Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1775/2023 21.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, ərazinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, ərazinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 275/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, ərazinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-7473/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı Binəqədi qəsəbə bələdiyyəsinin 20 may 2004-cü il tarixli 889 saylı sərancamına əsasən alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmiş və Bakı şəhəri Binəqədi qəsəbəsində yerləşən 1 ha torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə iddia ərizəsinin məhkəmə aidiyyətinin müəyyən olunması üçün 2-2(113)-7473/2022 saylı kommersiya işi Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin xx.xx.2023-cü il tarixli, e-2-2(102)-91/2023 saylı qərarı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, ərazinin əvvəlki vəziyyətə qaytarılması”na dair mübahisə məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, “ ... “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015- ci il 10 aprel tarixli, 4 saylı Qərarının 13cü bəndinə əsasən, nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 14-cü bəndinə görə isə, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. Həmin qərarın 15.4-cü bəndində isə göstərilir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə olan təqdirdə hazırki işlə əlaqədar verilmiş iddia ərizəsi ilə bağlı məsələ, qeyd olunan qərarın 15.4-cü bəndinin tələbləri nəzərə alınmaqla Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə qaytarılmalı və MPM-in normalarının tələblərinə uyğun olaraq müəyyənləşdirilən qaydalara riayət edilməlidir. Belə ki, MPM-in 153-cü maddəsinə görə, işə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir, ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və qərardadda iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını göstərməlidir (MPM-in 153.2.1, 153.3-cü maddələri). MPM-in 261-ci maddəsinə əsasən, hakim iş üzrə icraata işin məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə xitam verir.”. Mülki Prosessual Məcəllənin 262-ci maddəsinə müvafiq olaraq, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. ... İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, ərazinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsin əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, ərazinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-1775/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1775/2023
21.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver