölünməsi texniki cəhətdən mümkün deyildir.

28. Odur ki, payın naturada ayrılması mümkün olmadığından və iddiaçının digər mülkiyyətçilərdən payının dəyəri kimi ona kompensasiya ödənilməsi barədə tələbi olmadığından məhkəmə hesab edir ki, məhkəmə araşdırması yekunlaşdırılmaqla ümumi mülkiyyətdən payın naturada ayrılması barədə iddia rədd olunmalı və iddiaçıya gələcəkdə ikinci mərhələdən başlanmaqla müvafiq ardıcıllıq üzrə iddia vermək hüququnun olması izah edilməlidir. Tətbiq edilən prosessual normalar:

29. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

30. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

31. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

32. 119.1-ci məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

33. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

34. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın naturada ayrılması” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

35. İş üzrə təkrar keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payın naturada ayrılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Təkrar keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar